Bakıda Küveytin Milli Günü qeyd olunub (FOTO)

20:45 23.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu gün Bakıda Küveyt dövlətinin 63-cü Milli Günü və 33-cü Qurtuluş Gününün ildönümü münasibətilə tədbir keçirib.

Hafta.az-ın yazdığına görə, dövlət və hökumət nümayəndələrinin, millət vəkillərinin, diplomatik korpusun və ictimaiyyət təmsilçilərinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycanın və Küveytin Dövlət himnləri səsləndirilib.

Sonra çıxış edən Küveytin ölkəmizdəki səfiri Abdullah Məhəmməd Abdullah əl-Mauidi ölkələrimiz arasında sıx dostluq münasibətlərinin mövcud olduğunu deyib. Bildirib ki, Küveytlə Azərbaycan arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə mövcud olan yüksək səviyyəli əlaqələrdən məmnunluğumu ifadə etməkdən şərəf duyur. "Biz, həmçinin bu il iki dost ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik", - diplomat əlavə edib.

Siyasi əlaqələrdən bəhs edən səfir bildirib ki, Küveytlə Azərbaycan arasında beynəlxalq arenada bir çox məsələlərdə, o cümlədən müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində namizədliklərin qarşılıqlı dəstəklənməsi barədə sıx əməkdaşlıq və əlaqələndirmə mövcuddur.

“Küveytlə Azərbaycan arasında parlamentlərarası əlaqələrdən danışarkən vurğulamaq istərdim ki, hər iki ölkənin parlamentində dostluq qrupları fəaliyyət göstərir və müxtəlif parlament təsisatlarında onlar arasında davamlı əlaqə mövcuddur. Bu günə qədər tərəflər arasında müxtəlif qarşılıqlı səfərlər həyata keçirilib. Həmçinin bu il Azərbaycan Milli Məclisi sədrinin də Küveytə səfəri planlaşdırılır. Bütün bunlar iki ölkə arasında dərin əlaqələrin mövcudluğunu bir daha sübut edir", - deyə o vurğulayıb.

Səfir qeyd edib ki, Küveytdən Azərbaycana turist axını böyük sürətlə artıb. Belə ki, 2023-cü ildə Azərbaycana gələn küveytli turistlərin sayı keçən ilə nisbətən artaraq 30 min nəfərə yaxın olub.

Bu artımda ölkələrimiz arasında müntəzəm birbaşa aviareyslərin həyata keçirilməsinin də böyük rolu var.

Azərbaycan dövləti adından təbrik çıxışı edən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Küveytin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hər zaman dəstəklədiyini vurğulayıb, münasibətlərimizin qarşılıqlı inama və etibara əsaslandığını qeyd edib.

O bildirib ki, Azərbaycan-Küveyt dostluğu tarixi və mədəni köklərə söykənir. İki ölkə arasında iqtisadi, siyasi, mədəni sahələrdə əlaqələr yüksək səviyyədədir.

"Azərbaycanla Küveyt arasında həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlıq əlaqələri var. Beynəlxalq təşkilatlar çərçivəsində də münasibətlərimizi uğurla davam etdiririk", - deyə Y.Rəfiyev əlavə edib.

Tədbir qeyri-rəsmi müstəvidə davam edib.

Oxunma sayı 537
Siyasət rubrikasından digər xəbərlər