Sudan "dünyanın ən pis böhranlarından birini" yaşayır - MSF

10:33 21.06.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Sərhədsiz Həkimlər Təşkilatının (MSF) prezidenti Kristos Kristou Sudanda bir ildən artıqdır davam edən müharibəyə toxunaraq, bu ölkənin "dünyanın onilliklər ərzində gördüyü ən pis böhranlardan birini" yaşadığını söyləyib.

Hafta.az-ın yazdığına görə, MSF-nin X hesabında edilən açıqlamada deyilir ki, Sudana göstərilən humanitar yardımlar təəssüf ki, kifayət deyil və əlavə tədbirlər görülməlidir.

2023-cü ilin aprel ayının ortalarından bəri Sudanda 8,8 milyondan çox insan evini tərk edib.

Ərzaq əlçatanlığı məcburi köçkünlər üçün prioritet ehtiyac olaraq qalır, xüsusən də Darfur və Kordofan bölgələrində.

Ötən il aprelin 15-dən Sudanda Əbdülfəttah əl-Burhanın rəhbərlik etdiyi Sudan Ordusu ilə Məhəmməd Həmdan Daklunun (Hamideti) rəhbərlik etdiyi HDK arasında dərin humanitar böhrana səbəb olan qanlı müharibə gedir.

Beynəlxalq yardım təşkilatının saytında yayımlanan qısa videoda deyilir: “Ölkədə yaşanan iztirablar rekord səviyyədədir və ehtiyaclar günü-gündən artır”.

Videoda aşağıdakı ifadə davam edir: “Sudanda humanitar yardım qruplarının və materiallarının bilərəkdən münaqişə zonalarına çatmasına icazə verilmir”.

MSF, Xartumun cənubundakı Omdurmanda MSF tərəfindən dəstəklənən en-Nu xəstəxanasının vurulduğunu bildirib. MSF-dən verilən açıqlamada, “Çərşənbə günü şəhər ətrafında şiddətli bombardman zamanı xəstəxana bombalanıb. Bir yerli könüllü də daxil olmaqla 3 nəfər həlak olub, 27 nəfər yaralanıb” deyilir.

BMT ekspertlərinin fikrincə, müharibə təkcə Qərbi Darfur əyalətinin inzibati mərkəzi Əl-Cüneynədə on minlərlə insanın ölümünə səbəb olub. Bununla belə, ABŞ-ın Sudan üzrə xüsusi nümayəndəsi Tom Perriellonun sözlərinə görə, ölənlərin sayı qeyri-müəyyən olaraq qalır, bəzi hesablamalara görə, bu rəqəm 150 minə çatır.

BMT-nin statistikasına görə, münaqişə başlayandan bəri Sudanda təqribən 10 milyon insan öz yerindən edilib, onlar ölkə daxilində və xaricə miqrasiya ediblər. Ölkənin infrastrukturu böyük ölçüdə məhv edilib və əhali aclıq təhlükəsi ilə üzləşib.

Oxunma sayı 364