Nikah müqaviləsi – icbari olmasına ehtiyac varmı?

10:37 26.06.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bəzi ekspertlər hesab edirlər ki, bu addım boşanmaların sayını azalda bilər

Son illər Azərbaycanda boşanmaların sayı artıb. Mütəxəssislər bunun səbəbini tərəflərin məsuliyyət hissinin aşağı olmasında, çətinlikləri birlikdə aşmaq istəyinin olmamasında görürlər. Buna görə də evliliyə hazırlaşan əksər cütlüklərin əhəmiyyətsiz hesab etdiyi nikah müqaviləsinin icbari olması məqsədəuyğun sayılır. Ekspertlər hesab edirlər ki, nikahdan öncə tibbi müayinə icbari olduğu kimi, nikahdan öncə müqavilə icbari olarsa, bu halda boşanmaların sayı azalacaq.

Yeri gəlmişkən, Azərbaycanda nikah müqaviləsi və onun məzmunu dəyişir. Bu məsələ Milli Məclisin dünən keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, nikah müqaviləsinə mediasiyaya dair şərtlər də daxil edilə bilər. Ailə Məcəlləsinə ailə münasibətlərindən irəli gələn mübahisələrin həlli ilə bağlı yeni 7-1-ci maddə daxil edilir. Layihəyə əsasən, ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn münasibətlərlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur.Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Məlumat üçün bildirək ki, nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir. Nikah müqaviləsi özünün təbiətinə görə mülki müqavilənin bir növü kimi təzahür edir. Bununla belə, nikah müqaviləsi mülki müqavilələrdən fərqli müəyyən xüsusiyyətlərlə səciyyələnir ki, bu da öz əksini ölkəmizin ailə qanunvericiliyində tapıb. Yəni nikah müqaviləsi ilə bağlı münasibətlər Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə tənzimlənir. Qanunvericiliyə əsasən nikah müqaviləsi ilə ər-arvad birgə mülkiyyətin qanunla müəyyən olunan rejimini dəyişərək, ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya  ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər. Nikah müqaviləsi ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər. Ər-arvad nikah müqaviləsində bir-birinin qarşılıqlı saxlanması, bir-birinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və vəzifələrini, nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəanı müəyyənləşdirmək hüququna malikdirlər.

Nikah müqaviləsində nəzərdə tutulan hüquq və vəzifələr müəyyən müddətlərlə məhdudlaşa bilər, müxtəlif şəraitin yaranıb-yaranmamasından asılı ola bilər. Nikah müqaviləsində ər-arvadın hüquq və fəaliyyət qabiliyyətini, öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququnu, uşaqlara münasibətdə hüquq və vəzifələrini, eləcə də ər-arvad arasındakı şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyən, ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanılması üçün vəsait almaq hüququnu məhdudlaşdıran, ər-arvaddan birini çox əlverişsiz vəziyyətə salan və ailə qanunvericiliyinin əsaslarına zidd olan müddəalar nəzərdə tutula bilməz. Nikah müqaviləsinin bu tələblərini pozan şərtləri əhəmiyyətsizdir və müqavilənin bağlandığı andan etibarsız hesab edilir.

Nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına qədər, eləcə də nikah dövründə istənilən vaxtda bağlana bilər. Nikahın bağlanmasının dövlət qeydiyyatına qədər bağlanmış nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına alındığı gündən qüvvəyə minir. Əgər nikaha daxil olana qədər müqavilə bağlanılmayıbsa, bu o demək deyil ki, nikaha daxil olduqdan sonra bağlanıla bilməz. Ona görə də gənc ailələr qanunun verdiyi bu imkandan sonra da yararlana bilərlər. Nikah müqaviləsi yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur.

Nikah müqaviləsi ər-arvadın razılığı ilə istənilən vaxt yazılı formada və notariat qaydasında qaydada dəyişdirilə və ya pozula bilər. Nikah müqaviləsinin icrasından birtərəfli qaydada imtina etməyə yol verilmir. Ərin (arvadın) tələbinə əsasən məhkəmənin qətnaməsi ilə nikah müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müqavilələrin dəyişdirilməsi və pozulması üçün nəzərdə tutulmuş əsaslarla və qaydada dəyişdirilə və ya pozula bilər. Nikah müqaviləsində nikah pozulduqdan sonrakı dövr üçün nəzərdə tutulan vəzifələr istisna olmaqla, nikaha xitam verilməsi anından nikah müqaviləsinə də xitam verilir.

Nikah müqaviləsi Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə əqdlərin etibarsız hesab edilməsi üçün nəzərdə tutulmuş əsaslarla məhkəmə tərəfindən tamamilə və ya qismən etibarsız hesab edilə bilər. Müqavilənin şərtləri əri (arvadı) çox əlverişsiz vəziyyətə saldıqda nikah müqaviləsi onun tərəfindən mübahisələndirilə bilər.

Nikah müqaviləsinin bağlanması, dəyişdirilməsi və pozulması barədə ər (arvad) öz kreditoruna (kreditorlarına) məlumat verməlidir. Bu vəzifəni yerinə yetirmədikdə ər (arvad) nikah müqaviləsinin məzmunundan asılı olmayaraq öz öhdəliklərinə görə məsuliyyət daşıyır. Kreditor (kreditorlar) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən nikah müqaviləsinin şərtlərinin dəyişdirilməsini və ya onun pozulmasını tələb etmək hüququna malikdir.

Məsələyə münasibət bildirən "Təmiz Dünya" İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova hesab edir ki, bu tədbirin əhəmiyyətini insanlara çatdırmaq üçün əhali arasında informasiya-maarifləndirmə işləri aparılmalıdır: “Nikah müqaviləsi məsələsinə münasibət dəyişdirilməlidir. İnsanlar başa düşməlidir ki, bu sənədin icbari bağlanmasının tətbiqi heç kimin hüquqlarını pozmayacaq. Əksinə, bu, şəxsiyyətin hüquq və azadlıqlarının genişləndirilməsi təmayülüdür. Niyə bizdə heç kim nikah bağlamazdan və ya sürücü vəsiqəsi almazdan əvvəl QİÇS, talassemiya və digər xəstəliklərin olub-olmaması ilə bağlı tibbi yoxlanmaya qəzəblənmir. Heç vaxt sabahdan 100 faiz əmin olmaq olmaz və təəssüf ki, hisslər də istisna deyil. Nikah müqaviləsi boşanma prosesinin mənfi tərəflərinin qarşısını ala bilər, vicdansız həyat yoldaşından qoruyar. Bundan başqa, sənəd miras məsələlərini, müxtəlif ailə hüquqlarını və həyat yoldaşlarının öhdəliklərini (məsələn, onlardan hər birinin ailənin xərclərini qarşılaması) əhatə edə bilər”.

Məsələyə münasibər bildirən psixoloq Elnur Rüstəmov da hesab edir ki, nikah müqaviləsinin olması ailə quranlar üçün vacib detaldır: “Biz hüquqi dövlətdə yaşamağımıza baxmayaraq, Azərbaycan cəmiyyətində paralel olaraq həm adət-ənənənin diqtəsi, həm də dini yanaşma tərzi üstünlük təşkil edir. Cəmiyyəti idarə edən üç istiqamət var. Bunlar din, hüquq və adət-ənənələrdir. Məsələ bundadır ki, Azərbaycanda illər uzunu dini istiqamət və adət-ənənələr həmişə üstünlük təşkil edib. Məsələn, diqqət yetirsəniz, bu gün də bəzən ailə quranlar kəbinlə evlənirlər, heç rəsmi nikah qeydiyyatına da girmirlər. Onların arasında hətta tanınmış insanlar da var. Həmin insanlar üçün halal-haram məsələləri daha önəmlidir, hüquqi məsələ isə çox vaxt arxa planda qalır. Bu bir psixoloji baryerdir. Düzdür, ailədə əsas məsələ maddi rıçaqlarla bağlı deyil. Ən önəmlisi münasibətlərin şəffaf olması, tərəflərin bir-birinə qarşı anlayış göstərməsidir. Bununla yanaşı, fikrimcə, nikah müqavilələrinin bağlanmasına böyük ehtiyac var. Sadəcə cəmiyyəti bu istiqamətdə maarifləndirmək lazımdır. Bundan bəzən sui-istifadə edənlər də var. Kifayət qədər insanlar var ki, onlar üçün ailə qurmaq yalnız maddi rifaha, maddi qazanca hesablanıb. Ona görə də bir qədər ailəli olduqdan sonra boşandıqda mülk üstündə uzun müddət mübahisələr gedir. Təsadüfi deyil ki, bu gün Azərbaycanda məhkəmələrdə baxılan işlərin çoxu məhz ailə-məişət zəminində mübahisələr, boşanmalar və mülki məsələlərlə bağlıdır. Nikah müqaviləsi olduqda tərəflər öz hüquqları ilə yanaşı, vəzifələrini də bilib daha məsuliyyətli olarlar. Azərbaycan cəmiyyətində pis bir tendensiya yaranıb. Biz daim öz hüquqlarımızdan danışır, lakin vəzifələrimizi unuduruq. Məsələn, hamı kişinin və qadının hüquqlarından danışır, amma onların vəzifələrindən heç kim danışmır və ya az danışılır. Bu, doğru deyil. Bu gün ailədaxili münasibətləri, konfliktləri təhlil etdikdə görürük ki, onların kökündə heç də ciddi səbəblər dayanmır. Bunlar əsasən xırda şeylərdir. Bu xırda şeylər zamanında həllini tapmadıqda ailələrin dağılması ilə nəticələnir".

 

Oxunma sayı 2045