Xaricdə özbək restoranları açan yerli sahibkarlar xərclərin qismən əvəzini alacaqlar.
Hafta.az-ın yazdığına görə, bu, “2025-2026-cı illərdə turist axınının kəskin artırılması və turizm xidmətlərinin əhatə dairəsinin sürətlə genişləndirilməsi yolu ilə turizmin iqtisadiyyatda rolunun və əhəmiyyətinin artırılması ilə bağlı tədbirlər haqqında” prezidentin sərəncamında nəzərdə tutulub.
Buna əsasən, yerli sahibkarlar tərəfindən hər il Turizm Komitəsinin müəyyən etdiyi qabaqcıl xarici ölkələrdə özbək milli yeməkləri üzrə ixtisaslaşmış 50 iaşə obyekti və restoran yaradıldıqda, müəyyən xərclər subsidiyalaşdırılacaq. Yəni, qeydiyyat və ya icazələrin alınması, icarə, layihələndirmə, fəaliyyətə başlamaq üçün zəruri avadanlıq və ləvazimatların alınması ilə bağlı xərclərin 50 faizi üçün birdəfəlik subsidiya ayrılacaq, lakin bütün hallarda məbləğ 25 min dollardan çox olmayacaq.
Yeməklərin hazırlanması üçün Özbəkistandan ildə 300 kiloqram məhsulun çatdırılması üçün nəqliyyat xərclərinin 50 faizi, lakin hər bir sahibkarlıq subyektinə 100 milyon soma qədər subsidiya veriləcək. Bu məqsədlər üçün hər il 30 milyard som vəsait ayrılır.
Həmçinin, Turizmə Dəstək Fondu 2025-ci il sentyabrın 1-dən 2028-ci il yanvarın 1-dək hər il ayrılacaq 50 milyard som vəsait çərçivəsində mehmanxana, iaşə obyektləri tərəfindən öz fəaliyyətinin təşviqinə yönəlmiş audiovizual məhsulların (videofilmlər, videokliplər, kliplər və anime klipləri) yaradılması və təşviqi xərclərinin 50 faizini ödəyəcək.
Bu məqsədlər üçün hər il 20 milyard som vəsait ayrılır.
Xatırladaq ki, Özbəkistan prezidenti Şavkat Mirziyoyev mayın 2-də keçirdiyi iclasda özbək milli yeməklərini xaricdə tanıdan restoran sahiblərinə dəstək veriləcəyini bildirib. Rəsmi şəxslərə xaricdə özbək restoranlarının qeydiyyatı, icazələri və fəaliyyətə başlaması ilə bağlı xərclərin bir hissəsinin ödənilməsi sisteminin yaradılması tapşırılıb.