2038-ci ilə qədər Qazaxıstan vasitəsilə Özbəkistana tədarük edilən Rusiya qazının illik həcmini 11 milyard kubmetrə çatdırmaq planlaşdırılır.
Hafta.az-ın yazdığına görə, bu barədə Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov bildirib.
Rusiya qazının Özbəkistana tranzitinə 2023-cü ilin oktyabrında başlanılıb. Bu il artıq 1,28 milyard kubmetr qaz tədarük edilib.
Akkenjenov bildirib ki, 2024-cü ildə 5,6 milyard kubmetr olan daşınma həcmini, 2025-ci ildə 7,3 milyard, 2038-ci ilə qədər isə 11 milyard kubmetrə çatdırılması planlaşdırılır.
Göstərilən həcmlər “Qazprom” və Qazaxıstan hökuməti arasında strateji əməkdaşlıq haqqında sazişdə nəzərdə tutulub. Rusiya ilə Özbəkistan arasında həcmlərin artırılmasına dair saziş hələ imzalanmayıb.
2023-cü il oktyabrın 7-dən Özbəkistan Qazaxıstan ərazisindən keçən Mərkəzi Asiya-Mərkəz qaz kəməri ilə Rusiyadan qaz idxal etməyə başlayıb. “UzGasTrade” və “Qazprom Export” MMC arasında iki illik müqavilə gündə 9 milyon kubmetr və ya ildə təxminən 2,8 milyard kubmetr qaz tədarükünü nəzərdə tutur.
Özbəkistan hökumətinin “2024-cü ilin birinci rübü üçün investisiya proqramının həyata keçirilməsi üzrə tədbirlər haqqında” qərarına əsasən, 2024-2030-cu illərdə magistral qaz kəmərlərinin modernləşdirilməsi proqramının birinci mərhələsinə 500 milyon dollar vəsaitin ayrılması planlaşdırılır. Bununla da təbii qazın qəbulunu sutkada 32 milyon kubmetrə çatdırmaq nəzərdə tutulur.