Özümü ölkənin ən dəyərli abituriyenti hiss edirəm - Əbil Şəfiyev

13:48 06.09.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Bu il keçirilən ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticəni Əbil Şəfiyev göstərib. O, 697.1 bal toplayaraq Bakı Ali Neft Məktəbinin kimya mühəndisliyi fakültəsinə daxil olub. Hafta.az-ın əməkdaşı ölkə birincisi ilə həmsöhbət oldu. Müsahibəni sizlərə təqdim edirik:

-Əbil zəhmət olmasa ilk öncə özün haqqında bizləri bilgiləndir? Hansı orta məktəbi bitirmisən?

- Mən Əbil Şəfiyev Qubadlı rayon Xanlıq kənd sakiniyəm. 29 mart 2004 cü ildə Sumqayıt şəhərində anadan olmuşam. 2010-cu ildə11 nömrəli məktəbin 1 ci sinifinə daxil olmuşam və həmin məktəbi qırmızı attestatla bitirmişəm.

-Ali məktəbə qəbul imtahanlarında maksimum nəticə göstərmisən, hansı hissləri keçirirsən?

-697.1 bal yığaraq respublika birincisi olmuşam. Respublika birincisi olduğum üçün çox sevincliyəm, hər il sadəcə bir respublika birincisi olur. Mən özümü hal-hazırda ölkənin ən dəyərli abituriyenti kimi hiss edirəm.

-Əbil, universitet seçimin haqqında nə deyə bilərsən? Nəyi əsas götürərərk Bakı Ali Neft Məktəbini seçdin?

-Qərarım Bakı Ali Neft Məktəbi kimya mühəndisliyi fakültəsi (tədris ingilis dilində) oldu. Fikrimcə Bakı Ali Neft Məktəbi ixtisasım üzrə ölkənin ən yaxşı universitetlərindən biridir.

-Bəs yaxşı nəticə əldə etmək üçün gündə neçə saat dərs oxuyurdun? Yəqin ki həm də repititor yanına gedirdin?

-Bəli altıncı sinifdən bəri hazırlıq mərkəzlərinə getmişəm. Dərs oxuma saatlarım isə hər gün üçün fərqli olurdu.

-Yəqin ki pandemiya sənin də dərslərinə hazırlaşmağa bir qədər təsir göstərib. Buna baxmayaraq uğur qazandın. Bu haqda nə deyə bilərsən?

-Pandemiya mənə o qədər böyük çətinliklər yaratmadı.Onlayn dərslərlə də aram yaxşı idi.

-Qəbul imtahanların nə cür keçdi, təəssüratları bizlərlə paylaşa bilərsən?

-Hər iki imtahanın nəticəsini öncədən təxmin edirdim. Elə ikisi də gözlədiyim kimi çıxdı.

-Gələcək haqqında planların, arzuların nələrdir?

-Bakı Ali Neft Məktəbini əla qiymətlərlə bitirdikdən sonra təhsilimi xaricdə davam etdirmək istəyirəm. Öz sahəm üzrə ən yaxşı mütəxəssislərdən biri olmaq arzumdur.

-Belə yüksək nəticə əldə etmək hər kəsə nəsib olmur. Son olaraq, yüksək bal toplamaq istəyənlərə nə məsləhət görərdin?

-Abituriyentlərə əsas tövsiyələrim ondan ibarətdir ki, öz hədəflərinə çatmaq üçün tədris ilinin əvvəlindən qarşılarına müəyyən hədəf qoymalı və bu yolun sonunda gözəl nəticə əldə etmək üçün səylə, məqsədli şəkildə çalışmalıdırlar . Şagirdlər texnologi avadanlıqları əsas olaraq öz yoldaşları ilə çətinlik çəkdikləri fənlər üzərində birlikdə çalışmaq üçün istifadə etməli və onlayn video dərslərdən yararlanmağa çalışmalıdırlar. Ən əsası isə şagirdlər yeni tədris ilində koronavirusun onlara yaratdığı problemlərdən savayı onlara açdığı imkanlardan istifadə etməli və ümidləri doğrultmalıdlrlar. Hər bir abituriyentə uğurlar arzulayıram.

Oxunma sayı 192