PISA beynəlxalq qiymətləndirmə tədqiqatı – Təhsil

11:44 21.04.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan yenidən PISA beynəlxalq qiymətləndirmə tədqiqatının əsas mərhələsində iştirak edir. Aprelin 18-dən başlanan qiymətləndirmə Təhsil Nazirliyi və Təhsil İnstitutu tərəfindən həyata keçirilir. Təhsil Nazirliyindən verilən məlumatda bildirilib ki, ötən il pilot mərhələsi keçirilən bu tədqiqatın əsas mərhələsində Bakı üzrə 180 ümumi təhsil müəssisəsindən 8 minə yaxın şagirdin iştirakı planlaşdırılıb. Proses xüsusi karantin rejiminin tələbləri nəzərə alınaraq təşkil edilir. Əvvəlki illərdən fərqli olaraq PISA 2022 tədqiqatının əsas mərhələsi kompüter əsaslı həyata keçirilir.

Məlumat üçün qeyd edək ki, PISA proqramı 2000-ci ildən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (Organisation for Economic Co-operation and Development) tərəfindən 3 ildən bir təşkil olunur. Növbəti PISA tədqiqatı isə COVID-19 pandemiyası ilə əlaqədar olaraq bir qədər gecikib. Bu günə kimi 7 dəfə PISA dəyərləndirilməsi keçirilib. PISA-nın hər tədqiqatında oxu, riyaziyyat və təbiət elmlərindən biri əsas mövzu kimi  götürülür. Məsələn, 2009-cu ildə oxu üzrə bacarıqları, 2015-ci ildə isə təbiət elmləri əsas mövzu kimi götürülüb. PISA 2018-də oxu savadlılığı ilə yanaşı maliyyə savadlılığı da nəzərə alınıb. PISA tədqiqatında 2000-ci ildən 90-dan artıq ölkə ümumilikdə 3 000 000 şagird  iştirak edib. Tədqiqata qatılan məktəblilər kompüter proqramı vasitəsilə təsadüfi seçim əsasında müəyyənləşdirilir. PISA tədqiqatlarında istifadə edilən "savadlılıq" anlayışı, şagirdlərin bilik və potensialını inkişaf etdirmək və cəmiyyətə daha effektiv bir şəkildə qatılmaq və töhfə vermək üçün yazılı mənbələri tapmaq, istifadə etmək, qəbul etmək və qiymətləndirmək kimi müəyyən edilir. Azərbaycanda keçirilən sonuncu PISA göstəricilərinə əsasən şagirdlərin riyaziyyat üzrə orta balı 420, oxu üzrə 389 və təbiət elmləri üzrə isə 398 olub.

PISA bacarıqları üç kateqoriyada qiymətləndirir:  təməl, orta və yüksək. Təməl səviyyə sadə əlaqələr qurmaq, məhdud sayda şərhlər vermək bacarığı olaraq dəyərləndirilir. Orta səviyyədə isə məsələyə şərh vermək getdikcə çətinləşir. Çünki şagirdlər açıq və bir qədər aydın verilməyən məlumatları taparaq əlaqələndirməli,  sətiraltı mənanı başa düşməlidirlər. Bu baxımdan, orta səviyyə daha dərin əlaqə qurmaq, daha əhatəli şərh vermək bacarığını irəli sürür. Şagirdin mürəkkəb vəziyyətlər üçün açıq modellərlə effektiv şəkildə işlədiyini göstərir. Şagird daha çevikdir. O, öz şərhlərinə əsaslanan müzakirələr qura və bu müzakirələri əlaqələndirə bilər. Yüksək səviyyədə yer alan şagirdlər isə daha mürəkkəb, ziddiyyətli məqamlar üçün modellər hazırlaya və bu modellərlə işləyə bilər. Bu modellərlə əlaqəli kompleks problemlərin həlli üçün uyğun problem həlletmə strategiyalarını seçə, müqayisə edə və qiymətləndirə, ən xırda təfərrüatına qədər şərh edə bilər.

PISA sualları üç fərqli formada soruşur. Sualların təxminən yarısı 4-5 variantlı seçimdir, şagirdlər 4 və ya 5 variantdan birini seçirlər. Yaxud onlar razılıqlarını bəli və xeyr cavabları ilə bildirərək mümkün cavabdan birini seçirlər. Qalan suallar isə açıq tipli suallardır. Açıq suallar dörd müstəqil ekspert tərəfindən qiymətləndirilir.

Yeri gəlmişkən, ötən həftə PISA-nın ideya müəllifi, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxerin (Andreas Schleicher) Bakıya səfər edib. Təhsil Nazirliyi və “T-Network”un təşkilatçılığı ilə baş tutan bu səfərdə Andreas Şleyxer Pedaqoji Universitetin akt zalında 200-dən çox iştirakçının önündə XXI əsrin təhsilinin əsas çağırışlarından danışıb.

Tədqiqatın ideya müəllifi çıxışı zamanı qeyd edib ki, PISA bir yarış deyil: “Bu bir güzgüdür ki, ölkə təhsil müstəvisini müəyyənləşdirə bilsin. Təhsil elmi-tədqiqat sahəsinə çevrilməlidir ki, tələbələr daha yaxşı öyrənsin, müəllimlər daha yaxşı öyrənməni təmin etsinlər. Tədrisin keyfiyyəti çox vacibdir, nəinki sinfin böyüklüyü. Resursların sərf olunması vacibdir. Yaxşı müəllim üçün sinfin böyüklüyü və kiçikliyi mane deyil. Müəllim tələbələrinin hər biri haqqında məlumatlı olmalıdır, əks halda tədris uğurlu olmayacaq. Müəllimlər arasında peşəkar iş birliyi olarsa, peşə bacarıqları da bir o qədər dərinləşəcək. Bu həm də məmnunluq hissi yaradacaq. Təhsilin səviyyəsi birbaşa olaraq müəllimin peşəkarlığı ilə əlaqəlidir”.

O həmçinin vurğulayıb ki, təhsildə əsl fərq resursların necə istifadə olunması zamanı ortaya çıxır: “Təhsilə edilən sərfiyyatın həcmi deyil, resursların necə istifadəsi fərq yaradır. Məsələn, təhsilə ən çox maliyyə vəsaiti ayıran Lüksemburq, ondan daha az vəsait ayıran Estoniyadan aşağı nəticələr göstərir”.

PISA-nın ideya müəllifi onu da diqqətə çatdırıb ki,ən yaxşı investisya kiçik yaşlardan doğru təməllərin yaradılmasıdır.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycan şagirdləri PISA-dan başqa daha 2 beynəlxalq qiymətləndirmə tədqiqatında iştirak edəcək. Sözügedən qiymətləndirmə tədqiqatları aşağıdakılardır:

ICILS 2023

Ölkəmiz 2022-ci ildə 8-ci sinif şagirdlərinin kompüter və informasiya savadlılığı üzrə beynəlxalq qiymətləndirmə tədqiqatı - ICILS 2023-ün (International Computer and Information Literacy Study) sınaq mərhələsində iştirak edəcək. Əsas mərhələsi 2023-cü ildə baş tutacaq tədqiqat ilk dəfə 2013-cü ildə Təhsil Nailiyyətlərinin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (IEA) tərəfindən aparılıb. 5 ildən bir keçirilən qiymətləndirmə tədqiqatı şagirdlərin hesablama düşüncəsinin qiymətləndirilməsi ilə yanaşı, məktəbdə kompüterlərlə problemi həll etmə bacarıqlarını necə inkişaf etdirdikləri barədə məlumatlar toplamaq və beynəlxalq səviyyəli müqayisələr aparmaq üçün bir fürsətdir.

TIMSS 2023

2022-ci ildə ölkəmizin IV və VIII sinif şagirdləri Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramı - TIMSS 2023-ün (Trends in International Mathematics and Science Study) sınaq mərhələsində iştirak edəcək. 4 ildən bir keçirilən tədqiqatın əsas mərhələsi 2023-cü ildə baş tutacaq. Tədqiqatın əsas məqsədi şagirdlərin nəticələri əsasında riyaziyyat və təbiət elmləri üzrə təlim və tədrisin təkmilləşdirilməsi üçün məlumat toplamaqdır.  Azərbaycan bu beynəlxalq qiymətləndirmə tədqiqatında kompüterəsaslı iştirak edəcək.

Qeyd edək ki, Azərbaycanın beynəlxalq qiymətləndirmələrdə (PISA, PIRLS, TIMSS, ICILS) mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına nail olunması əsas məqsədlərdən biri kimi təyin edilib.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən əməkdar müəllim, professor Asif Cahangirov hesab edir ki, səriştə əsaslı təhsilə keçməyin zamanı çoxdan yetişib: “Bu məsələ “Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda strateji istiqamət kimi əksini tapıb. Biz yenə də səriştə əsaslı təhsilə keçmirik. PISA-da öndə olan ölkələr niyə qabaqdadır? Çünki onlar qabaqlayıcı təhsili təşviq etdilər. Son illərdə Estoniya təhsilində sıçrayışlar oldu. Estonlar Avropada birinci yerdədir, Finlandiya və digər qabaqcıl ölkələri qabaqlayıb öz kurikulumlarına yaradıcı yanaşıblar. Kurikulumları öz milli xüsusiyyətlərinə, ölkənin inkişaf strategiyasına uyğunlaşdırıblar, bunsuz mümkün deyil. İnsanı fənlər formalaşdırmır. Fənlər insanı formalaşdıran bir vasitədir. Hər bir fənn səriştələrin, dəyərlərin formalaşmasına və inkişafına xidmət etməlidir. Ən böyük problemimiz budur. Bizim kurikulumlar, proqramlar dəyişməlidir, onlar səriştələr formatında olmalıdır. Dünya qeyri-standart texnologiyalara doğru gedir. Gələcəkdə cəmiyyət o qədər qeyri-müəyyən olacaq ki, insan peşəsini, əvvəllər deyildiyi kimi, 3 dəfə deyil, 7 dəfə dəyişməli olacaq. Hazırda universitetlər, təhsil müəssisələri elə məsələlər üzərində işləyir ki, insanlar qeyri-müəyyənliklərlə dolu olan gələcəkdə öz yerini tapa bilsinlər. Onun üçün də əsas səriştələrdir. Tənqidi təfəkkürü, aparıcı ideyanı seçməyi bacarmaq, ömürboyu təhsil almaq üçün zəruri olan səriştələr, təhliletmə bacarığı, ümumiləşdirmə bacarığı kimi bacarıqların formalaşdırılması əsas götürülür. Biz uşaqlarımızda riyazi, yaradıcı təfəkkürün inkişafına nail olmalıyıq ki, gələcəkdə cəmiyyətdə yerlərini daha asan tapa bilsinlər”.

Oxunma sayı 615