“Pakistan hökuməti bütün qeyri-qanuni əfqan immiqrantları ölkədən çıxarmaq istəyir”.
Hafta.az-ın yazdığına görə, bu barədə Əfqanıstanın İslamabaddakı səfirliyi məlumat yayıb. Məlumatlara görə, son vaxtlar Pakistanın paytaxt İslamabad və Ravalpindidə Əfqanıstan vətəndaşları həbs edilir və onlara bu iki şəhəri tərk etmək göstərişi verilib.
Əfqanıstan vətəndaşlarının həbsi prosesi heç bir rəsmi bildiriş olmadan həyata keçirilir. Xəbərdə deyilir ki, Əfqanıstanın İslamabaddakı səfirliyinə yazışmalar vasitəsilə heç bir rəsmi məlumat daxil olmayıb.
Qeyd olunur ki, Əfqanıstan səfirliyinin nümayəndələri bu hərəkətlərin “təsadüfi hadisələr”, yoxsa “ictimaiyyətə açıqlanmalı olan rəsmi siyasətin bir hissəsi” olduğunu müəyyən etmək üçün Pakistan rəsmiləri ilə bir neçə görüş keçirib. Diplomatik nümayəndəlik həmçinin qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) bu prosesdən xəbəri yoxdur.
“Sonda Pakistan Xarici İşlər Nazirliyinin nümayəndələri təsdiqləyiblər ki, bütün əfqan qaçqınların yaxın vaxtlarda təkcə İslamabad və Ravalpindidən deyil, həm də bütün ölkədən deportasiyası üçün dəqiq və yekun plan var”, - məlumatda deyilir.
Eyni zamanda Pakistan rəsmiləri bu təşəbbüslərin hökumətin rəsmi qərarı olduğunu açıqlayıb. Rəsmilərin sözlərinə görə, etibarlı vizası olan əfqanlara İslamabad və Ravalpindidə yaşamağa icazə veriləcək.
Bildirilib ki, səfirlik Əfqanıstan vətəndaşlarının lazımi qaydada ölkəyə qayıtması məsələsi üzərində işləyir və vəziyyətlə bağlı onların hökumətini məlumatlandırıb.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, Pakistanda təxminən 1,340 milyon əfqan qaçqın və 468 min qeyri-qanuni əfqan immiqrant var. 2023-cü ildən bəri 820 mindən çox əfqan qaçqın öz vətənlərinə qayıdıb.
2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyət dəyişəndən sonra Kabillə İslamabad arasında əsasən təhlükəsizliklə bağlı fikir ayrılıqları yaranıb. Xüsusilə, İslamabad administrasiyası Kabili Pakistanın “Təhrik-e Taliban” yaraqlılarına (TTP) qarşı fəaliyyətsizlikdə ittihamlayır, Əfqanıstan administrasiyası isə İslamabadın bu ittihamlarını rədd edərək, Kabilin Pakistandakı təhlükəsizlik problemləri ilə heç bir əlaqəsi olmadığını bildirir.