Pakistanın ən yeni hava limanı ölkədəki analoji obyektlər arasında ən bahalısıdır, lakin onun əhəmiyyətli çatışmazlıqları var: nə sərnişin, nə də təyyarə...
Hafta.az-ın CNN-ə istinadən yazdığına görə, Çinin 240 milyon dollarlıq maliyyəsi ilə tikilmiş Qvadar Beynəlxalq Hava Limanı 2024-cü ilin oktyabrında tamamlanıb. 2021-ci ildən Bəlucistanda artan münaqişələr hava limanının təhlükəsiz istismarına maneə kimi qiymətləndirilir. Səlahiyyətlilər ətrafdakı dağların təyyarələrə hücumu asanlaşdıra biləcəyini düşünürlər.
Dənizkənarı Qvadar şəhərinin yerləşdiyi Bəlucistan əyaləti yoxsulluğu və iğtişaşları ilə tanınır. Qvadar milli elektrik şəbəkəsinə qoşulmayıb və kifayət qədər təmiz suyu yoxdur. Kasıb şəhər elektrik enerjisini qonşu İrandan və ya günəş panellərindən alır.
Bununla belə, Pekin administrasiyası qonşu Pakistanın bu bölgəsinə pul yatırmaqla Çin-Pakistan İqtisadi Dəhlizindən (CPEC) Ərəb dənizinə çıxmaq üçün milyardlarla dollar xərcləyir. Bu səbəbdən 90 min insanın yaşadığı şəhərdə 400 min sərnişin tutumuna malik bu hava limanı tikilib.
Pakistan-Çin münasibətləri üzrə ekspert Azim Xalid deyir: "Bu hava limanı nə Pakistan, nə də Qvadar üçün tikilib. O, Çinin Qvadar və Bəlucistandakı vətəndaşlarına təhlükəsiz şəkildə daxil olması üçün inşa edilib".
Təbii ehtiyatlarla zəngin olan Bəlucistan 1947-ci ildə Pakistan qurulandan bəri müstəqillik uğrunda mübarizə aparır.
Bəluc xalqının ayrı-seçkiliyə məruz qaldığını iddia edən üsyançılar bölgədəki çinli işçilərlə yanaşı, Pakistan əsgərlərini də hədəf alır.
Pakistan Çinin inşa etdiyi məşhur Qvadar limanının yerləşdiyi şəhərdə ciddi təhlükəsizlik tədbirləri görməyə çalışır.
Hüda Baxş Haşim adlı şəhər sakini, "Əvvəllər heç kim hara getdiyimizi, nə etdiyimizi soruşmazdı. Bütün gecəni dağlara, çöllərə gedər, piknik edərdik. İndi kimliyimizi, haradan gəldiyimizi soruşurlar. Biz burada yaşayırıq. Bizdən kimliyimizi soruşanlar izah etsinlər" deyir.
Pakistan hökuməti CPEC-in 2 min nəfəri işlə təmin etdiyini bildirir. Bununla belə, AP-yə danışan Haşim iddia edir ki, gənclər bu layihədən kifayət qədər faydalana bilmirlər: “Əgər kiminsə yeməyi varsa, niyə səhv yolu seçsin? İnsanları incitmək yaxşı hal deyil”.
Bölgədəki Bəlucistan Xalq Partiyasının liderlərindən biri olan Əbdülqaffur Hot da iddia edir ki, hava limanının tikintisində Qvadar şəhərinin bir nəfər belə sakini işə götürülməyib.
Qeyd edək ki, bir çox beynəlxalq ekspertlər Hindistan, İran və hətta ingilis kəşfiyyatını Bəlucistanda dövlətə qarşı narazılığı qızışdırmaqda ittihamlayırlar...