Pandemiya zamanı ABŞ-da gənclər arasında şəkərli diabet halları artıb

10:30 28.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Koronavirusun (Covid-19) uşaqlar, yeniyetmələr və böyüklər üzərində təsiri ilə bağlı araşdırmada ABŞ tədqiqatçıları uşaqlar və gənclər arasında şəkərli diabet hallarının artdığını müşahidə ediblər.

Hafta.az-ın “JAMA Network Open” jurnalına istinadən yazdığna görə, səhiyyə müəssisələri də uşaqlar və böyüklər arasında "Uzunmüddətli Kovid" hallarının faizi ilə bağlı son statistikalarını açıqlayıblar. İlk araşdırmada tədqiqatçılar koronavirusun yayılması zamanı ABŞ gəncləri arasında 1-ci və 2-ci tip diabet hallarının əhəmiyyətli dərəcədə artdığını qeyd ediblər.

Tədqiqatçı Metyu T.Mefford və Cənubi Kaliforniyada yerləşən “Kaiser Permanente”dən olan həmkarları 2016-cı ilin yanvarından 2021-ci ilin dekabrına qədər olan məlumatları təhlil edərək, ABŞ-da uşaq və yeniyetmələr (0-19 yaş) arasında diabet nisbətlərini araşdırıblar.

Tədqiqatçılar tədqiqat dövründə 1200  1-ci tip diabet, 1100 2-ci tip diabet və 63 digər növ şəkərli diabet hadisəsi aşkar ediblər. 2016-2019 və 2020-2021-ci illər arasında 1-ci tip şəkərli diabetin həcmi ildə hər 100 min nəfərə 18,5-dən 22,4-ə yüksəlib. Daha dəqiq desək, 10-19 yaş arasında olanlar, kişilər və İspan mənşəlilər üçün nisbətlər (IRRs) daha yüksək olub.

İşi Merck də daxil olmaqla bir neçə şirkət tərəfindən maliyyələşdirilən tədqiqatçılar diabet hallarında bu artıma səbəb olan potensial faktorları anlamaq üçün daha çox araşdırmaya ehtiyac olduğunu vurğulayıblar. Onlar həmçinin epidemiyadan əvvəl və epidemiya zamanı diabet inkişaf riski yüksək olan şəxslər arasında fizioloji və davranış risk faktorlarının araşdırılmasını tövsiyə ediblər.

İkinci araşdırmada ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) Merilend ştatındakı Milli Sağlamlıq Statistikası Mərkəzindən 2022-ci ildə "Uzunmüddətli Kovid" infeksiyaları ilə bağlı sağlamlıq statistikasını bildirib. “0-17 yaş arası uşaqların faiz nisbətinə görə aparılan təhlildə uşaqların 1,3 faizinin, böyüklərin isə 6,9 faizinin “Uzunmüddətli Kovid”ə məruz qaldığı ortaya çıxıb. Tədqiqatın nəticələrinə görə, qızlarda (yüzdə 1,6) oğlanlara nisbətən (yüzdə 0,9) “Uzunmüddətli Kovid” olma ehtimalı daha çoxdur. 12-17 yaşlı uşaqların 0-5 və 6-11 yaşlı uşaqlara nisbətən “Uzunmüddətli Kovid” olma ehtimalının daha çox olduğu müşahidə edilib. Bundan əlavə, ispan mənşəli uşaqlar (1,9 faiz) asiyalı (0,2 faiz) və qaradərili uşaqlardan (0,6 faiz) daha çox “Uzunmüddətli Kovid”ə məruz qalırlar”, - statistikada qeyd edilir.