Paşinyana qarşı son aksiyalar Rusiya kəşfiyyatının əməlidir – Cümşüd Nuriyev

19:32 06.05.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Politoloq Cümşüd Nuriyevlə hafta.az üçün budəfəki söhbətimizdə Ermənistanda, əsasən, Qarabağ klanının qüvvələri tərəfindən Paşinyan hakimiyyətinə qarşı son revanşist və irqçi şüarlarla müşayiət olunan kütləvi etiraz aksiyalarından, Rusiyada gözlənilən 9 May paradı öncəki durumdan və digər məsələlərdən bəhs etdik.

Cümşüd bəy, Ermənistanda, əsasən, keçmiş rusiyayönlü Qarabağ klanınının elektoratından ibarət  revanşist qüvvələrin hakimiyyətə qarşı kütləvi etiraz aksiyalarını necə dəyərləndirirsiniz? Doğrudanmı Paşinyan devrilə bilər?

– Ermənistanda Paşinyan hakimiyyətinə qarşı son kütləvi etiraz aksiyaları birbaşa Qarabağ klanının işi deyil. Bu, Rusiya hərbi elitası və kəşfiyyatının əməlidir. Onlar Ukraynadakı uğursuzluqlarını, bir növ, sığortalamağa çalışırlar. Eyni zamanda, Qafqazın Kremlin nəzarətindən çıxmasından qorxurlar. Yəni Ukraynada müharibə apardıqları bir vaxtda, Qafqazı uduza bilərlər. Moskva strateqləri, son 300 ildə olduğu kimi, yenə də erməni variantından istifadə edirlər...

Ermənistan müxalifətinin etiraz aksiyalarının əsas məqsədi Ermənistanı Qarabağ məsələsində  tutduğu mövqedən döndərməkdir. Bu da Rusiya hakimiyyətinin maraqlarına xidmət edir. Burada eyni zamanda İran amilini də unutmaq olmaz.  “SEPAH”ın hərbi qolu olan bir qrup general Qarabağın əksər hissəsinin, xüsusən İranla həmsərhəd zolağın erməni işğalından azad olunmasından sonra bərk narahatlıq keçirir. Onların həm narkotrafikinin qarşısı alınıb, yəni narkotiklərini sata bilmirlər. İran generallarını, həm də Turanın yaranma reallığı qorxudur. Bu baxımdan,  İrəvandakı son hadisələrə təsadüfi baxmaq olmaz...

Burada ABŞ və Rusiyanın Ermənistanda toqquşan siyasi maraqlarından da bəhs etmək gərəkdir. Paşinyan Amerikanın Ermənistan üçün bir növ “hədiyyə”sidir. Bu səbəbdən, Ağ ev çalışacaq ki, həmin “hədiyyə”ni qoruyub saxlasın.

Rusiyada müəyyən qüvvələr Paşinyanın hakimiyyətdən getməsini istəyir. Bu, etiraz aksiyaları qanla müşayiət olunarsa, bu halda Paşinyan doğrudan da devriləcək. Hələ ki o, müəyyən məsələlərə dözümlü yanaşır...

– Rusiyameyillilər və Qarabağ klanı gerçəkdən hakimiyyəti ələ keçirsələr, Qarabağ ətrafındakı və Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşməsi ilə bağlı proseslər hansı istiqamətdə inkişaf edə bilər?

– Hazırda Ermənistanda revanşist qüvvələrin hakimiyyətə gəlmək ehtimalı artıb. Paşinyanın devrilmə ehtimalı, təxminən, 70 faizdir. Rusiya buna şərait yaratsa,  böyük yanlışlıq edəcək.  Paşinyandan sonra hakimiyyətə gələnlər bugünədək Azərbaycana, Türkiyəyə qarşı revanşist şüarlar  səsləndirdiklərindən, onlar Rusiyanın sülhməramlı sayılan hərbi kontingentinin nəzarətində qalan Azərbaycan ərazilərinə soxulub, yenidən böyük təxribatlar törətməyə başlasalar, Azərbaycan Rusiya hərbi birləşmələrinin öz torpaqlarından çıxmasını tələb edəcək.  Düzdür, bu, bizə müəyyən problemlər yaradacaq. Rusiya Azərbaycanı Ukraynaya çevirə bilməyəcək. Dövlətimiz buna həm hərbi, həm siyasi, həm iqtisadi, həm də hüquqi cəhətdən hazırdır. İnanmıram ki, Rusiya özü üçün ikinci – Qafqaz  cəbhəsi açsın. Əgər Kreml bu addımı atsa, Rusiyanın çökməsi sürətlənəcək. Bu, qaçılmazdır.  Azərbaycanın yanında Türkiyə var. Türkiyə heç vaxt ölkəmizi tək buraxmayacaq.  NATO da yoxdan bir şey axtarır ki, bu qurumun üzvü olan ölkənin Rusiya ilə qarşıdurması isti fazaya, yəni silahlı qarşıdurmaya keçsin. Ona görə də Rusiyaya hər tərəfdən məhvedici zərbələr vurula  və o, bir dövlət kimi yer üzündən silinə bilər. Rəsmi Moskva bu məsələlərdə Azərbaycanla bağlı ehtiyatlı davranmalıdır.

İrəvanda  rusiyameyilli və revanşist qüvvələr yenidən hakimiyyətə gəlsə və Qarabağdakı proseslərə mənfi, təxribatçı müdaxilələr etsə, Azərbaycanın Rusiya hərbi kontingentinin nəzarətində olan əraziləri birbaşa öz nəzarətinə keçirməkdən başqa yolu qalmayacaq.  Hesab edirəm ki, bütün dünya  yanımızda olacaq. Rusiya belə  perspektivlə razılaşa bilməz və inanmıram ki, buna gedə...

Sonuncu dəfə Prezident İlham Əliyev də Rusiyanın siyasəti ilə bağlı kəskin çıxış etdi.  Eyni zamanda, Ukraynanın ərazi bütövlüyünü dəstəkləməklə orada aparılan müharibənin ədalətsiz olduğunu vurğuladı.  Azərbaycanın işğalçı Ermənistan ordusunu öz torpaqlarından çıxarmaq üçün apardığı 44 günlük savaş zamanı Rusiyanın həmin dövlətə silah verməsini sərt şəkildə gündəmə gətirdi. Dövlət başçısı Zəngəzur dəhlizi və sərhədlərin müəyyənləşməsi məsələləri ilə bağlı Azərbaycanın mövqeyini bir daha qətiyyətlə ortaya qoydu. Həmin açıqlamaların məhz indi verilməsində  təsadüf yoxdur. Əgər Ermənistan Azərbaycan  ərazisində hər hansı aksiya həyata keçirməyə cəhd edərsə, dövlətimiz birmənalı şəkildə öz sərhədlərini 1918-1920-ci illərdəkinə qədər çəkə bilər. Bu isə Ermənistanın sonu olacaq. Rusiya özü bilər. Biz Ukrayna deyilik. Rusiya bunu dərk etməlidir...

– Ukrayna savaşındakı son gedişat nəyi göstərir? Putin 9 May paradında daxili auditoriyaya hansısa bir aldadıcı şou nümayiş etdirə biləcəkmi?

– Putin hər hansı formada 9 May paradını keçirə bilər. Rusiya lideri hazırda şovinizmin  ən yüksək mərhələsindədir. Adamın mövqeyi velikorus şovinizminin səviyyəsinə çatıb. O,  sanki çalışır ki, həmin səviyyədə də qalsın. Putin Ukraynada bu sürünən müharibə taktikasını Odessa və Nikolayevi işğal edənədək davam etdirəcək. Bundan sonra isə belə görürəm ki, növbə Moldovanındır. Dnestryanıda baş vermiş son terakt birmənalı şəkildə Rusiya kəşfiyyatının əməli idi.  Daha sonra da Rusiyanın qarşısı alınmasa, növbə Latviyaya gəlib çıxacaq. Rusiyanın Kalininqradla quru sərhədi yoxdur. Görünən odur ki, Rusiyanın bu imperiya siyasətinə qarşı ABŞ  öz iqtisadi maraqlarını güdməklə çıxır. Hamı düşünür ki, Amerika Ukraynaya silah verməklə hər şeyi həll edəcək.  Əslində, Baydeni hakimiyyətə gətirən silah tacirləri idi. Bayden onlara söz verib.  ABŞ əlində olan silahları yenisi ilə əvəzləmək üçün  Ukraynaya pul vermir,  silahlar verir. Müharibə Ukrayna ərazisində gedir və həmin silahlarla öldürülən də, texnikalarını itirən də  Rusiya hərbçiləridir.  Nəticədə ABŞ silah tacirləri öz gəlirlərini əldə edəcəklər.  Bugünədək Ukraynaya, təxminən, 8 milyard dollarlıq silah göndərilib. Elə təəssürat yaradılır ki, guya həmin silahlar əvəzsiz verilir.  Əslində, ABŞ-ın dövlət büdcəsindən həmin vəsait gələcəkdə qaytarılmaq şərtilə ayrılır, onun əvəzində Amerika ordusu yeni silahlarla təchiz olunur. Bu, açıq alverdir. Ağ ev burada öz iqtisadi maraqlarına xidmət edir.

ABŞ əsl mənada Rusiyanın qarşısına çıxmalı idi, ancaq çıxmadı... Elə məni də narahat edən odur ki, Ermənistan məsələsində, yəni Paşinyanın hakimiyyətdə saxlanılması üçün Vaşinqton Moskva ilə  gizli sövdələşməyə gedə bilər. Ən qorxulusu da budur...

– Ukrayna Prezidenti V. Zelenskinin Türkiyə lideri R.T. Ərdoğana Rusiya turistləri ilə bağlı irad tutmasına necə baxırsınız?

– Dəfələrlə demişəm, yenə də deyirəm: Zelenski siyasətçi deyil. Adamın bir şoumen kimi hakimiyyətə gətirilməsində Qərb dövlətlərinin, İsrailin öz maraqları vardı idi. Zelenski Ukraynanı məhv etdi. İndi çoxları deyir ki, o vətənpərvərdir, heç nədən çəkinmədən Ukraynanı müdafiə edir və s. Belə deyil. Bilirsiniz,  aşırı millətçilik heç vaxt milləti və dövləti xoşbəxt etməyib.  Adam yalnız söz danışır. Axı bu, filologiya deyil, politologiyadır. Filologiyada hər cür  fikir söyləmək olar, amma gerçəklik, dövlət idarəçiliyi başqa şeydir. Zelenski bunlardan uzaqdır. Çox təəssüf ki, öncələr də dediyim kimi, Azərbaycanın 1992-1993-cü illərdə yaşadığını Ukrayna daha pis, daha ağır formada yaşamaqdadır. Hazırkı hakimiyyət Ukraynanın ərazisini böyük poliqona çevirib.  Zelenskinin sözdə siyasi qələbəsi var.  Hərbi, ideoloji, iqtisadi qələbəsi isə yoxdur.  Ukrayna dövləti param-parça olacaq...

– Ukraynada yaşayan soydaşlarımızın  dediyinə görə, xalq Prezident Zelenskiyə inanır və Rusiya işğalına qarşı mübarizədə onun ətrafında birləşib...

– “Xalq ona inanır” deyəndə Rusiyaya nifrət başqa şeydir. Bizdə populizm daha güclüdür. Çoxlarının xoşuna gəlməyə bilər, amma ortada reallıq var: Ukraynanın 41 milyonluq əhalisinin 17 milyonu təmiz rusdur. Yerdə qalan 24 milyonun, artıq 10 milyonu yoxdur, yəni Ukraynanı tərk edib. Bundan əlavə, Ukrayna ərazisinə Rusiyadan başqa daha 3 dövlətin iddiası var: Polşa, Macarıstan, Rumıniya. Hələ Slovakiyanı kənara qoyuram... Bunlar, sanki marığa yatıblar ki, 1940-cı ildə əllərindən alınan torpaqları geri qaytarsınlar. Şərqi Ukraynada əsas üstünlük ruslardadır, Krım isə artıq ilhaq edilib. Donetsk, Luqansk, Xerson vilayətləri işğal olunub. Yerdə nə qaldı?  Yalnız Mərkəzi Ukraynada bir neçə vilayət.

Xarkov vilayətinin yarısı rusdur. Sözə heç nə vermirlər. Bu populist şüarların nəticəsini biz yaşamışıq. Ukraynada hansı xalq Zelenskini dəstəkləyir? Yalnız millətçilər.  Onlar onsuz  da əvvəldən Rusiyaya nifrət edirdilər. Hələ sovet dövründən bəllidir ki, ukraynalılar heç vaxt rusları sevməyiblər, xüsusilə də Qərbi Ukraynada yaşayanlar. İndiki şəraitdə hamımız arzulayırıq ki, Ukrayna ayağa qalxsın və Rusiyanı çökdürsün. Təəssüf ki, mövcud gerçəklik baxımından bu, utopiyadır. 24 milyon 146  milyonun qarşısında dayana bilməz. Bu, mümkün deyildir. Tarixdə hələ ki,  belə hal olmayıb...

– Zelenski nə etməli, hansı siyasəti yürütməli idi ki, Putin Ukraynaya hücum planından əl çəksin? Onsuz da  istənilən halda Rusiyaq işğal üçün bir bəhanə uyduracaqdı...

– Zelenski Ukraynanın ağıllı siyasət adamları, Rusiya imperiyasını yaxşı tanıyan Kravçuk, Kuçma kimi keçmiş dövlət başçıları, eləcə də hərbi elita ilə məsləhətləşməli idi.  Təcrübəli siyasətçilərin hamısını kənarlaşdırıb, “Kvartal-95”in cavan uşaqlarını ətrafına yığıb Prezident Ofisinə köçürməklə, dövləti idarə etmək, keyfiyyətli iş qurmaq olmaz. Azərbaycanda son illərdə bunun bariz nümunəsini gördük... Təcrübə başqa şeydir, gənclik, savad, bilik başqa amillərdir. Bunların vəhdətindən istifadə etmək lazımdır, o cümlədən də Ukraynada.  Hələ ki, gec deyil...

Oxunma sayı 70