Paşinyandan bir soruşun görək, haradadır onların dövlət sərhədi…-TOFİQ ZÜLFÜQAROV

20:02 17.09.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovla hafta.az üçün növbəti qısa söhbətimizdə Ermənistanla sərhəddəki son silahlı toqquşmalardan sonra Azərbaycan ətrafında yaranmış mövcud siyasi-diplomatik durumu müzakirə etməyə çalışdıq.

-Tofiq müəllim, Ermənistanla sərhəddə, rəsmi məlumatlara görə, məhz erməni tərəfinin təxribatı üzündən baş vermiş son qanlı qarşıdurmadan sonra haykların qaldırdığı hay-küy fonunda belə təəssürat yaranır ki, beynəlxalq ictimaiyyət, xüsusən də Qərb Azərbaycana qarşı köklənib. Yəni guya biz beynəlxalq hüquqa zidd olaraq Ermənistanın dövlət sərhədini pozmuşuq və s. Bu baxımdan Azərbaycan ətrafındakı mövcud siyasi-diplomatik durumu necə dəyərləndirirsiz?

-Öncə onu deyim ki, Amerika Konqresində müəyyən ermənipərəst konqresmenlər istisna olmaqla, rəsmi Vaşinqton tərəfindən Azərbaycanı birbaşa təcavüzda qınayan bəyanat və açıqlamalar səslənməyib. BMT Təhlükəsizlik Şurasının müzakirələrində də ABŞ tərəfi sülhə çağırışlar olan ümumi bir bəyanat verdi. Və bunu demək olar ki, bütün dövlətlər belə dedi. O cümlədən Çin… Rusiya  isə, təbii ki, öz maraqlarına uyğun olaraq təkid edir ki, Azərbaycan-Ermənistan qarşıdurmasının dayandırılması üçün 10 noyabr üçtərəfli bəyanatına və KTMT-nin qarşıdurma bölgəsindəki araşdırma missiyasına dəstək verilməlidir.  Amma ruslar yaxşı bilir ki, Qərb onlara dəstək verməyəcək və eyni zamanda deyirlər ki, biz də digər məsələlərdə Qərbə dəstək verməyəcəyik. Yəni bir növ məsələ siyasi dalana dirənib. Bütün hallarda ermənilər istədiklərinə nail ola bilməyəcəklər…

Bilirsiz, beynəlxalq siyasətdə heç kəs ümumən dəstəklənmir. Hər bir dövlət öz maraqlarına uyğun mövqe sərgiləyir. Bunu Rusiyanın Ukraynaya təcavüzü məsələsində də aydın görürük. “Ramştayn” qrupuna üzv olan  32-33 dövlətdən başqa digər Avropa dövlətləri də müxtəlif mövqelər ifadə edir. Odur ki, bəhs edilən məsələdə də hamının Azərbaycanı dəstəkləyib tərifləməsini gözləmək bir az qeyri-real olar…

-Söhbət əsas aparıcı dövlət və təşkilatlardan gedir. Yəni 2020-ci ilin 44 günlük savaşında onların əksəriyyəti Azərbaycana birbaşa, ya dolayısıyla dəstəyini verdi. Amma indi?..

-Əslində o zaman da çoxları biganə qaldılar… İlk günlər ermənilərin qaldırdığı hay-küy bəzi dövlətlərdə tərəddüd yaratdı, amma sonra gerçək durumu araşdırdıqdan sonra başladılar hər iki tərəfi sülhə çağırmağa. Bu da, təbii ki, standart yanaşmadır. Heç bir vaxt heç bir dövlət və ya təşkilat münaqişədə olan tərəflərə “bir-birinizi vurmaqda davam edin” deyə bilməz…

Bir sözlə, bu dəfə də ermənilər öz istədiklərinə nail olmadılar. Onların məqsədi bu və ya digər formada özlərini sığortalamaq idi. Yəni qorxurlar… Hazırda faktiki olaraq Ermənistanın ərazi bütövlüyü deyilən bir məsələ yoxdur axı… Rəsmi İrəvan özünün hansı sərhədlərini tanıyır? Məsələn, müharibədən öncə Paşinyan başda olmaqla deyirdilər ki, “Artsax Ermənistandır və nöqtə…” Deməli, belə çıxır ki, guya keçmiş Dağlıq Qarabağ da daxil olmaqla 30 ildən çox işğal altında qalmış Azərbaycan ərazilərinin hamısı, yəni  harada erməni əsgəri durur, ora Ermənistandır. Bu, baş nazir və digərləri tərəfindən açıqlanan rəsmi mövqe idi… Bundan əvvəl isə həmin mövqe rəsmən Ermənistanın müstəqilliyi haqda aktda təsbit olunub, yəni “Artsax” dedikləri Azərbaycan ərazisi də Ermənistanın ayrılmaz hissəsi hesab olunub. Bunun əsasında Ermənistan konstitusiyasına da maddə daxil edilib. İndi də delimitasiya məsələsi gələndə deyirlər ki, sovet xəritələrini əsas tutaq. Ancaq hansı ilin xəritələri? Bu da müəyyənləşdirilməyib. 1920-ci ilin xəritələrini götürsək, Azərbaycan deyə bilər ki, Zəngəzur, Göyçə və s. Azərbaycan ərazisidir… Bir sözlə, bu, beynəlxalq baxımdan mübahisəli bir mövzuya dönüb… Beləliklə, Zəngəzur məsələsi erməni “başbilən”lərinin çox ağrılı yeridir. Ancaq bu da onların  öz üzdəniraq, məkrli siyasətlərinin məntiqi nəticəsidir. Siz bizə qarşı ərazi iddiaları irəli sürəndə bilməlisiz ki, biz də adekvat addımlar atacağıq. Bu, beynəlxalq təcrübədən də irəli gəlir…

-Ermənilərin əsas  dırnaqarası “arqument”ləri ondan ibarətdir ki, biz guya onların həm dövlət sərhəddini pozmuşuq, həm də mülki infrastruktur obyektləri və yaşayış evlərini zədələmişik… Və bütün bunlarla guya Azərbaycanı beynəlxalq birliyin, xüsusən də ABŞ və Avropanın  dəstəyindən məhrum edərək zərbə(sanksiyalar-filan) altına salmağı planlayırlar…

-Ermənilər çox şey deyə bilərlər. Amma soruşmaq lazımdır ki, sizin sərhədiniz hardadır. Paşinyan, gedib Şuşada, üzr istəyirəm, şıllaq atanda deyirdi ki, “Artsax Ermənistandır və nöqtə”. Deməli, sənin məntiqinlə sərhəd Qarabağda idi. İndi deyirsən ki, yox, mənim sərhədim Zəngəzur, Göyçə ərazisindədir. Bunu necə anlayaq? Gündə dünyaya bir sərhəd göstərəcəksiz? Söhbət bundan gedir. İndi Fransa lideri Makron və ya digəri bizə desə ki, Ermənistanın ərazi bütövlüyünə hörmət edin. Biz də ondan soruşmalıyıq ki, ermənilərdən, Paşinyandan bir soruşun görək, haradadır onların dövlət sərhədi. Əgər keçmiş sovet xəritələri ilə müəyyən olunursa, o halda Qarabağda Ermənistan əsgərləri nə gəzir? Düzdümü, yoxsa yox? Bu minvalla ilkin olaraq belə bir təəssürat yaranır ki,  guya dünya, Qərb Ermənistanı dəstəkləyir. Amma sonra  məsələni müzakirə edəndə təxminən mən dediyim suallar meydana çıxır… Buna hansısa beynəlxalq qurum və ya aparıcı dövlət necə cavab verəcək?..

Oxunma sayı 3947