Avstraliyada aparılan bir araşdırma, hamiləlik dövründə plastikə məruz qalmanın uşaqda autizmə səbəb ola biləcəyini irəli sürdü. Bununla belə, bəzi ekspertlər tapıntılara ehtiyatla yanaşmağı məsləhət görürlər.
Hafta.az-ın “Newsweek”a istinadən yazdığına görə, autizm spektrinin pozğunluğu, neyroinkişaf vəziyyəti, ünsiyyətdə problemlər ilə müəyyən edilir. Ətraf mühit faktorları da böyük ölçüdə genetik əsası olan autizmin yaranmasında rol oynaya bilər. Ancaq bu vəziyyətin nədən qaynaqlandığı dəqiq məlum deyil.
"Nature" jurnalında dərc olunan məqalədə məlum olub ki, ana bətnində Bisfenol A (BPA) ilə məruz qalan oğlanlarda 11 yaşına qədər autizm diaqnozu qoyulma ehtimalı 6 dəfə çoxdur. Uzun müddətdir ki, davamlı plastik məhsullar istehsal etmək üçün istifadə edilən BPA-nın qida ilə qarışaraq müxtəlif sağlamlıq problemlərinə səbəb ola biləcəyindən narahatdırlar.
Bu maddənin uşaqlarda ürək xəstəlikləri və sonsuzluğa, eləcə də sağlamlıq problemlərinə səbəb ola biləcəyi düşünülür.
Yeni tədqiqatı aparan komanda təxminən yarısı oğlan olmaqla 1074 uşağı izləyib. Hamiləliyin son dövründə bu uşaqların anası olan 847 qadından sidik nümunələri götürülüb və BPA səviyyələri araşdırılıb.
Tədqiqatçılar qeyd ediblər ki, 43 uşağa 11 yaşa qədər autizm diaqnozu qoyulub. Elm adamları, ana bətnində yüksək BPA səviyyəsinə məruz qalan oğlan uşaqlarına daha çox diaqnoz qoyulduğunu aşkar etdilər. Qızlarda belə paralellik müşahidə olunmayıb.
Tədqiqatçılar daha sonra siçanlara BPA verərək tapıntıları sınaqdan keçirdilər və oxşar nəticələrlə qarşılaşdılar.
Araşdırmanın müəlliflərindən biri olan Dr. Vah Çih Bun "Biz BPA-nın aromataza fermentini maneə törətdiyini və autizm spektri pozğunluğu ilə üst-üstə düşə bilən kişi siçanlarında anatomik, nevroloji və davranış dəyişiklikləri ilə əlaqəli olduğunu gördük" deyib.
Autizm diaqnozu qoyulmuş oğlanlarda estrogen hormonu ilə əlaqəli olan aromataza fermenti də aşağı idi. Qızlarda bu fermentin sağlam bir miqdarının olmamasının autizmdən başqa fərqli problemlərə səbəb olduğu düşünülür.
Araşdırmaya rəhbərlik edən Anne-Luiz Ponsonbi deyir: “Bəzi tədqiqatlar hamiləlik zamanı plastikdə kimyəvi maddələrə məruz qalmanın uşaqlarda sonrakı autizmlə əlaqəli olduğunu aşkar edib”.
Bununla belə, bəzi ekspertlər tədqiqatın səbəb-nəticə əlaqəsi qurmadığını vurğulayırlar. Tədqiqatda iştirak etməyən Avstraliyadakı RMIT Universitetindən Elisa Hill-Yardin deyib: "Sidiklərində BPA olan qadınların hamısının autizmli körpələri olmayıb, ona görə də autizmə səbəb olmaq üçün təkcə bu plastiklərə məruz qalma kifayət deyil. Çox güman ki, amillərin, o cümlədən genetikanın birləşməsi buna kömək edir".
Hill-Yardin onu da qeyd edir ki, siçanların tapıntıları insanlara aid olmaya bilər. O, həmçinin bu heyvanların məruz qaldığı BPA miqdarının Avstraliyadakı insanların məruz qaldığından daha çox olduğunu deyir.
London Universitet Kollecindəki Uşaq Sağlamlığı İnstitutundan David Skuse deyir: "İnsanların sosial ünsiyyətinin incə detalları siçan modelində ölçülə bilməz".
Hill-Yardin deyir ki, yeni tədqiqat müəyyən gen dəyişikliyi olan körpələrin BPA-ya daha həssas ola biləcəyi ehtimalına işarə edir. Bu autizm riskini artıra bilər.
Mütəxəssislər, tapıntıların digər tədqiqatlar və qruplarla sınaqdan keçirilməsinin lazım olduğunu bildirirlər.