Polislə vətəndaşlar arasında qarşılıqlı anlaşma olmalıdır - Mehman Mehmanov

13:00 01.07.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Həftə içi” 2 İyul –Azərbaycan Polisi Günü ərəfəsində Daxili İşlər Nazirliyinin (DİN) Şəxsi Heyətlə İş İdarəsinin rəisi, istefada olan polis polkovniki Mehman Mehmanovla artıq bir əsrdən çox uzanan tarixi bir yol keçmiş Azərbaycan polisinin keçmişi və bu günü haqqında maraqlı söhbət edib.

- Mehman müəllim, öncə Sizi qarşıdan gələn Polis Günü münasibətilə təbrik edirəm.  Siz həm sovet dövründə, həm də müstəqilliyimizin bərpasından sonra – 30 ildən çox bir müddətdə daxili orqanlarda çalışmısız. Azərbaycan milisi və polisi haqqında yaddaşınızıda hansı təəssüratlar, xatirələr qalıb?

- 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən əsası qoyulmuş Azərbaycan daxili işlər orqanları bu günədək çox mürəkkəb, ziddiyyətli və keşməkeşli bir yol keçib. 2 ilə yaxın müddətdə yenicə formalaşmağa başlayan polisimiz 1920-ci ilin bolşevik işğalı nəticəsində 70 ildən çox  zaman kəsiyində “milis” adlanan daxili işlər orqanları ideoloji-siyasi  məngənədə sıxılsa da, daha çox Kremlin göstərişi ilə fəaliyyət göstərsə də, Azərbaycan xalqının asayişi, əmin-amanlığı üçün də xeyli işlər görüb. Odur ki, sovet dövründə də həm aşağı, həm yuxarı səviyyələrdə peşəkar, vicdanlı, xalqını, vətənini sevən milis kadrları da yetişib. O illərdə əsasən iqtisadi sahədə böyük və mütəşəkkil cinayətkar qrupların ifşası və zərərsizləşdirilməsi istiqamətində xeyli işlər görülüb.

...Mən 1981-ci ildə daxili işlər orqanlarında işə başlayanda Azərbaycan SSR daxili işlər naziri rəhmətlik Cəfər Vəliyev idi... O, öz işini bilən, savadlı,  bacarıqlı, nüfuzlu və ciddi bir rəhbər idi. Təsəvvür edin ki,  Cəfər müəllim  SSRİ-nin ovaxtkı lideri Leonid Brejnevin kürəkəni olan SSRİ DİN-in birinci müavini Çurbanova Azərbaycanla bağlı bəzi göstərişlərinə çox cəsarətlə etiraz edir, sözünü deyirdi.  Cəfər Vəliyevin  çatışmayan cəhəti o idi ki, özü rusdilli olduğundan kadr və idarəetmə işlərində də rusdilli şəhərlilərə, qeyri-millətlərə üstünlük verirdi. Odur ki, rayonlardan gələn savadlı, peşəkar kadrlar sanki diskriminasiyaya məruz qalırdı...

Orqanlarda işlədiyim ilk illərdən sovet dövrü Azərbaycanının ən mükəmməl və vicdanlı daxili işlər naziri, ümumiyyətlə, unikal şəxsiyyətlərindən biri  kimi 1970-1978-ci illərdə bu vəzifədə çalışmış Arif Heydərovun sorağını eşitmişəm. Rəhmətlik Azərbaycan türk xalqına məxsus dəyərləri özündə ehtiva edən böyük bir şəxsiyyət kimi tanınıb. Arif Heydərovun eyni zamanda böyük elmi dünyagörüşü də olub, bir neçə dil bilib. Onun mükəmməl idarəetmə prinsipləri, kollektivə, kadrlara etik normalar çərçivəsində yanaşması sayəsində nazir olduğu illərdə milis əməkdaşları özünü azad şəxsiyyət kimi hiss ediblər. Arif Heydərov bacarıqlı və nüfuzlu rəhbər işçi olmaqla yanaşı, dövlətinə, xalqına sədaqətli və  həm də sadə bir insan olub...

Yadımdadır ki, 1980-ci illərin ortalarında DİN-in təsərrüfat idarəsində dülgər işləyən bir erməni usta  sabiq daxili işlər naziri Arif Heydərov haqqında mənə maraqlı bir söhbət etmişdi... Ustanı göndəriblər nazirin bağında müəyyən təmir işləri görməyə. O da həmin vaxta qədər Arif Heydərovu yaxından görməyibmiş...  Səhər tezdən saat 5-də görüb ki, bağda kimsə idman formasında gəzir, elə bilib ki, bağban-filandı. Onu yanına çağırıb ki, a kişi, gəl mənə kömək elə, bir azdan nazir gələcək, işi qurtarmalıyam. Rəhmətlik Arif müəllim də dinməz-söyləməz gəlib erməni ustanın yanına. O da başlayıb nazirə buyurmağa; “Nərdivanı saxla, çəkici ver, kəlbətini ver...”. Bir azdan  digər bir neçə milis əməkdaşı Arif Heydərova yaxınlaşıb rəsmi milis salamı verəndə usta anlayır ki, bayaqdan uşaq kimi buyurduğu adam daxili işlər nazirinin özü imiş... Deyirdi ki, bunu başa düşən kimi, özümü nərdivandan aşağı atıb bağın darvazasına doğru qaçmağa başladım. Arif Heydərov isə ustanın ardınca yüyürərək çağırıb ki, “Ay kişi, geri dön, hələ məni sənin kimi işlədən olmamışdı...”. Nazir o ustanı geri qaytarıb səmimi söhbət edib və işini tamamladıqdan sonra çay-çörək də verdirərək mərifətlə yola salıb. Bu səbəbdən həmin erməni usta həmişə Arif Heydərovdan söz düşəndə göz yaşı içində deyirdi ki, ara, kaş, Azərbaycanın o nazirinə dəyən güllə mənim ürəyimə dəyəydi...

Cəfər Vəliyevdən sonra 1987-1990-cı illərdə nazir olmuş Aydın Məmmədovun dövründə də yenə də Moskvanın ideoloji-siyasi təzyiqlərinə, rusdillilərin meydan sulamasına rəğmən Azərbaycan üçün peşəkar milis kadrları yetişməyə başlamışdı. Aydın müəllim savadlı, bacarıqlı işçiləri heç bir təmənnasız  irəli çıəknməyə çalışırdı. Məsələn, o vaxt Gənəcə Milis İdarəsinin rəisi olan rəhmətlik Zahid Dünyamalıyevi özünün də xəbəri olmadan gözlənilmədən nazirin 1-ci müavini təyin etdi.  Zahid müəllim də Azərbaycan milisinə və gələcəkdə polisinə böyük nüfuz qazandıran şəxsiyyətlərdən oldu...

- Müstəqilliyimizin bərpası ərəfəsində Azərbaycan daxili işlər orqanları hansı təşəkkül yolunu keçdi?

- 1990-1991-ci illərdə SSRİ-nin çöküşü prosesi, milli azadlıq hərəkatının başlandığı dövrdə Azərbaycan daxili orqanları üçün daha mürəkkəb və məsuliyyətli bir dövr başlandı. Milislər cinayətkarlıqla yanaşı, Qarabağda və sərhədyanı bölgələrdə erməni terrorçu və işğalçı qruplaşmaları ilə qəhrəman  mübarizəyə başladı. Daxili orqan əməkdaşları gecə-gündüz səngərlərdə əsgər kimi keçik çəkirdi. Milislərimiz, polislərimiz arasında yüzlərlə şəhid, yaralı və əlilimiz oldu. Mənim özüm də Ağdamın kəndlərində döyüş əməliyyatlarında iştirak etmişəm...

O dövrdə qısa müddətdə daxili işlər naziri rəhmətlik Məhəmməd Əsədovun  xüsusi rolunu qeyd etmək vacibdir. 1992-1993-cü illərdə nazir olmuş mərhum İsgəndər Həmidovun da müəyyən nöqsanlarıyla yanaşı, orqanlarda korrupsiya və cinayətkarlığa qarşı mübarizədə, eləcə də erməni işğalçı və terrorçularına qarşı hərbi əməliyyatlarda Azərbaycan polisinin nüfuzunun yüksəlməsində xeyli rolu oldu...Ondan sonra cəmi bir neçə ay ərzində DİN-ə rəhbərlik etmiş Abdulla Allahverdiyev də öz peşəkarlıq, prinsipiallıq və obyektivliyi ilə yadda qalan nazirlərdəndir...

- 1994-cü ilin mayında Qarabağda atəşkəs elan olunduqdan sonra Azərbaycan polisinin əsas funksiyası, yəqin ki, dövlətimizin nəzarətindəki ölkə ərazilərində daxili sabitliyin qorunmasına yönəldi?

- Bəli, müstəqilliyimizin bərpasının ilk illərində  əsas vəzifələrdən biri də ölkədə sabitliyin bərqəqar olunması idi ki, bunu da Azərbaycan polisi təşkil etməyə başladı. Sabitlik olmasa idi, heç bir xarici şirkət respublikaya sərmayə qoymayacaq və iqtisadi inkişaf başlamayacaqdı.  Məhz 1993-1994-cü illərdə sabitlik yaradıldıqdan sonra 1994-cü ilin sentyabrında ölkə başçısı Heydər Əliyevin rəhbərliyi ilə “Əsrin müqaviləsi” imzalandı və Azərbaycana güclü kapital axını başlandı. Yadımdadır ki, 1993-cü ildə Prezident seçildikdən sonra, Heydər Əliyev o dövrdə Vaqif Novruzovun rəhbəri o olduğu  DİN-in kollegiyasında çıxış edərək ölkənin taleyinin daha çox polislərdən asılı olduğunu vurğuladı... Heydər Əliyevin dövlət başçısı olduğu dövrdə daxili işlər naziri kimi Ramil Usubov da bu qurumun formalaşmasında böyük rol oynamış yaddaqalan polis rəhbərlərindən olub...

Bu minvalla o günlərdən bugünədək Azərbaycan polisi böyük, sürətli və həm də adına layiq şərəfli bir inkişaf yolu keçdi. Bu gün demək olar ki, son 18 ildə dövlət başçısı İlham Əliyevin də gördüyü ciddi tədbirlər sayəsində Azərbaycan Ordusu kimi, Azərbaycan polisi də regionda sayılıb-seçilən, öz vəzifələrini layiqincə yerinə yetirən, kifayət qədər ciddi, intizamlı, güclü və sanballı bir güc qurumudur. Hazırda respublikamızda kriminogen durum  tam nəzarətdə saxlanılır...

Şükür Allaha ki, Ali Baş Komandanın siyasəti və şəhidlərimizin, qazilərimizin canı, qanı hesabına torpaqlarımız işğaldan azad olunub. İşğaldan azad bölgələrimizdə də polis əməkdaşları asayişi böyük qürur, əzm və iradə ilə asayişi təmin etməyə başlayıblar...

- 1990-cı illərin əvvəlindəki Azərbaycan polisi ilə bugünkü polis arasındakı fərqi necə xarakterizə edərdiniz?

- Bilirsiniz, fərqli cəhətlər çoxdur. Bir məqamı xüsusi qeyd etmək istərdim. Polisin  həm adi, həm də ekstremal vəziyyətlərdə əsas vəzifəsi asayişi qorumaq, ictimai təhlükəsizliyi təmin etməkdir. Bu günlərdə də Azərbaycan polisi zəruri hallarda dövlət rəhbərliyinin qanuni qərarlarına uyğun olaraq öz funksiyaları çərçivəsində digər işləri icra edir. Son illərdə baş vermis bəzi təbii və texnogen fəlakətlər zamanı, xüsusən də  üzdəniraq koronavirus pandemiyasının yayıldığı, ölkə rəhbərliyinin bu bəlaya qarşı mümkün və lazımi tədbirlər gördüyü son bir ildən çox  müddətdə məlum oldu ki, polis yaxşı mənada öz vəzifə funksiyalarından kənara çıxaraq çiyninə daha ağır yüklər götürür …

O  da fərəhli haldır ki, bu gün küçələrdə vəzifələrini yerinə yetirən polislərin əksəriyyəti boy-buxunlu,  şıq və səliqəli geyimli, eyni zamanda gülərüz, vətəndaşlarla kifayət qədər etika çərçivəsində davranan əməkdaşlardır. Onu da qeyd edim ki, sovet dövründə milislər arasında geyimi-gecimi bərbad vəziyyətdə olan milis əməkdaşlarına çox rast gəlinirdi. Buna görə cəzalar da tətbiq olunurdu. İndi, şükür Allaha, polisimizdə belə bir problem yoxdur… Son onilliklərdə, xüsusən də cənab daxili işlər naziri Vilayət Eyvazovun gördüyü ciddi tədbirlər sayəsində polis sistemində geyim, eləcə də nizam-intizam, subardinasiya qaydalarına riayət, əməkdaşların öz aralarında, xüsusən də vətəndaşlarla etik davranış məsələləri və s. yüksək səviyyədə həllini tapıb. Ancaq hesab edirəm ki, bundan sonra polis-xalq münasibətlərinin dərinləşməsinə daha ciddi yanaşmaq, bu sahədə müəyyən problemlərin aradan qaldırılmasına çalışamaq gərəkdir...

- Yeri gəlmişkən, son illər, o cümlədən qeyd etdiyiniz pandemiya dövründə bir sıra hallarda bəzi polis əməkdaşlarının vətəndaşlara qarşı kobud davranışları cəmiyyətdə polis-vətəndaş münasibətlərinin gərginləşməsinə səbəb olur. Uzun illər polis kadrları ilə çalışmış bir peşəkar polis polkovniki kimi belə problemlərin qarşısını almaq üçün nələri təklif edərdiniz?

- Bilirsiniz, onillərdən bəri Azərbaycanın müstəqil dövlətçiliyinin keşiyində duran aparıcı qüvvələrdən biri də məhz polisdir. Mən ölkədə, vətəndaş cəmiyyətində insanlara qarşı  hər bir zorakılığın əleyhinəyəm. Polis zorakılığının da lap kəskin və qəti şəkildə əleyhinəyəm. Eləcə də polisə qarşı zorakılığı da pisləyirəm. Belə hallara yol verilməməlidir. Cəmiyyətdə vətəndaş-polis ünsiyyəti, münasibəti dinc, sakit, nəzakətli, təmkinli bir məcraya yönədilməlidir. Yəni polislə vətəndaşlar arasında qarşılıqlı anlaşma olmalıdır. Onu vurğulamaq istəyirəm ki, uzun illərdir ki, ümumən DİN-də kurs belədir: polis xalqa xidmət etməlidir. Bunu  hörmətli nazir Vilayət Eyvazov dönə-dönə də tələb edir...

Xatırladım ki, DİN-də  Şəxsi Heyətlə İş  İdarəsinin rəisi vəzifəsində çalışarkən Azərbaycan polisinin etik davranış qaydaları barədə əsasnamənin bilavasitə mənim rəhbərliyim altında hazırlanıb.  “Təfəkkür” Universitetinin etika  kafedrasının ovaxtkı müdiri, rəhmətlik professor Tariyel müəllimlə birgə  neçə-neçə kitab üzərində işlədikdən sonra, bu əsasnaməni ortalığa qoymuşuq. Bilirsiniz ki, “etika” fransızca nəzakət deməkdir.  Həmin əsasnamədə polisin vətəndaşa necə müraciət etməsi, onun sənədlərini yoxlayan zaman necə davranması, sənədi hansı əlində tutub hansı əli ilə onu vərəqləməsi və s. kimi bütün hallar incə detallarınadək qeyd olunur. Bu əsasnamə kitabça şəklində bütün polis əməkdaşlarına paylanır. Yəni polislərimiz hamısı bu etika qaydalarıyla tanışdır və onlara maksimum əməl etməyə çalışır...”

Sözümün canı ondadır ki, ayrı-ayrı əməkdaşların davranışına görə Azərbaycan polisinin, ümumiyyətlə, xalqa qarşı zorakılıq etməsi haqda  fikir yürütmək doğru deyil. Bəli, etiraf etmək lazımdır ki, polislər arasında da peşəsinə etinasız yanaşanlar, kobud xarakterli, davranışlarına nəzarət edə bilməyənlər ola bilər. Hələ mən nazirlikdə işləyən dövrdə özüm şəxsən neçə belə əməkdaş barədə çox ciddi tərbirlər gördürmüş, neçəsini daxili işlər orqanlarından xaric etdirmişəm. Ümumi strategiya, dəst-xətt polisin Azərbaycanın ümidgahına çevrilməsi kursudur. Bu gün Azərbaycan dövlətinin ən əsas dayaqlarından biri polisdir. Polisi sarsıtmaq olmaz. Sadəcə, səhvə-xətaya meyilli əməkdaşları səhvdən, xətadan çəkindirmək gərəkdir. Xəta,cinayət edən polis barəsində ən qatı ölçü götürülməlidir. Sadə vətəndaşı, xalqı incidən polis əməkdaşı haqda ən ciddi, ən sərt cəza tədbiri görülməlidir. Və əmin olun ki, bu gün belə tədbirlər görülür...

Sonda  cənab nazir, eləcə də indiki və keçmiş rəhbər həmkarlarım da başda olmaqla, Azərbaycan polisinin bütün heyətini Polis Günü münasibətilə təbrik edir, hər bir polis əməkdaşına şəxsi və ictimai həyatında, ən başlıcası xidməti vəzifələrini icrasında uğurlar diləyirəm...

 

Oxunma sayı 206