Qazaxıstan vətəndaşları Gürcüstan sərhədində problemlə üzləşib

09:50 10.06.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rəsmi Astana qazaxıstanlı turistlərin Gürcüstanla sərhəddə qarşılaşdıqları problemlərə operativ reaksiya verib.

Hafta.az-ın Orda.kz-a istinadən yazdığına görə, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin rəsmisi Aybek Smadiyarov məlumat verib.

"Müəyyən siqnallar var idi, hər birini işləyirik. Dərhal konsulluq məsləhətləşmələri başladı. Konsulluq xidməti departamentindən olan nümayəndələrimiz yerli tərəflə birbaşa danışıqlar aparmaq üçün Gürcüstana uçdu. Biz soruşduq ki, nə baş verir, nələr olur?", - Smadiyarov bildirib.

Gürcüstan tərəfi problemləri etiraf edib, eləcə də təhlükəsizlik məsələlərinin prioritet olduğunu bildirib.

"Onlar dedilər ki, həqiqətən də bəzi xoş olmayan hallar yaşanıb, lakin bu, milli təhlükəsizliyin təmin edilməsi ilə bağlıdır. Ola bilsin ki, vətəndaşlarımız - turistlər, tələbələr, qonaqlar bu dalğaya düşüblər", - sözçü qeyd edib.

Gürcüstan tərəfi gələcəkdə anlaşılmazlıqların qarşısını almaq üçün sərhədçilər və gömrükçülərlə işi gücləndirəcəyinə söz verib.

"Xarici vətəndaşlarla ilk dəfə görüşənlərlə çox ciddi söhbət olacaq. Qarşılıqlı anlaşma əldə olunub, əgər daha çox iş olarsa, hər birinə fərdi baxacağıq", - Qazaxıstan XİN nümayəndəsi əmin edib.

Ümumiyyətlə, qazaxların Gürcüstandan deportasiya səviyyəsi bu gün aşağı olaraq qalır. Əvvəllər qazaxıstanlı səyahətçilərin Gürcüstan sərhədini keçərkən çətinliklə üzləşdiyi bildirilirdi. Vizasız rejimə baxmayaraq, getdikcə daha çox vətəndaş ölkəyə girişdən əsassız imtinalar, uzun sorğu-suallar və sərhədçilərin kobud rəftarları barədə məlumat verir.