Qərbi qorxudan DeepSeek-dən Çində müalicə üçün istifadə olunur

09:51 17.02.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Gənc çinlilər terapiya üçün Qərb ölkələrində casusluq müzakirələri yaradan süni intellektlə dəstəklənən söhbət proqramı DeepSeek-dən istifadə edirlər.

Hafta.az-ın yazdığına görə, çinli mühəndislər tərəfindən dizayn edilən DeepSeek, digər süni intellekt şirkətləri ilə müqayisədə aşağı qiymətə və az sayda çipdən yararlanaraq hazırladığı yeni açıq mənbə modeli DeepSeek-R1-i yanvarın 20-də təqdim edib. O vaxtdan bəri böyük tələbat olan proqram hesabatların hazırlanmasından, Excel formullarının yazılmasından tutmuş səyahət planlamalarına qədər bir çox məqsədlər üçün istifadə olunur.

Bununla belə, proqram təminatının hazırlandığı ölkənin gəncləri də proqramdan psixoloji dəstək üçün istifadə edirlər.

BBC-də adı Holli Vanq olaraq dəyişdirilən 28 yaşlı Çin vətəndaşı həyatda qarşılaşdığı dilemmalar haqqında DeepSeek-dən məsləhət aldığını bildirir: “DeepSeek mənim üçün inanılmaz bir mentor oldu. Bu, məni hər şeyə fərqli nöqteyi-nəzərdən baxmağa vadar etdi və sınaqdan keçirdiyim ödənişli psixoloji məsləhət xidmətlərindən daha yaxşı iş gördü”.

Holli deyir ki, o, ilk dəfə nənəsini itirdikdən sonra DeepSeek-dən istifadə edib. Nənəsi üçün vida məktubu yazmağı xahiş edəndə proqramın çox yaxşı iş gördüyünü izah edən Holli süni intellektin ona aşağıdakı poetik cavabı verdiyini deyir: “Unutma ki, səni titrədən bütün bu sözlər uzun müddətdir ki, ruhunda mövcud olanların əks-sədasıdır. Mən sənin arabir keçib getdiyin, öz səsinin ağırlığını eşitməyə imkan verən bir dərədən başqa bir şeyəm”.

Gənc deyir ki, proqramdan bu mesajı alandan sonra çox təsirlənib və ağlamağa başlayıb.

Çində Alibaba, Baidu və ByteDance kimi şirkətlər tərəfindən istehsal edilən süni intellektlə dəstəklənən söhbət botları da var, lakin Holli onların heç birinin DeepSeek qədər yaxşı olmadığını bildirir.

Kaliforniya Universitetindən Nan Jia istifadəçilərə emosional dəstək vermək üçün süni intellekt proqram təminatının imkanlarını öyrənir. Nan qeyd edir ki, bu proqramlar insanlarla müqayisədə “daha ​​yaxşı dinləmə qabiliyyətinə” malikdir. Digər tərəfdən, o, onu da xatırladır ki, süni intellekt botları peşəkar psixoloji məsləhət xidmətlərini əvəz edə bilməz.

Adının açıqlanmasını istəməyən başqa bir çinli gənc, DeepSeek ilə söhbətlərinin baxışlarını dəyişdiyini bildirir: “DeepSeek məni azad edən yeni perspektivlər təklif etdi. Mənə elə gəlir ki, o, həqiqətən sualınızı anlamağa və cavab verməzdən əvvəl sizi bir insan kimi tanımağa çalışır”.

ABŞ şirkətləri ilə rəqabət aparan modelləri daha ucuza hazırlayıb satdığını iddia edən DeepSeek, Nvidia-dan Microsoft-a qədər texnologiya nəhənglərinin yüz milyardlarla dollar dəyər itirməsinə səbəb olub. Avropada isə platformaya ilk qadağa İtaliyadan gəlib. Proqram Pentaqonun həyəcanına da səbəb olub.