Qorbaçovun apardığı uğursuz siyasət ən zəif halqa olan milli münasibətlərə münasibəti dəyişdi – Vitse-spiker

12:07 20.01.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan xalqı 20 Yanvar tarixini təkcə faciəli təqvim kimi yox, eyni zamanda, xalqın azadlıq uğrunda mübarizə tarixi kimi qeyd edir.

Bu fikirləri hafta.az-a Milli Məclisin sədr müavini Fəzail İbrahimli deyib:

“20 Yanvar faciəsi illərlə sovet imperiyası tarixində qol-qola verib böyük qələbələr çalan sovet insanının əxlaqına, şüuruna yad düşüncə kimi daxil olan Moskvanın yeritdiyi siyasət oldu. Biz II Dünya müharibəsində minlərlə insanımızı qurban verdik. Qələbənin əsas ilhamvericisi Azərbaycan nefti, xalqı oldu. Bütün bunlar imperiya tərəfindən ögey münasibətlərlə qarşılansa da, xalqımız bütün bunlara səbirlə yanaşdı.

Lakin Topxana meşəsində Azərbaycana qarşı olan haqsızlıq xalqı ayağa qaldırdı. Xalq meydana çıxdı, imperiyaya lənət oxudu və onun mahiyyəti uşaqdan-böyüyə qədər hər kəsə məlum oldu. Belə bir ərəfədə  Moskvada Qorbaçovun apardığı uğursuz siyasət, eyni zamanda, sovet imperiyasını saxlayan və onun zəncirində ən zəif halqa olan milli münasibətlərə münasibət dəyişdi. Məlum oldu ki, bu imperiya xalqların dostluğu üzərində yox, Qorbaçovun ətrafında fırlanan ermənilərin istəkləri üzərində hərəkət edir. Beləliklə, “Dağlıq Qarabağ” problemi meydana gəldi və xalq Topxana hadisələrindən sonra monolit şəkildə birləşdi. Bu xalqı əzmək, eyni zamanda, “tərbiyə” edib, digər sovet respublikaları arasında “İmperiya güclüdür, Moskva bunun öhdəsindən gələ bilər”, - xofu yaradılmalıydı.  Xalqın iradəsi qırılmadı, dinc, əliyalın xalq tankların qarşısına çıxdı, böyük faciə yaşadı. Yanvar ayının 3-də Yazovun rəhbərliyi ilə Gəncədə iclas keçirildi, Bakıda olan nümayəndələr təlimatlandırıldı, hətta o planın həyata keçirilməsi üçün 20-ci ildə Cümhuriyyət hökumətini devirmək üçün hazırlanan plan da arxivlərdən çıxarıldı. Həmin planın adını “Tayfo” qoydular.  Yanvarın 13-14-də dövlət təhlükəsizlik orqanları tərəfindən hazırlanmış təxribat baş tutdu, 2 azərbaycanlı erməni tərəfindən öldürüldü və nəticədə, bu xalqı qırmaq üçün şərait yarandı.  Sumqayıtda məlum hadisələr törədildi. Bundan 2 saat sonra Fransa televiziyası yalançı reportaj verdi ki, “Azərbaycan erməniləri qırır”. Bütün bunların hamısı eyni zəncirin ayrı-ayrı halqaları idi.

“20 Yanvar” hadisəsindən sonra imperiyaya qarşı özünün səsini qaldırıb, Azərbaycanın nümayəndəliyində hakimiyyəti ifşa edən, Qorbaçov siyasətinin mahiyyətini açan Heydər Əliyev məsələnin nədən ibarət olduğunu dünyaya bəyan etmişdi, hadisəni törədənləri lənətləmişdi.

Artıq tarixin ağır sınaqlarından çıxan gənclərimiz  bu gün döyüş ruhu ilə Şuşanın dağlarını aşaraq əliyalın aldısa, bu, ideologiyanın hansı səviyyədə olduğunu göstərir. İdeologiya o zaman güclü olur ki, insanları qətiyyətə, hünərə, cəsarətə sövq edir”.

Oxunma sayı 30
Siyasət rubrikasından digər xəbərlər