Quş qripi ilə bağlı yeni araşdırma virusun məməlilər arasında nə qədər effektiv ötürüldüyünü ortaya qoyub. Mütəxəssislər virusun yeni bacarıqlar əldə edəcəyindən narahatdırlar.
Hafta.az-ın “NBC News”a istinadən yazdığına görə, H5N1 adlı quş qripi virusunun ağır variantı 2020-ci ildən bütün dünyada heyvanlar arasında yayılmağa başlayıb.
Bu il A(H5N1) virusunun ilk dəfə olaraq inəkdən insana keçdiyi qeydə alınıb və geniş narahatlıq doğurub. ABŞ fermalarında hallar artsa da, Ümumdünya Səhiyyə Təşkilatı insanlar üçün riskin az olduğunu bildirir.
Digər tərəfdən, bəzi ekspertlər quş qripinin hər an yeni pandemiyaya səbəb ola biləcəyi qənaətindədir.
ABŞ-da inəklərdə virusu araşdıran elm adamları quş qripinin müxtəlif məməlilər arasında yayıldığını aşkar ediblər.
“Nature” jurnalında dərc olunan araşdırmada ABŞ-da 9 fermada inəklərdə müşahidə edilən ilk quş qripi halları araşdırılıb. Tədqiqatçılar H5N1 virusunun təsərrüfatlar arasında sürətlə yayıldığını aşkar ediblər. Bundan əlavə, genetik analiz aparan qrup pişiklərin və yenotların da inəklərdən virus tutduğunu aşkarlayıb. Daha əvvəl pasterizə olunmamış süd içən pişiklərin öldüyü bildirilmişdi.
Kornell Universitetindən virusoloq Dieqo Diel həmmüəllifi olduğu araşdırmanı belə qiymətləndirir: Effektiv və davamlı məməlidən məməliyə ötürülməsinin ilk sübutlarından biri. Alimlər deyirlər ki, müxtəlif suşlar arasında ötürülmə nəzarəti çətinləşdirir və insanlara yayılma riskini artırır.
Araşdırmada qeyd olunub ki, virusa yoluxmuş inəklərin istehsal etdiyi süd azalıb və pisləşib, bəzi təsərrüfatlarda heyvanlar demək olar ki, iki dəfə tez ölməyə başlayıb.
İyunda H5N2 adlı virusun fərqli variantı ilk dəfə bir insanın ölümünə səbəb olub. Meksikada baş verən hadisədən sonra virusun inkişaf etdiyinə dair narahatlıqlar artır.
H5N1 artıq qütb ayıları, su samurları, dələlər, delfinlər və keçilər kimi müxtəlif məməlilərdə aşkarlanıb. Mütəxəssislər virusun digər qrip viruslarından gen götürərək növlər arasında sıçrayış potensialı barədə xəbərdarlıq edirlər.
Emori Universiteti Tibb Fakültəsindən virusoloq Anis Louen bildirir ki, səlahiyyətlilər eyni zamanda həm mövsümi qripə, həm də H5N1 virusuna yoluxma riskinə qarşı diqqətli olmalıdırlar.
Yeni araşdırmada iştirak etməyən Louen inəklərdəki virusun hazırda insanlar üçün ciddi təhlükə yaratmadığını deyir və əlavə edir: “Amma düşünürəm ki, risk virusun təkamülündədir. Viruslar yeni hostlara uyğunlaşdıqca dəyişir”.