Moskvadakı bəzi restoranlar müştəri dövriyyəsini artırmaq və qiymət artımının qarşısını almaq məqsədilə qonaqların oturma vaxtını 2-2,5 saata məhdudlaşdırmağa başlayıb. Xüsusilə axşam saatlarında tətbiq edilən bu üsul, restoranların daha çox müştəri qəbul etməsi üçün işə düşür.
Hafta.az-ın yazdığına görə, sənaye nümayəndələri bu təcrübənin bütün dünyada geniş yayıldığını və tələbatın yüksək olduğu yerlərdə iqtisadi zərurətə çevrildiyini bildirirlər.
Auto Plus kanalı ilə tanınan restorançı Dmitri Levitski bu üsulun restoran iqtisadiyyatının təbii bir hissəsi olduğunu müdafiə edir. Levitskinin sözlərinə görə, tələbat yüksək olan restoranlarda axşam saatlarında hər stolu ən azı iki dəfə zəbt etmək lazımdır: "İki saat yemək yeyib söhbət etmək üçün kifayətdir. Amma qonaqlar sadəcə oturub çay içsələr, restoran pul itirəcək!"
Eynilə, şəhərdəki kiçik kafe və yeməkxanalarda da həftə sonlarında oxşar praktikalara daha çox rast gəlindiyi və diqqəti cəlb etdiyi bildirilir.
Torro Grill və Boston Seafood & Bar kimi şəbəkələrin meneceri Kirill Martinenko vurğulayır ki, vaxt məhdudiyyəti masanın ölçüsünə görə dəyişir və xüsusilə iki və ya dörd nəfərlik rezervasiyalar üçün keçərlidir. Bu cür məhdudiyyətlər böyük qruplara şamil edilməsə də, adətən sifariş zamanı müştərilərə məlumat verilir.