Rusiya əsgərinin vecinə deyil, Qarabağ necə adlanır – Tahir Cəfərli

17:37 01.09.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Siyasi analitik Tahir Cəfərli ilə hafta.az üçün növbəti söhbətimizdə Qarabağ və Ermənistandakı son durum, torpaqlarımızdakı Rusiya sülhməramlılarının son 9-10 ay müddətindəki fəaliyyəti, Əfqanıstanda Talibanın hakimiyyətə gəlməsi və gündəmdə olan digər mövzuları təhlil etməyə çalışdıq.

-Tahir müəllim, 10 Noyabr üçtərəfli razılaşmasından bəri keçən 10 aya yaxın müddətdə Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingentinin Qarabağdakı fəaliyyətini necə dəyərləndirirsiz? Onların ilk günlərdən tərtib etdiyi xəritələr, rəsmi missiyalarından kənar gördükləri işlər və s. Azərbaycanın dövlət suverenliyi və ərazi bütövlüyünə hörmətsiz yanaşdıqlarını göstərir. Məsələn, Xankəndini rəsmi adıyla yox, ermənilər istədiyi kimi, “Stepanakert” adlandırırlar. Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. Amma Rusiya hərbi komandanlığı rəsmi xəbər və müsahibələrində  nəinki “Dağlıq Qarabağ” məhfumunu işlədir, üstəlik, hələ Laçın rayonunu da bəzən “Laçinksiy rayon Naqornoqo Karabaxa”, yəni “Dağlıq Qarabağın Laçın rayonu” kimi təqdim edir. Laçının özündə və dəhliz ərazisindəki kəndlərdə qanunsuz məskunlaşmış ermənilərə “Dağlıq Qarabağın yerli sakinləri” kimi yardım göstərirlər və s.

- Rusiyalı sülhməramlılar faktiki olaraq 10 Noyabr Üçtərəfli sazişindən irəli gələn bir çox muddəaları yerinə yetirmirlər. Onlar burada  Rusiyanın siyasətini deyil, erməni diasporunun tələblərini yerinə yetirirlər. Aydındır ki, pula satılan hərbçilərdir. Əslində onlar Üçtərəfli sazişdən irəli gələn nə varsa, hamısına əməl etməlidirlər. Ancaq gecikirlər. Rus sülhməramlılarının yerləşdiyi ərazini ermənilər kimi adlandırması Rusiyanın siyasətinə uyğun deyil. Rusiya rəhbərləri “Stepanakert”i Xankəndi adlandırırlar. Bu o deməkdir ki, əvvəl-axır belə olacaq...

Aydındır ki, Qarabağda hələ də qanunsuz erməni silahlı dəstələri gizlənir. Məqsədləri isə Qarabağda yeni müharibə qaynatmaqdır. Müharibənin bərpası isə Rusiyanın fövqəldövlət kimi imicini heçə endirə bilər. Belə olduğu halda Minsk Qrupunun oyunları başlaya bilər. Sülhməramlılar erməni  provakasiyalarının qarşısını almaq və tranzit yollarını işə salmaq üçün əllərindən gələni etməlidirlər... 

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazisində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur” deməsi təsadüfi deyil. Azərbaycan rəhbərliyi bütün məsələləri Rusiya rəhbərliyi ilə çoxdan həll edib...

Bu saat Ermənistan tərəfi 1975-ci ildəki sərhədlərinə qayıdır. Maraqlısı budur ki, bu işdə də sülhməramlıların böyük rolu vardır. Yoxsa dığaları tutduqları yerdən çıxarmaq olardı?..

Laçın dəhlizinin açılması Zəngəzur dəhlizinin açılmasına dəlalətdir... Siz Laçının Rusiya əsgəri tərəfindən necə adlandırdıqlarına fikir verirsiniz. Yaxşı olar ki, Laçında bir erməninin  qalmadığından, Xankəndində bu saat vur-tut 15 mindən az erməni qaldığından danışın. Allah qoysa, onların biri də Qarabağda qalmayacaq...

Biz  anlamaq istəmirik ki, Rusiya əsgərinin vecinə deyil, bu torpaq, Qarabağ kimindir və adı nədir, necə adlanır. Bizi Putinin, Lavrovun bu yerləri necə adlandırması düşündürməlidir. Mənşəyi erməni olan Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov “Stepanakert” sözünü demir, Xankəndi deyir. Əsas elə budur...

Rusiya rəhbərləri ermənilərin əlindən yanıqlıdırlar. Onların Fransadan 2.5 milyard avro götürmələri və  10 Noyabr Üçtərəfli sazişə əməl etmək istəməmələri Rusiyanı hiddətləndirir. NATO öz qoşunlarını ermənilərin əliylə Ermənistana yerləşdirmək istəyir. Buna görə də onların analarını ağlar qoyacaqlar. Hər 100 ildən bir bu və ya digər fövqəldövlət ermənilərin qanını tökür, az qalır, dünyadan izlərini silsinlər. İndi növbə Rusiyanındır və bu prosesi heç kim  dayandıra bilməz...

-Son günlər Azərbaycan tərəfdən Gorus-Qafan yolunun bağlanmasının mahiyyəti nədən ibarət idi?

-Bu, ilk növbədə Ermənistan tərəfindən Üçtərəfli sazişin bütün müdəalarına əməl edilməsi tələbi ilə bağlı idi. Azərbaycan tərəfi onu göstərdi ki, öz ərazisinə sahibdir və oraya ayaq basanlar Azərbaycandan icazə almalıdırlar. Bir də Gorus-Qafan yolunun bağlanılması Azərbaycanın Rusiya rəhbərliyinə xəbərdarlığı idi ki, sülhməramlılar bəzi hallarda öz vəzifələrini yerinə yetirmirlər.

-1988-1990-cu illərdə Volskinin rəhbərliyi ilə Qarabağda qurulmuş xüsusi idarə də Qarabağla daha çox Ermənistanın əlaqə yaratmasına şərait yaradır, bu ərazi birbaşa Moskvaya tabe edilir, İrəvandan mütəmadi olaraq həm rəhbər şəxslərin, həm də separatçı emissarların Xankəndinə gəlişinə şərait yaradır, Azərbaycan rəhbərliyinin isə buraya sıx müdaxilə etməsinə imkan vermirdi. Deyəsən, elə Rüstəm Muradovun komandanlıq etdiyi sülhməramlı kontingent də Qarabağı Azərbaycandan ayırmaq üçün oxşar işlər görür?

-O dövrlə bu dövrün arasında böyük fərq var. Onda zaman ermənilər üçün işləyirdi. Qorbaçov SSRİ-ni dağıtmaq üçün ermənilərdən istifadə edirdi. İndi isə Rusiya özünü pandemiyadan irəli gələn iqtisadı böhrandan və ABŞ-ın sanksiyalarında qorumaq üçün Cənubi Qafqazın tranzit yollarından bəhrələnmək istəyir. Rusiyanın bir məqsədi var: nəyin bahasına olursa-olsun, bu yolları işə salsın. Bundan əlavə, Lenin-Atatürk sazişi əsasında Turkiyə-Rusiya dostluğu və əməkdaşlığı başlayır. Odur ki, Rusiya iqtisadi maraqlarından çıxış edərək Azərbaycanın Qarabağı azad edilməsinin qarşısını almadı. Yadınıza 2016-cı ili salın...`

-Amma deyəsən, Paşinyan Qarabağ və Zəngəzur məsələlərini həll etmək istəyir, müxalifət imkan vermir?

-Paşınyanın başqa yolu yoxdur. İmza atdığı sənədin bütün şərtlərinə əməl etməlidir və edəcək. Dəhlizin işləməsi Ermənistanın da iqtisadi marağındadır və inanırıq ki, o, tezliklə açılacaq...

-Əfqanıstandakı son hadisələr, ABŞ ordusunun çıxması, taliblərin hakimiyyətə gəlməsi, guya “İŞİD”in Kabil aeroportunda terror törətməsini, Pentaqonun yenə də terrorçu adıyla dinc əhalini bombalamasını və s. necə dəyərləndirirsiz?

-Əfqanistanda hakimiyyətə gələn talibanlar əli silahsız paytaxt Kabili tutdular. Bu, ondan xəbər verir ki, əfqan xalqı Talibanın dövlətçilik ideyaları ilə razıdırlar. ABŞ və Avropa ölkələri bu diyarı 20 il ərzində heç bir inkişafı olmayan ölkəyə çevirmişdilər və onun təbii sərvətlərini oğurlayıb aparırdılar. Razılaşmalıyıq ki, Əfqanıstan yeni bir İslam dövlətinə çevrilir. Bunun  nəyi pisdir? Həya-abır, namus-qeyrət, böyük-kiçikliyin nə olduğunu bilən, heç bir ölkədən asılı olmayan vətənpərvərlərin dövləti yaranır...

ABŞ ordusunun Əfqanstandan çıxmasını isə əfqan xalqının qələbəsi kimi dəyərləndiririk. Terror hadisəsi ilə talibanların heç bir əlaqəsi ola bilməz. Bu terroru edənlər elə Əfqanistanda qarşıdurma yaratmaq istəyən dövlətlərin əməlidir...

Oxunma sayı 114