Hər gün zirehli texnikanın sıradan çıxması, artilleriya qurğularının zədələnməsi halları baş verir...
Pokrovsk istiqamətində Rusiya hərbçilərinin döyüşlərdə iştirak etməmək üçün özlərinin texnikalarını sıradan çıxarması halları artıb.
Hafta.az “TSN”-ə istinadla xəbər verir ki, bu barədə Ukraynanın "ATEŞ" pratizan hərəkatı məlumat yayıb.
“Son ay yarım ərzində ən azı 12 zirehli texnika və nəqliyyat vasitəsi qəsdən zədələndiyi üçün yararsız vəziyyətə salınıb”, - məlumatda belə deyilir.
Mövcud məlumata görə, 5 piyada döyüş maşını və 2 "T-72" tankı döyüş mövqelərinə göndərilməzdən əvvəl sıradan çıxarılıb. Həmçinin mühərriklərin və transmissiyaların qəsdən xarab edilməsi səbəbindən 4 yük maşını və 1 zirehli transportyor fəaliyyətini dayandırıb.
"Belə halların əksəriyyəti 37-ci motoatıcı briqada və 5-ci tank briqadasının hərbçiləri arasında qeydə alınır. Bu bölmələr dəfələrlə əmrləri yerinə yetirməkdən imtina edib və hazırda Rusiya komandanlığı texnikanın kütləvi nasazlığı ilə bağlı araşdırmalara başlayıb", - "ATEŞ" əlavə edib.
Şəxsi heyət arasında narazılıq artır - daha çox əsgər ölüm riskinin yüksək olduğunu anlayaraq cəbhəyə göndərilməkdən yayınmağa çalışır.