Rusiya süni intellektlə idarə edilən yük maşınını təqdim etdi

09:15 13.12.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın ilk kabinsiz avtonom yük daşıma vasitəsi prototipi Moskvada keçirilən AI Journey beynəlxalq konfransında təqdim edilib. Navio şirkəti tərəfindən hazırlanmış bu sürücüsüz yük maşını ənənəvi sürücü kabinəsinə ehtiyac olmadan işləyir.

Hafta.az-ın yazdığına görə, mövcud KamAZ və Navio avtonom yük maşınlarında hələ də sürücülər üçün kabin olsa da, bu yeni model tamamilə sürücüsüz olmaq üçün nəzərdə tutulub və ona sürücü oturacağı, ön şüşə və yan şüşələr daxil deyil. Bu dizayn istehsal xərclərini azaltmaqla yanaşı, aerodinamik səmərəliliyi artırır.

L5 modeli adlanan bu sürücüsüz yük maşını süni intellekt tərəfindən idarə olunur və sutkada 23 saata qədər fasiləsiz işləyə bilir.

Navio-nun açıqlamasına görə, L5-in modul kabini müxtəlif istehsalçıların traktor şassilərinə inteqrasiya oluna bilər.

Hazırda sürücüsüz yük maşını qapalı sınaq zonalarında müxtəlif ssenarilər üzrə süni intellekt davranış testlərinə məruz qalır. Bu texnologiya geniş yayıldıqca, nəqliyyat sektorunda səmərəliliyin artacağı və xərclərin azalacağı gözlənilir.