Rusiya təyyarə tapmır: SJ-100-lər gecikir

10:34 21.06.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın hava yolları nəhəngi Aeroflot, 2030-cu ilə qədər donanmasına qoşulması planlaşdırılan 200 yerli MS-21 sərnişin təyyarəsindən yalnız 108-ni qəbul edə biləcəyini açıqladı. Qalan 92 təyyarənin tədarükü 2032-ci ilin sonuna qədər təxirə salınacaq.

Hafta.az-ın “Kommersant”a istinadən yazdığına görə, bu haqda şirkətin baş meneceri Sergey Peteroms bildirib.

2022-ci ildə Aeroflot, “Rostec” dövlət müdafiə sənayesi şirkətinin bir hissəsi olan Birləşmiş Təyyarə Şirkəti (OAK) ilə ümumilikdə 339 yerli istehsal təyyarəsinin alınması üçün niyyət müqaviləsi imzaladı. Bu çərçivədə 210 MS-21, 89 Superjet 100 və 40 Tu-214 təyyarəsi sifariş edilib. Bununla belə, Aleksandrovski bildirib ki, Aeroflot artıq öz donanmasına SJ-100 və Tu-214 təyyarələrini əlavə etməyi planlaşdırmır və onlar yalnız MS-21 modellərinə diqqət yetirirlər.

MS-21-310 modeli Rusiya istehsalı olan PD-14 mühərrikləri ilə təchiz edilmiş, 181-dən 211 sərnişinə qədər tutumlu yeni nəsil orta məsafəli sərnişin təyyarəsi kimi təqdim edilir. Hazırda sertifikatlaşdırma prosesində olan modelin ilk tədarükünə bu il başlanması planlaşdırılır. Aeroflot indiyədək yalnız 18 MS-21 təyyarəsi üçün sifariş verib. Qalan təyyarələrlə bağlı danışıqların davam etdiyi və çatdırılma qrafikinə paralel olaraq yeni müqavilələrin imzalanacağı bildirilir.

Şirkətin hazırkı donanması 349 təyyarədən ibarətdir. Bunların əksəriyyəti regional marşrutlarda uçan orta məsafəli Boeing 737-800 və SJ-100 təyyarələridir. Aeroflot donanmasındakı təyyarə növlərini sadələşdirməyi hədəflədiyini, bunun həm əməliyyat səmərəliliyi, həm də pilot və kadr hazırlığı baxımından üstünlüklər təmin edəcəyini vurğulayır. “Boeing 737-800” təyyarə parkının bir hissəsinin aşağı büdcəli “Pobeda” aviaşirkətinə verilməsi gündəmdədir.

Dünən Rusiya mətbuatı təyyarələri istehsal edən OAK şirkətinin 1500 işçisini ixtisar edəcəyini yazıb.