Rusiyada 640 min nəfər qeydiyyatsız immiqrant var

10:35 28.03.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın baş naziri Mixail Mişustin ölkədə təxminən 640 min qeyri-qanuni mühacirin olduğunu açıqlayıb. Mişustin Dövlət Dumasında çıxışı zamanı 2025-ci il fevralın 5-dən qüvvəyə minən qeyri-qanuni mühacirlərin dövlət reyestrinin ilk məlumatlarını paylaşıb. Sisteme görə, bu şəxslərin hamısı Daxili İşlər Nazirliyinin nəzarəti altında qeydiyyatdadır.

Hafta.az-ın “Moskviçmag”a istinadən yazdığına görə, yeni tətbiqdə ölkədə qeyri-qanuni olan xarici vətəndaşlara qarşı müxtəlif məhdudiyyətlər nəzərdə tutulub. Mişustin, "Daxili İşlər Nazirliyi çox təsirli bir iş həyata keçirdi. Ölkəyə qeyri-qanuni yollarla daxil olan və ya müddəti bitmiş viza ilə qalan mühacirlərə qarşı ciddi tədbirlər görüldü" deyib. Sistem fəaliyyətə başladığından bəri qeyri-qanuni immiqrantların sayında təxminən 30 min nəfər azalma müşahidə olunub.

Daxili İşlər Nazirliyinin ötən il paylaşdığı məlumatlara görə, 2024-cü ilin oktyabr ayı etibarilə Rusiyada qeyri-qanuni mühacirlərin sayı 740 min nəfər olub və onların əhəmiyyətli hissəsini qadınlar və uşaqlar təşkil edib. Yeni sistemlə immiqrantların təkcə rəqəmləri deyil, şəxsiyyət məlumatları da daha sərt nəzarət altındadır.

2024-cü ilin dekabrında Moskvada istifadəyə verilən pilot tətbiq çərçivəsində ölkəyə daxil olan bütün əcnəbilər biometrik məlumatları təqdim etməyə borcludurlar. Bu günə qədər təxminən 2 milyon insandan məlumat toplandığını bildirən Mişustin, saxta şəxsiyyətlərdən yararlanan və ya məlumatları dəyişdirən 550-dən çox adamın müəyyən edildiyini bildirib. Hökumət 2025-ci ilə qədər bütün ölkə üzrə tətbiqləri genişləndirməyi hədəfləyir.