Rusiya Daxili İşlər Nazirliyi xarici investorlara ölkədə birbaşa yaşama icazəsi verən “qızıl viza” alan xarici investorlarla bağlı təfərrüatları açıqlayıb. Nazirliyin məlumatlarına görə, ən çox investor yaşamaq icazəsi (VNH) alanlar Türkiyə vətəndaşları olub.
Hafta.az-ın yazdığına görə, martın 17-nə qədər Türkiyədən üç nəfər investisiya yolu ilə yaşayış icazəsi alıb, ikinci yerdə qərarlaşan Almaniyadan iki, ABŞ, Gürcüstan, Azərbaycan, Çin və Cənubi Koreyadan isə hər birindən bir nəfər gəlir.
“İzvestiya” qəzetinə açıqlamasında Daxili İşlər Nazirliyinin rəsmiləri bildiriblər ki, ümumilikdə 10 xarici investor Rusiyadan yaşayış icazəsi alıb.
2023-cü ilin yanvarında qüvvəyə minən yeni qanunvericilik çərçivəsində Rusiya müəyyən meyarlara cavab verən xarici investorlara yaşayış icazələrinin birbaşa verilməsi praktikasına başlayıb. "11 yanvar 2023-cü il tarixindən etibarən Rusiyaya sərmayə qoyan xarici ölkə vətəndaşları və onların ailə üzvləri müvəqqəti yaşamaq icazəsi almadan birbaşa daimi yaşayış icazəsi üçün müraciət etmək hüququna malikdir", - nazirliyin məlumatında deyilir. Yeni tənzimləmə Rusiyaya kapital gətirən xarici investorlara daha sürətli və asan yaşayış imkanları təmin etmək məqsədi daşıyır.
“Qızıl viza” proqramı xüsusi olaraq daşınmaz əmlak alqı-satqısı və birbaşa investisiyalar vasitəsilə Rusiya iqtisadiyyatına töhfə verən əcnəbilər üçün nəzərdə tutulub. Lakin bu günə qədər verilən yaşayış icazələrinin sayının kifayət qədər məhdud olması prosesin xarici investorlar üçün cəlbediciliyinin aşağı ola biləcəyindən xəbər verir. “İzvestya”nın fikrincə, proqramın uzunmüddətli perspektivdə nə qədər maraq cəlb edəcəyi investisiya meyarlarının yumşaldılıb-yumşalmamasından asılı olaraq dəyişə bilər.
Rusiyanın “qızıl viza” proqramı çərçivəsində yaşayış icazəsi almaq üçün müəyyən investisiya məbləğləri və şərtləri var. İnvestorlar Rusiya şirkətinə ən azı 15 milyon rubl sərmayə qoymalı və ya alternativ olaraq ən azı 50 milyon rubl xarici şirkətə sərmayə yatırmalıdırlar. Bu şirkətlərin ən azı üç il fəaliyyət göstərməsi, ən azı 6 milyon rubl vergi ödəməsi və ən azı 25 nəfəri işə götürməsi tələb olunur.
İnvestorların ilkin kapitalı ən azı 10 milyon rubl olan və ən azı 10 Rusiya vətəndaşını işə götürən Rusiya şirkəti yaratması da mümkündür. Alternativ olaraq, yaşayış icazəsi üçün müraciət etməzdən əvvəl üç il ərzində ən azı 30 milyon rubl dəyərində Rusiya dövlət istiqrazları və ya daşınmaz əmlak əldə edilməlidir. Proqramın tələblərinə neft-qaz, kənd təsərrüfatı, enerji, tibb, informasiya texnologiyaları və tədqiqat kimi konkret sektorlara investisiyaların edilməsi və investisiya məbləğinin qanuni mənbədən gəldiyinin isbatlanması daxildir.