Rusiyada reklam, media, ticarət, xidmət sektoru və tikinti sahələrində əcnəbi sözlərin istifadəsini məhdudlaşdıran qanun layihəsi Dövlət Duması tərəfindən birinci oxunuşda böyük səs çoxluğu ilə qəbul edilib. 417 deputatın “hə” dediyi qanun layihəsinə yalnız bir nəfər bitərəf qalıb.
Hafta.az-ın yazdığına görə, yeni qaydaya əsasən, mağazalar bundan sonra vitrinlərində məsələn, “Coffee”, “sale” və ya “open” kimi ingiliscə sözlərdən istifadə edə bilməyəcək. Qadağa lövhə və etiketlərdən tutmuş mənzil layihələrinin adlarına qədər bir çox sahələri əhatə edəcək. Bununla belə, şirkətlərə məhsul haqqında məlumatı xarici dildə təqdim etmək hüququ veriləcək, lakin bunun üçün rus mətninin hərfi tərcüməsi tələb olunacaq. Bundan əlavə, brend adlar və qeydiyyatdan keçmiş ticarət adları bu məhdudiyyətdən azad ediləcək.
Tənzimləmənin səbəbi isə rus dilini “ingiliscə çirklənmədən” təmizləmək və qorumaq kimi izah edilib. Mədəniyyət komitəsinin sədri Olqa Kazakova mövcud adların dəyişdirilməyəcəyini və bu qaydaların yalnız yeni layihə və lövhələrə şamil ediləcəyini bildirib. Səlahiyyətlilər reklam və endirim elanlarında əcnəbi sözlərin “aqressiv şəkildə geniş yayıldığını” və bunun dövlətin mədəniyyət siyasətinə zidd olduğunu iddia edirdilər. Bu kontekstdə Rusiya prezidenti Vladimir Putin 2023-cü ilin fevralında dövlət qurumlarında əcnəbi sözlərin istifadəsini qadağan edən fərman imzalayıb və yalnız rus dilində qarşılığı olmayan sözlərin istifadəsinə icazə verib. Eyni zamanda bildirilib ki, rəsmi sənədlərdə və media məzmununda istifadə olunan əcnəbi sözlər rusca mətnlə eyni ölçüdə və rəngdə olmalıdır.