Rusiyadan halal turizm təşəbbüsü

09:10 20.05.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya İslam dünyasından turistlərin ölkəyə marağını artırmaq məqsədilə turizm sektorunda halal standartlarını rəsmiləşdirməyə hazırlaşır. Rusiya Standartlar üzrə Federal Agentliyinin (Rosstandart) rəhbəri Anton Şalayev bu ilin sonuna kimi turizm və yerləşdirmə xidmətləri sahəsində halal tələblərinə uyğun yeni milli standartın (QOST) hazırlanacağını açıqlayıb.

Hafta.az-ın yazdığına görə, bu barədə Kazanda keçirilən “Rusiya – İslam dünyası: KazanForum”da bəyanat verilib.

Şalayev halal turizm standartının Rusiyaya turist axınını şaxələndirəcəyini vurğulayaraq, "Bu təşəbbüs İslam dünyasından əlavə turist marağı çəkəcək" deyib. Rusiya 2017-ci ildə Kazanda qəbul edilən qərarla rəsmən halal standartlarını inkişaf etdirməyə başlayıb. Bu gün Rusiya halal sahəsində milli səviyyədə üç fərqli QOST standartına malik olan azsaylı dünyəvi ölkələrdən biri olaraq qalır. Bu standartlar ən yaxşı qlobal təcrübələr əsasında yaradılıb.

Rosstat-ın məlumatlarına görə, halal turizm üçün infrastrukturun inkişafı ilə Rusiyaya gələn ərəb turistlərin sayında ciddi artım müşahidə olunub. Ölkəyə gələn ərəb turistlərin sayı 2023-cü ilə nisbətən yüzdə 27 artaraq təxminən 530 minə çatıb. Bu artımda Moskva, Kazan kimi şəhərlərdə açılan halal otel və restoranların təsirli olduğu bildirilir. Yeni halal turizm standartlarının qüvvəyə minməsi ilə bu rəqəmin 2026-cı ilə qədər ildə 700 mini keçəcəyi gözlənilir.