Gürcüstanın baş naziri İrakli Qaribaşvili Abxaziya müharibəsinin bitməsinin 30-cu ildönümü ilə bağlı verdiyi yazılı açıqlamada Gürcüstanın ərazi bütövlüyü problemlərinin davam etdiyini xatırladıb.
Hafta.az-ın yazdığına görə, Abxaziya müharibəsinin 30 il əvvəl, 1993-cü il sentyabrın 27-də başa çatdığını xatırladan Qaribaşvili qeyd edib ki, müharibə ölkənin yeni tarixində dramatik hadisə kimi qeydə alınıb.
Qaribaşvili Abxaziya müharibəsinin ölkədə ağır iz qoyduğunu vurğulayaraq, "Etnik təmizləmə yüz minlərlə insanı öz torpaqlarında didərgin saldı və bir çox vətəndaşımızın həyatı bahasına başa gəldi. Bu, çox üzücüdür. Rusiya tərəfindən işğal olunmuş rayonların azad edilməsi və ölkəmizin birləşməsi dövlətimizin və cəmiyyətin əsas problemləridir" deyib.
Gürcüstanın ərazi bütövlüyü probleminin sülh yolu ilə həllinə sadiq olduğunu qeyd edən Qaribaşvili eyib ki, “Hökumətimiz bu yolda qətiyyətlə irəliləyir, biz ürəkdən inanırıq ki, abxaz və osetin qardaşlarla sülh vahid, güclü və inkişaf etmiş ölkə qurmaq üçün əsas olacaq”.
Gürcüstan ordusu ilə Rusiyanın dəstəklədiyi abxaz separatçıları arasında 1992-1993-cü illərdə 13 ay müharibə olub. 2008-ci ildə Rusiya ilə Gürcüstan arasında Cənubi Osetiya müharibəsi kimi tanınan münaqişələr başlayıb və müharibədən sonra Rusiyanın dəstəklədiyi Abxaziya və Cənubi Osetiya bölgələri Gürcüstandan birtərəfli müstəqilliklərini elan ediblər.
Rusiya bu iki regionun qondarma müstəqilliyini 2008-ci ildə tanıyıb və Gürcüstan buna cavab olaraq Rusiya ilə diplomatik münasibətləri kəsib.
İki ölkə arasında diplomatik münasibətlər kəsildikdən sonra İsveçrə tərəflər arasında vasitəçilik rolunu öz üzərinə götürüb.