Rusiyanın ÜDM-i ilk dəfə 2,4 trilyon dolları ötüb

10:10 27.03.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın ümumi daxili məhsulu (ÜDM) 2024-cü ilin sonuna 4,1 faiz artaraq ilk dəfə olaraq 200 trilyon rublu (təxminən 2,4 trilyon dollar) ötüb.

Hafta.az-ın yazdığına görə, Rusiyanın baş naziri Mixail Mişustin Dövlət Dumasında hökumətin işi ilə bağlı çıxışında Rusiya iqtisadiyyatının artım sürətinin Avropanınkından altı dəfə çox olduğunu və son iki ildə davamlı olaraq artdığını bildirib.

Baş nazir ən çox artım müşahidə olunan sektorlar kimi informasiya və rabitə (11,9 faiz), mehmanxana və restoranlar (9,6 faiz), topdan və pərakəndə ticarət (6,9 faiz) və emal sənayesi (7,6 faiz) sahələrini göstərib.

"Ardıcıl ikinci ildir ki, iqtisadiyyatımız dünya üzrə orta göstəricidən yüksək sürətlə inkişaf edir. Bu, prezidentin qarşısına qoyduğu məqsəd idi. Rusiya alıcılıq qabiliyyəti paritetinə görə dünyanın dörd ən böyük iqtisadiyyatından biridir", - Mişustin bildirib.

Mişustin həmçinin bildirib ki, Rusiyanın dost ölkələrə ixracatı son bir ildə 8,5 faiz artıb. Eləcə də, Asiya, Afrika və Amerikaya ixracatda artım müşahidə olunarkən, Avropaya ixracda azalma müşahidə olunub.