Rusiya ilə Çin arasında “sarsılmaz dostluq” görüntüsünə baxmayaraq, Rusiya xüsusi xidmət orqanlarında Çin casuslarına qarşı artan narahatlıq müşahidə olunur. Son aylarda rus alimləri və mühəndislər Çinə casusluq ittihamı ilə kütləvi şəkildə şübhə altına alınır.
Hafta.az bu araşdırmanı Almaniyanın “Welt”, Rusiyanın “Kommersant” və ABŞ-ın “The New York Times” nəşrlərinə istinadla təqdim edir.
Əks-kəşfiyyat proqramı: “Entente‑4”
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX-“FSB”) tərəfindən Çin casuslarına qarşı “Entente‑4” kod adlı yeni əks-kəşfiyyat proqramı başladılıb. “The New York Times” qəzetinin əldə etdiyi gizli hesabatda bildirilir ki, bu proqram Çin agentlərinin Rusiya hərbi və elmi texnologiyalarına marağına cavab olaraq hazırlanıb.
Xüsusi maraq sahələri — dron istehsalı və Qərb silahlarına qarşı müdafiə texnologiyalarıdır. Çin casuslarının hədəfində olan əsas şəxslər arasında — rus alimləri, dövlət məmurları və hərbi-sənaye sektorunun nümayəndələri var.

Rəsmi Moskva susur, rəqəmlər danışır...
Rusiya hakimiyyəti Çinlə casusluq problemini rəsmi şəkildə qabartmır, lakin statistika reallığı üzə çıxarır. “Kommersant” qəzetinin hesablamalarına əsasən, 1997–2019-cu illər arasında Rusiyada ən azı 14 nəfər Çin xeyrinə casusluğa görə məhkum olunub. Söhbət qitələrarası raketlər, kosmik zondlar və peyklərin müdafiə sistemləri haqqında məlumatların ötürülməsindən gedir.
“FSB”-nin akademik nəzarəti və senzura...
Rusiyanın akademik mühitində xarici əlaqələr “FSB”-nin ciddi nəzarəti altındadır. Gizli informasiyalara çıxışı olan alimlər xarici səfərlərdə agentlərlə müşayiət olunur, elmi məqalələri isə senzura ilə üzləşir.
Tanınmış rus mühacir mütəxəssisləri Andrey Soldatov və İrina Boragan bildirirlər ki, bəzi casusluq ittihamları əslində süni şəkildə yaradılıb — məqsəd, “FSB”-nin effektivliyini sübut etmək və “uğurlarını” nümayiş etdirməkdir...
Traqik nümunələr: Kolker və Klimkin işləri...
Dmitri Kolker – Novosibirskdən fizik. 2022-ci ildə Çində verdiyi mühazirələrə görə dövlətə xəyanətdə ittiham olunaraq saxlanıldı. Mədəaltı vəzi xərçənginin dördüncü mərhələsində idi. Həbs olunduqdan sonra Moskva təcridxanasında cəmi dörd gün yaşadı və vəfat etdi...
Anton Klimkin – Tomsk Universitetində lidar texnologiyaları üzərində işləyirdi. Çin tərəfdaşları ilə birgə layihə çərçivəsində apardığı tədqiqat səbəbilə 2024-cü ilin iyununda “xarici təşkilatla gizli əməkdaşlıq” ittihamı ilə 2,5 il həbs cəzası aldı...
Onun çinli aspirantı da qısamüddətli saxlanıldıqdan sonra ölkəni rahatlıqla tərk edib.

Sibirdə casus ovuna çıxış...
Təkcə 2022–2024-cü illər arasında Novosibirsk və Tomsk kimi Sibir şəhərlərində beş yeni casusluq işi açılıb. Bu hallar Kremlin Çinlə dostluq ritorikasına zidd görünür və güman edilir ki, bu istintaqlar Pekin üçün səssiz mesaj rolunu oynayır: Rusiya bu tərəfdaşlığın birtərəfli olmadığını göstərməyə çalışır...
Tarixi şübhə bu gün də yaşayır...
Moskva ilə Pekin arasında qarşılıqlı güvənsizlik 1960-cı illərin Çin-Sovet qarşıdurmasından qaynaqlanır. Bu gərginliklər istənilən strateji ittifaqı qaranlıq kölgədə saxlayır. Rusiya güc strukturları da bu əməkdaşlığa ehtiyatla yanaşır...
“FSB”nin susqunluğu və simvolik səssizlik...
Klimkin işindən sonra yeni ictimai Çin casusluğu işləri qeydə alınmayıb. Bu, ya “FSB”-nin yeni hallar aşkarlaya bilməməsi, ya da Kremlin strateji tərəfdaşlıq görüntüsünü qorumaq üçün məsələləri mediadan gizlətməsi ilə izah olunur.
Nəticə:
Rusiya ilə Çin arasında “dostluq” rəsmi səviyyədə təqdim olunsa da, reallıqda əks-kəşfiyyat fəaliyyəti Pekinə olan güvənsizliyi açıq şəkildə nümayiş etdirir. Bu, Rusiya üçün “strateji tərəfdaşlıq” anlayışının daimi nəzarət və şübhə ilə müşayiət olunduğunu göstərir.
Hazırladı: Sultan Laçın
Mənbə: “Welt”, “NYT”, “Kommersant”