Sankt-Peterburqa “etnik mənsubiyyəti tanıyan” kameralr quraşdırılır

09:18 21.02.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Sankt-Peterburq administrasiyası şəhərdə immiqrantların hərəkətinə daha yaxından nəzarət etmək üçün yeni tədbirlər görməyi planlaşdırır. Şəhərlərarası Əlaqələr Komitəsi immiqrantların toplaşdığı əraziləri aşkarlamaq üçün 2025-ci ilin sonunadək şəhərdəki 8 min kameraya etnik mənsubiyyətin tanınması sistemi əlavə etməyi planlaşdırır.

Hafta.az-ın “Fontanka”ya istinadən yazdığına görə, mühacirlərin şəxsiyyətlərinin daha sərt şəkildə yoxlanılmasını təmin etmək üçün üç mərhələli yoxlama sisteminin sınaqdan keçiriləcəyi də bildirilib. Müvafiq olaraq, mühacirlərin məlumat bazasındakı məlumatları, üz fotoşəkilləri və yaşayış icazələri müqayisə ediləcək və qayda pozuntusu aşkarlananların ölkəyə girişi yasaqlanacaq.

Mühacirlərin şəhərdaxili kuryer fəaliyyətinə qoyulan məhdudiyyətlər də gündəmdədir. Deputat Mixail Romanov mühacirlərin elektrik velosipedləri ilə səkilərdə yol hərəkəti qaydalarını pozduğunu bildirdi və onların kuryer işləməsinə məhdudiyyət qoyulmasını təklif edib. Komitə sədri Oleq Kapitanov bununla bağlı tədbirlərin görüləcəyini və nəticələrinin qısa zamanda görünəcəyini bildirib. 2024-cü il ərzində immiqrant işçilərin iş icazələri ilə bağlı 235 min patent verildiyi, lakin maaşların artırılmasından sonra bu rəqəmin 195 minə qədər azaldığı açıqlanıb.

2024-cü illə bağlı qiymətləndirmələr aparan Kapitanov bildirib ki, şəhər sakinlərinin miqrasiya siyasətinə ümumi münasibəti mənfidir. O, şəhərdə keçirilən multikultural tədbirlərdə 10 mindən çox immiqrantın iştirak etdiyini bildirsə də, əhalinin yalnız 43 faizinin immiqrasiya siyasətini müsbət qiymətləndirdiyini deyib. Bu nisbət gözlənilən 62 faizdən aşağı idi.