Səhiyyəmiz “omikron partlaması"na hazırdırmı? - AKTUAL

13:24 20.01.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Bu gün dünyada koronavirusun “omikron” ştammının sürətlə yayılması müşahidə edilir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST)  koronavirusun yeni ştammının digər variantlardan daha sürətli yayıldığını rəsmən təsdiqləyib və yoluxduruculuq qabiliyyətinin yüksək olduğunu bəyan edib. Proqnozlara görə, “omikron”un yoluxduruculuq qabiliyyətinin yüksək olması yoluxanların sayını əhəmiyyətli dərəcədə artıra bilər. Mütəxəssislər yeni ştam hesabına hər gün qlobal səviyyədə, orta hesabla, iki milyon yeni yoluxma hadisəsinin aşkarlanmasının ölkələrin səhiyyə sistemlərinə ciddi təzyiq göstərə biləcəyindən narahatdırlar.Bunu nəzərə alan bəzi ölkələr artıq virusla bağlı qaydaları sərtləşdiribməyə başlayıblar.

Xatırladaq ki, COVID-19-un “omikron” variantı, artıq Azərbaycanda da aşkarlanıb.

İlk gün Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə məlumatında ölkə xaricindən gələn şəxslərdən götürülmüş nümunələrin 12-də “omikron” variantının qeydə alındığı açıqlanıb. Məlumatda yeni ştammdan qorunmaq üçün əhali bədənin anticisimlərini yenidən yüksək səviyyəyə çatdırmağa imkan verən gücləndirici (buster) doza vurdurmaqla peyvəndlənməyə çağırılır.

Bəs görəsən, Azərbaycanda “omikron”la mübarizə aparmaq üçün hansı işlər görülür? "Ölkə səhiyyəsi “omikron" təhlükəsinə hazırdırmı? Hazırda koronaviruslu xəstələr üçün nəzərdə tutulan çarpayı fondu nə qədərdir və onun doluluq səviyyəsi hazırda təxminən neçə faizdir? Koronavirusa yoluxanlar üçün neçə tibb müəssisəsi və tibbi personal ayrılıb? Bu say artırıla bilərmi?

Məsələ ilə bağlı hafta.az-a danışan tibb məsələləri üzrə mütəxəssis İlqar Hüseynli bildirir ki, koronavirusun bütün variantları ilə ən yaxşı mübarizə metodu vaksinasiyadır: “Azərbaycanda bu proses sürətlə aparıldı. Əhali peyvəndləmə prosesinə çox yaxşı reaksiya verdi və prosesdə yaxından iştirak etdi. Hətta ölkə prezidenti yerli kanallara müsahibəsində üçüncü- “buster” dozanı vurdurduğunu bəyan etdi. Bu özü də əhali üçün əlavə stimul deməkdir. Yəni dünya ölkələri ilə müqayisədə Azərbaycan vaksinasiya prosesinə görə ön sıralarda dayanır. Düzdür, prosesin əvvəlində müəyyən neqativ hallar aşkarlandı, amma sonradan həmin hallar da aradan qaldırıldı. Artıq insanların şüurlu şəkildə prosesə hazır olduğu müşahidə edilir. “Omikron” ştammı ilə mübarizənin başlıca yolu da peyvənddir. Əgər bu variant nəzərdə tutulmayan səviyyədə sürətlə yayılarsa, müəyyən problemlər ortaya çıxa bilər. Fors-major hal baş verərsə, bizdə çarpayı fondu kifayət etməyə bilər. Burada bir məsələ var ki, ÜST mütəxəssisləri bu variantın yoluxduruculuq qabiliyyətinin yüksək olduğunu bildirsə də, öldürücülük qabiliyyətinin aşağı olduğunu bəyan edib. Hazırda Azərbaycanın özündə kütləvi virus peyda olub. Nəzəri cəhətdən şübhəli məqamlar var ki, bunların hamısı test olunmur. Yəni bəlli deyil ki, bu məhz “omikron”dur, ya “Omikron” deyil. Ümumən götürəndə cəmiyyətdə və dünya ictimaiyyətində “omikron”a  qarşı bir az, belə deyək ölüm risklərinin azalması ilə bağlı arxayınlaşma var. Digər tərəfdən, bu arxayınlaşma həm də əhalinin böyük hissəsinin yoluxaraq immunitet qazanması, habelə peyvənd vurdurması ilə də bağlıdır. Ona görə də “omikron” insanlar üzərində hegemonluğunu göstərə bilmir. Buna görə də düşünürəm ki, sərt karantin rejimlərinə qayıtmağa, iri ticarət mərkəzlərinin fəaliyyətinin dayandırılmasına, iş yerlərinin bağlanmasına ehtiyac yoxdurəhHH”.

Mövzu ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) hafta.az-ın sorğusuna cavab olaraq qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Elnarə Baxışova bildirib ki, hazırda tibb personalı koronavirusa yoluxmuş vətəndaşların müalicəsi üçün əllərindən gələni edirlər: “Tibb heyətimiz hərzamankı kimi koronavirusla mübarizəni uğurla davam etdirirlər.

Sizin sualınızın digər hissəsi ilə bağlı isə cənab Prezident ötən gün jurnalistlərə verdiyi müsahibədə də ətraflı danışıb. Həmin hissəni diqqətinizə çatdırıram: Bütövlükdə hazırda 46 xəstəxanamız COVID xəstələrinin müalicəsi ilə məşğuldur.  Hazırda bir çox ölkədə əsas problem xəstələrin sayı və çarpayıların çatışmazlığı ilə bağlıdır. Bizdə isə vəziyyət müsbətdir, hazırda 10 min çarpayı var, onlardan cəmi 10 faizi doludur. Yəni 9 min çarpayı boşdur. Allah eləməsin, əgər pandemiya daha geniş vüsət alsa, bizim kifayət qədər imkanımız var. Burada önəmli məsələ reanimasiya yerləri ilə bağlıdır. Bizdə 875 reanimasiya yerimiz var, onlardan 26 faizi doludur. Burada da kifayət qədər boş reanimasiya yerlərimiz var”.

 

Oxunma sayı 47