Şimali Makedoniyada türkcə tədris problemi parlamentdə qaldırıldı

09:20 10.04.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Makedoniya Türkləri Haqq və Demokratiya Hərəkatından Şimali Makedoniya parlamentinə seçilən millət vəkili Salih Murat, Radovişdə yerli türklərə qarşı ayrı-seçkilik və hüquq pozuntuları ilə bağlı hökumətini tənqid edən yazılı açıqlama yayıb.

Hafta.az-ın yazdığına görə, Salih Murat “22 illik sükut sona çatdı: Radovişdə türk təhsilinin böhranı parlamentin gündəmində” başlıqlı məqaləsində bildirib ki, Radovişdə 22 ildir davam edən və hazırda “qanqrenaya” çevrilmiş türk təhsili problemi ilə bağlı Şimali Makedoniya Təhsil Nazirliyinə rəsmi müraciət edib.

Radoviş Liseyində 120 türk şagird və 8 türk sinfi olduğunu bildirən Murat liseydə cəmi 1 türkcə bilən müəllimin olduğunu və yalnız türk dili dərslərinin türkcə verildiyini vurğulayıb.

Bu vəziyyətin açıq şəkildə Şimali Makedoniya Konstitusiyasına, qanunlarına və beynəlxalq müqavilələrə zidd olduğunu qeyd edən Murat, “Radoviş bölgəsi və Konçedə yaşayan türk tələbələrin 22 ildir konstitusiya hüquqlarına məhəl qoymamağa, orta məktəb dərslərinin türkcə tədris edilməməsinə son deyirik!” deyə bəyan edib.

Murat nazirliyi bu hüquq pozuntusuna son qoymağa çağıraraq, “Nazirlikdən bu sistemli ayrı-seçkiliyə son qoymasını, bütün kursların ana dilimiz olan türkcə tədris edilməsini, lazımi müəllim heyətinin təmin olunmasını tələb edirəm” deyib.

Murat sözlərini bu ifadələrlə tamamlayıb: "Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını xatırladaraq, türkcə təhsil haqqımız üçün sona qədər mübarizə aparacağıq!"