Siyasi partiyalar haqqında” qanun dəyişdirilsin – Müzakirə

15:15 18.08.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Milli Məclisdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması üçün parlament sədrinə müraciət ediblər. Həmin müraciətə parlamentdə olmayan siyasi partiyalar da qoşulmaqla, siyahıda 29 siyasi təşkilat yer alıb. Digər siyasi partiyaların bu prosesə hansı səbəbdən qoşulmadığı başqa mövzu olaraq açıq qalsa da, siyasilərin bu qanunda hansı dəyişikliyə ehtiyac duyduğunu müzakirəyə çıxardıq...  Bəzi siyasi partiya nümayəndləri və sosioloqlar müəyyən fikirlərə diqqət çəkiblər.

Demokratik Dəyişim Partiyası Təşkilat Komitəsinin sədri, hüquqşünas Əli Mustafa hesab edir ki, partiyaların yaradılması, qeydiyyata alınması prosedurlarının sadələşdirilməsinə  ehtiyac var. 

“Siyasi partiyaların maddi-texniki bazasının yaradılmasına dövlətdən dəstək olmalıdır.  Ümumiyyətlə, partiyanın yaranması, qeydiyyatı üçün üzvlərinin çox olması tələbi, ölkə ərazisini əhatə etməsi kimi məsələlər əslində sovetdən qalma şablon və mürtəce maddələrdir. Yəni hətta bir neçə şəxsin bir araya gələrək partiya yaratmasına imkan yaradılmalıdır. Dövlət onu təmin etməlidir. Dövlətin niyyəti cəmiyyətin fəallaşmasına, siyasi proseslərə fəal müdaxiləsinə xidmətdirsə, eyni zamanda, cəmiyyətdə siyasi proseslərə qatılmaqda yaranmış xofu aradan götürməyə istiqamətlənməlidir”.

Partiya funksioneri bu fikirdədir ki, bu da əslində  Azərbaycanın güclənməsinə, cəmiyyətin daxili immunitetinin qalxmasına kömək edə bilər.

“Siyasi partiyalar haqqında” qanun siyasi partiyaların hansı ideoloji-siyasi istiqamətdə olmasından asılı olmayaraq, rəqabətlilik mühitinin yaranmasına kömək etməlidir. Elə  şərait yaratmalıdırlar ki, iqtidar, müxalifət, bitərəf, neytral mövqeyindən,  hansı ideologiya ilə yüklənməsindən asılı olmayaraq fəaliyyəti asan olsun.

“Bir sözlə,  dəyişiklik mütərəqqi olmalıdır. Bütün dünyada insan hüquq və azadlıqlarına dair məsələ “Siyasi partiyalar haqqında” qanunda vətəndaşların öz siyasi hüquqularını reallşdırmğa kömək edən qanunvericilik aktıdır. O da insan hüquqularına xidmət etməlidir. Siyasi partiyaların fəaliyyəti hər formada motivasiya olunmalıdır. İnsanlar cəmiyyətə təşviq olunmalıdır. Yeni düzənin dizayn olunması dönəmində cəmiyyət nə qədər fəallaşarsa həm özü güclənər, həm də cəmiyyəti gücləndirər”.

Ümid Partiyasının sədr müavini Tamilla Qulami bildirir ki, “Siyasi partiyalar haqqında” qanunla bağlı dəyişikliyə ehtiyac var. Partiya yetkilisi istər proporsional seçki, istər seçkilərin şəffaf keçirilməsi və digər məsələlərlə bağlı hakimiyyətə təkliflərinin olduğunu desə də, Milli Məclisə edilən müraciətlə bağlı layihədə iştirak etmədiklərini qeyd edib.  

“Dəyişikliklərin nə olduğunu bilmirik və parlamentdə olan siyasi partiyaların müraciəti ilə əlaqədar digər bir sıra partiyaların qoşulduğu prosesdə iştirak etməmişik. Bütün hallarda bizim özümüzün dəyişikliklərlə bağlı ayrıca təkliflərimiz var”.

Azərbaycan Liberal-Demokrat Partiyasının sədri Fuad Əliyev hafta.az-a bildirib ki, Azərbaycanda və dünyada sosial- siyasi dəyişikliklərin inkişafı fonunda “Siyasi partiyalar haqqında” qanuna dəyişiklik edilməsi mühüm məsələdir.

Partiya sədri uzun müddətdir qanunda dəyişikliyin edilməsi ilə bağlı bir sıra təkliflərlə çıxış etdiklərini bildirib.

O bildirib ki, kimlərsə partiya yaradıb Ədliyyə Nazirliyindən qeydiyyatdan keçirsə, onun aktiv fəaliyyət göstərməsi üçün imkanlar yaradılmalıdır. Onun fikrincə, heç bir fəaliyyəti olmayan partiyalara da gərək yoxdur.

“Hesablamışıq ki,  bu gün qeydiyyatda olan 58-59 partiyanın 18-19-u pis yaxşı üzdə olanlardır. Seçkilərdə iştirak edir, ölkədə cərəyan edən məsələlərə öz münasibətini bildirirlər. Qalanları iştirak etmir, heç özlərinin də maraqları yoxdur. Yaxud da həmin adamlar partiya adı ilə özlərinə biznes qururlar. Ona görə də siyasi partiyaların fəaliyətinin tənzimlənməsi üçün qanunda dəyişikliyə ehtiyac var”.

Partiya sədri hesab edir ki, uzun müddət partiya sisteminə bu cür neqativ yanaşmaların olması istər-istəməz cəmiyyətdə siyasi partiyalara olan inamı azaldıb. Ona görə də siyasi partiyalara hörmət qaytarılmalıdır.

“Hər bir partiya öz fəaliyyəti ilə dövlətimizə, xalqımıza xeyir gətirməlidir. 2018-ci ildən başlayaraq hakimiyyətdə baş verən dəyişikliklər, Prezident Admnistrasiyasında siyasi partiyalara fərqli münasibətin göstərilməsi siyasi partiyalar institunda yeni müstəvini yaratsa da, bu qanunla tənzimlənməli və icra olunmalıdır.  

Biz hesab edirik ki, qeydiyyata alınan hər bir partiyanın fəaliyyəti görünməlidir. Təklif edirdik ki, partiyaların sayı azaldılsın. Eyni zamanda bizim qeydiyyatla bağlı təklifimiz olub. İndiki qanuna görə partiyanın qeydiyyata alınmasına görə 1000 imza lazımdır. Biz təklif etmişik ki, 10 min imza olsun. Parlamentdə olan partiyalar dövlətdən maliyyələşir. Biz proporsional seçki təklif etməlkə yanaşı, qeyd etmişik ki, bütün seçkilərdə iştirak edib parlamentə düşməyən partiyalar da dövlətdən maliyyələşsin. Parlamentdə üzvlərin sayınn artırılması təklifini vermişik”. 

Sosioloq-kulturoloq Aydın Xan Əbilov məsələ ilə bağlı hafta.az-a açıqlamasında Azərbaycanda siyasi partiya sisteminin, texnologiyasının sona qədər oturuşmadığını bildirib. Onun sözlərinə görə, cəmiyyət nə qədər sosial, ictimai, siyasi sifarişləri irəli sürsə də, partiyalar klassik, Avropa texnologiyalarına cavab verən fəaliyyət formasını sərgiləyə bilmədilər.

A.Əbilov bunun obyektiv, subyektiv səbəblərinə diqqət çəkib.

“Azərbaycan o qədər böyük ölkə deyil ki, burada 50-dən çox partiya fəaliyyət göstərə bilsin. Bu qədər partiyanın olması cəmiyyətdə parçalanmanın sübutudur. ABŞ,  Avropanın bir sıra ölkələrində təxminən 2 və 5-ə yaxın partiyalar olur. Amma həmişə iki böyük partiyanın baxışı, mübarizəsi nəticəsində siyasi texnologiyalar, siyasi innovasiyalar həyata keçirilir və dövlətin idarə olunmasında həmin partiya nümayəndələrinin rolu qabağa çəkilir”. 

Sosioloq qeyd edir ki, Azərbaycanda iqtidar, müxalifət, iqtidaryönümlü partiyalar, bitərəf və liberal düşüncəli partiyalar mövcud olsa da bunlar klassik partiya anlamına cavab vermir. O, qeyd edib ki, üzvlük haqqının yığılmasından tutmuş, bələdiyyə, parlament, prezident seçkilərində iştirakına qədər partiyaların resursları yoxdur.

A.Əbilov bildirir ki, “Siyasi partiyalar haqqında” qanun ya işlək deyil, ya da köhnəlib. O, hesab edir ki, bütün hallarda siyasi partiyaların Milli Məclisə müraciət edərək “Siyasi partiyalar haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı təklifləri dəstəklənməlidir.

“Ümumilikdə, Azərbaycanda siyasi innovasiyalarla bağlı yeni fikirlər yoxdur. Siyasi partiyaların bir yerə yığışması üçün ölkənin hər yerində siyasi klublar, mərkəzlər, yaxud patiya evləri olmalıdır. Qoy ən radikalından tutmuş, iqtidarına qədər gəlib orda öz fikirlərini bildirsinlər, dövlətə  hökumətə öz təkliflərini versinlər. İnsanlar da müxtəlif partiya nümayəndələrinin nə istədiklərini bilsinlər. Hökumət  bu partiyaların fəaliyyətini tənzimləyib onlara maliyyə dəstəyi verə bilər”.

Siyasi partiyalarla bağlı qanunda dəyişiklik edilməsini normal hesab edən A.Əbilov birinci növbədə “qanunların işlək mexanizmi varmı?” sualına cavab tapılmalı olduğunu deyib.

“Partiyaların bütün seçkilərdə, ictimai nəzarət şuralarında iştirakının tənzimlənməsinin qanuna salınmasını arzu edərdik. Biz istərdik ki, parlament seçkilərinin formatı dəyişilsin -  parlament iki yerə bölünsün. Milli Məclisin ilkin formatı və İctimai Palata formasında sırf partiyalardan, ictimai xadimlərindən seçilmiş intellektual liderlərin məclisi olmalıdır ki, beyin mərkəzi olaraq parlamentə qanunvericiliyin monitorinqindən tutmuş, işlək mexanizminə nəzarətə qədər təklifər verə bilsin”.

Sosialoq hesab edir ki, siyasi partiyaların fəaliyyətinin aktivləşməsi islahatlar tələb edir.  Onun sözlərinə görə, hökumətin bu istiqamətdə alqışlanası addımları olsa da, azdır.

“Paralel olaraq, partyalar özünün iqtidara, dövlətə olan münasibətini dəyişməlidir. Klassik partiya mübarizəsi öz yerini innovativ texnologiyalara, baxışlara verməlidir.  Mütləq deyil ki, partiyalar hakimiyyət uğrunda qırğına getsin.

Siyasi partiyalar islahatları dəstəkləmək, iqtisadi inkişafı genişləndirmək, sosial rifahı təmin etmək, mədəni-intellektual inkişafa təkan vermək üçün bir növ beyin mərkəzlərinə çevrilməyi bacarmalıdırlar. Ölkədə azsaylı partyalar var ki, həqiqətən də ora intellektuallar yığışıb.  Onlar da dediyimiz istiqamtdə təkliflər verəndə, dövlət başçısının atdığı sağlam, maraqlı addımları dəstəkləyəndə həmin insanlara “sən hakimiyyət  tərəfindən ələ keçirilmisən” və sair ittihamlar səslənir. Bu yanaşmadan imtina edilməlididr. Siyasi partiya lazım gələndə tənqid, ictimai nəzarət, qınaq etməlidir, lazım gələndə iqtidarın yaxşı proqramını geniş kütləyə çatdırmaq üçün maarifçilik işləri aparmalıdır”.

A.Əbilov hesab edir ki, bu gün siyasi partiyaların maarifçilik missiyası sıfırdır.

“Partiyalar yalnız kimisə həbs edəndə, yaxud hansısa tanınmış kəsə “xəta” baş verəndə aktivləşirlər və başlayırlar pul buraxıb özlərini piar etməyə. Seçkilərdə aktivləşirlər. Seçki yoxdursa, partiya da yoxdur. İndi ortada partiya sədrləri və müavinləri var və onlar da yalnız internet televiziyalarında görünürlər. Rəsmi dövlət kanallarına az çağrılır, rəsmi qəzetlərdə onlar haqqında az məlumat verilir. Yəni iqtidarın dövlət büdcəsindən maliyyələşən orqanlarının da siyasi partiyalara olan münasibəti dəyişməlidir”.

Oxunma sayı 149
Siyasət rubrikasından digər xəbərlər