Söyüdlü yatağında 112 ton qızıl var idi - Əziz Qaralov

10:28 26.06.2021 Müəllif:Tünzalə İsmayılova
Yazını böyüt
Yazını kiçilt

Buradakı yataqlarımızın xəritələri Qriqoryan adlı nazir müavini olmuş ermənidə var idi

Qarabağ ərazisi təbii gözəlliyinə görə çox zəngindir. Ermənilər yaşayış məntəqələrimiz kimi, yeraltı və yerüstü təbii sərvətlərimizə də külli miqdarda ziyan vurub. Müsahibimiz Əziz Qaralov 1970-ci illərdən başlayaraq, ərazilərimiz  işğal edilənədək Qarabağ ərazisində geofiziki üsulların tədqiqi ilə, çöl geoloji kəşfiyyat işlərində yaxından iştirak edib. Həmin ərazilər üzrə müxtəlifmiqyaslı geoloji-geofiziki xəritələr tətbiq edib. Ərazidə mövcud olan və yeni aşkarlanmış müxtəlif növ faydalı qazıntıların yerləşmə qanununa uyğunluqlarını əks etdirən fərqli xəritələr mövcuddur.  Müsahibimiz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının keçmiş rəisi Əziz Qaralovdur:

SUAL: Qarabağ ərazisində zəngin qızıl yataqları harada yerləşir və ən zəngin qızıl yatağı hansı hesab edilir?

CAVAB: Ən zəngin qızıl yatağı Söyüdlü yatağıdır. Hansı ki, onun bir hissəsi Ermənistanda yerləşir. Bizim ərazimizə yatağın təxminən 78%-ə qədəri düşür.

SUAL: Bu ərazinin ehtiyatları yaxın keçmişdə  təxminən nə qədər idi?

CAVAB: 1990-cı illərdə  həmin ərazilər işğal edildi. Həmin vaxtlar ərazilərimizin ehtiyatını tam olaraq hesablayıb başa çatdırmamışdıq. Ovaxtkı ehtiyat 112 tondan çox idi. Həmin yataqların tərkibində kəşfiyyat işləri yenidən aparılacaq.

SUAL: Hər  qızıl yatağının metal tutumu da ayrıca hesablanır. Məhz Söyüdlü yatağında qızılın ehtiyatı hesablanarkən, orada metal tutumu nə qədər idi?

CAVAB: Burada metal tutumu  o zamanlara görə tona 5 qram götürülürdü. Hazırda texnologiya inkişaf etdiyindən,  tondan 2 qram aşağı olduqda belə, yataq istismara verilir. Yəni buranın ehtiyatı, çox güman ki, artacaqdır.

SUAL: Bizim ikinci böyük qızıl yatağımız da var,  bu,  Qızılbulaq yatağıdır. Həmin yatağın ehtiyatları barədə məlumat verməyinizi istərdik.

CAVAB: Qızılbulaq yatağının ehtiyatı 25 tondan çoxdur. Yataq Heyvalı kəndi ərazisində yerləşir. Sərsəng Su Anbarının sağ sahilindədir. Qızılla bərabər həmin yataqda mis, kükürd, gümüş və digər metallar da mövcuddur. Mehmana filiz rayonu ərazisində çoxsaylı perspektivli faydalı qazıntılar  mövcuddur. Bunlardan dəmirli mis yatağının  ehtiyatı hesablanıb, istismar da edilib.

SUAL: Əziz müəllim, Siz orada bütün yataqlarda olmusunuz və yataqlardakı  bütün ehtiyatlardan xəbərdarsınız. Qarabağda daha hansı yataqlar istismar edilə bilər?

CAVAB: Canyataq, Gülyataq və qızıl təzahürləri. Həmin yataqlarda sınaqlar aparmışdıq. Sınaqlar zamanı 10  tona qədər qızıl aşkarlanmışdı. Mən sizə 1980-ci illərin əvvəllərindən danışıram...

SUAL: Mehmana kəndində vaxtilə yunanların məskunlaşdıqları söylənilir. Bu ərazi işğal edildikdən sonra onların da həmin torpaqlardan məcburən çıxarıldığı haqqında məlumatlar var...

CAVAB: Bəli,  o kənddə yunanlar yaşayırdı. Bu kənd Heyvalı kəndinə yaxın  ərazidə yerləşir. İşğal zamanı yunanlar oranı tərk etməli oldular. Orada bir neçə il böyük yeraltı mağaraların keçilməsi ilə geoloji-kəşfiyyat işləri aparıldı. Orada sink, qurğuşun, molibden mövcuddur.

SUAL: Kəlbəcər rayonu ərazisində Ağ duzlaq qızıl yatağı da mövcuddur...

CAVAB: Bəli, sizin  dediyiniz Ağ duzlaq yatağı  mövcuddur. Bu yaxınlarda dövlət başçımız tərəfindən müqavilə imzalandı. Türk şirkətinə həmin yataq icarəyə verildi. Onun da ehtiyatı hesablanıb.

SUAL: Digər bir yataq – Elbəy  icarəyə verildi. Bax, o yataqda hansı ehtiyatlar mövcud idi?

CAVAB: Elbəy daş-misparfit təzahürüdür, həmin yataq da icarəyə verildi. Bu təzahür Umudlu yaşayış məntəqəsindən, təxminən, 20 kilometr şimal istiqamətdə – Torağac çayının sol sahilində yerləşir. Həmin ərazidə də  çox güman ki, yenidən əlavə geoloji-kəşfiyyat işlərinin aparılması həyata keçiriləcək.

SUAL:  Həmin kəndə yaxın – Murovdağ istiqamətində  tərəfinizdən 1980-ci illərin əvvəllərində maqnit yatağının aşkarlanması ilə bağlı məlumatlar var. Bu məlumatlar nə dərəcədə doğrudur?

CAVAB: Bəli, doğru buyurursunuz. 1980-ci illərin əvvəllərində  orada geoloji-kəşfiyyat işləri apararkən  maqnitit yatağı  aşkarladıq. Həmin xəritələr hazırda geoloji fondda mövcuddur.

SUAL: Kəlbəcər rayonu ərazisində “Qoturlu dərə” adlanan bir ərazi də mövcud olub. Həmin ərazilərin geoloji quruluşuna bələd olan mütəxəssis kimi Sizdən soruşmaq maraqlı olardı:  həmin dərədə qızıl yatağının təzahürlərinin olması ilə bağlı yayılan faktlar doğrudurmu?

CAVAB: Bəli, bu faktlar doğrudur və  bu barədə danışacağam. İlk əvvəl qeyd etmək istəyirəm ki, Tutunçay məhz o ərazidən, yəni Qoturlu dərə boyu  axır. Orada bir neçə qızıl təzahürü mövcuddur.

SUAL: Hansı təzahürlərdir onlar?

CAVAB: Zərqulu, Qalaboynu, Qızılitən,  Qazıxanlı təzahürləri mövcuddur. Həmin təzahürlərin özlərində də yenidən axtarış-kəşfiyyat işlərinin aparılması labüddür.

SUAL: Kəlbəcər rayonunun kəndlərində də qızıl təzahürlərinin mövcud olduğu bildirilir...

CAVAB: Kəlbəcər rayonunun Qazıxanlı yaşayış məntəqəsindən Laçının  “Qonşu dərəsi” deyilən yaşayış məntəqəsi var ki, həmin istiqamətdə bir neçə kənd var. O ərazidə  listvinitlər deyilən süxurlarda 1.8 qram/tona yaxın tərəfimizdən laboratoriyaya verilmiş nümunələrdə qızıl aşkarlandı. Bizim peşəkar geoloqların  söylədikləri  geoloji hesabatlarda da öz əksini tapır. Qorçu ərazisində iki  koordinatda platin aşkarlanmışdı. Bu istiqamətdə də çox güman ki, həm Kəlbəcər, həm Laçın ərazisində platinlə bağlı geoloji işlərin aparılması məqsədəuyğun sayılır. Bununla yanaşı, Laçının Nağdalı kəndi, Kəlbəcərin Çəlikdər kəndi ərazisində civə yataqları mövcuddur.

SUAL:  Metal puluna görə, ən zəngin  qızıl yatağımızın Zəngilan rayonunun ərazisində olduğu bildirilir... 

Cavab: Bəli,  həmin yataq Vejnəli qızıl yatağıdır. Orada qızılın miqdarı  200 qram/tondan çoxdur. Mənfur düşmənlərimiz həmin yatağı yaman günə qoyublar.

SUAL: Kəlbəcərdə qızıl yataqları ilə bağlı faktlar  təəccüb doğurmur.  Ağdamda da belə yataqların mövcudluğu deyilir.

CAVAB: Ağdam rayonu ərazisində bir neçə  sahə tərəfimizdən ayrılıb. Şahbulaq qalasının mövcud olduğu yerdə,  burada vaxtilə əhəng daşları çıxarılıb, onun ətəyində yerləşən Əlimədətli, Əliağalı yaşayış məntəqələrinin ərazilərində, çox güman ki, yaxın gələcəkdə buruqqazma işləri və digər üsullarla işlərin aparılması məqsədəuyğun olardı.

SUAL: Bu siyahı bir neçə dəfə arta bilər. Geoloji hesabatlar, geoloji xəritələr bu yerlərdə vaxtilə qazıntı işləri aparan mütəxəssislərin  köməkliyi ilə araşdırıla bilər. Bizim təcrübəli geoloqlar tərəfindən fond materiallarının yenidən araşdırılması lazımdır. Bu geoloji xəritələrin bir nüsxəsinin ermənilərdə olduğu barədə məlumatlar da var. İşğal dövründə bu xəritələrdən istifadə edərək, həmin ərazilərdə qazıntı işləri aparıblar. Həmin xəritələr ermənilərin əlinə haradan keçib?

CAVAB:  Qeyd edək ki, hesabatların bir nüsxəsi Moskvada saxlanılırdı. Yəni yataqların ehtiyatı hesablandıqdan sonra, onun bir nüsxəsi də Moskvaya verilirdi. O zaman biz SSRİ-nin tərkibində idik. Həmin vaxt geologiya nazirinin müavini Qriqoryan soyadlı erməni idi. Bir sıra mənbələrin yaydığı məlumatlara görə həmin şəxs uzun illər Şuşada oturub. Bütün yataqların xəritələrinin nüsxəsi onda var idi. Yeraltı mağaralarımızı koordinasiya edərək, yataqlarımızı televiziyadan izlədiyiniz şəklə salıblar.

SUAL: İşğaldan azad olunmuş ərazilərimizdə filiz yataqları ilə yanaşı, çoxsaylı qeyri-filiz yataqları mövcud idi...

CAVAB: Bəli,  doğru buyurursunuz. Filiz yataqları ilə yanaşı, qeyri-filiz yataqları, qum, çınqıl, mərmər, əhəng daşı, müxtəlif  üzlük daşları, bəzək daşları, dolamit, permatit, vulkan külü və s. yerləşir bu ərazilərdə. Sement istehsalı  və tikinti üçün istənilən xammal həmin ərazilərdə mövcuddur. Yəni uzaq məsafədən ora müxtəlif növ tikinti materiallarının  daşınıb-aparılmasına ehtiyac yoxdur. Həmin yerlərdə minihəcmli sement zavodu tikmək olar, müxtəlif sexlər yaratmaq  olar və s.

Oxunma sayı 331