Rusiyanın yeni 5-ci nəsil döyüş təyyarəsi Su-57 fevralın 11-də Aero India 2025 aviasiya sərgisində pilot Sergey Boqdanın tərəfindən rəsmi uçuş proqramında nümayiş etdirilib.
Hafta.az-ın yazdığına görə, Birləşmiş Təyyarə Şirkəti (OAK) sərgidə Su-57-nin böyük marağa səbəb olduğunu açıqlayıb. “Rostec”in ixrac qolu olan “Rosoboronexport”, təyyarə üçün ilk ixrac müqaviləsinin uğurla icra olunduğunu və ilk tədarüklərin bu il həyata keçiriləcəyini açıqlayıb. Lakin hələlik alıcının kimliyi rəsmən elan olunmayıb.
Su-57-nin ixrac modeli ilk dəfə beynəlxalq səviyyədə 2024-cü ilin noyabrında Airshow China 2024 tədbirində təqdim edilib. Rusiyanın açıqlamalarına görə, ilk ixrac müqaviləsi 2024-cü ilin noyabrında imzalansa da, alıcı ölkə açıqlanmayıb.
Potensial alıcılar arasında Əlcəzair, Çin, İran və Hindistan var.
Bununla belə, Mərkəzi Strategiya və Texnologiyaların Təhlili Mərkəzinin direktoru Ruslan Puxov Su-57-nin ilk alıcısının Əlcəzair olacağını düşünür.