Sudan Həkimlər Birliyi, "Dang qızdırması"nın Qadarif əyalətində "fəlakətli şəkildə" yayılacağı və bunun "yüzlərlə ölüm və minlərlə infeksiya" ilə nəticələnəcəyi barədə xəbərdarlıq edib.
Hafta.az-ın yazdığına görə, Sudan Həkimlər Birliyi Nəzarət Komitəsinin açıqlamasında deyilir: "Biz son günlər Qadarif Xəstəxanası və digər səhiyyə ocaqlarında məcmu infeksiya və ölüm nisbətini izləmişik. Bütün rəqəmlər göstərir ki, biz sağlamlıq fəlakəti ilə üzləşmişik”.
Komitə Səhiyyə Nazirliyi və onun ayrı-ayrı struktur bölmələrini maddi-texniki və tibbi resurslarla təmin etmək, müvəqqəti təcili yardım düşərgələri açmaq vəzifəsini yerinə yetirməyə çağırıb. Bundan əlavə, bildirilib ki, evlərdə "Dang qızdırması" olan xəstələrin sayı xəstəxana və sağlamlıq mərkəzlərindəkindən qat-qat çox olduğundan, xəstəliyə yoluxanların sayını müəyyən etmək çətindir.
Sudanın səhiyyə naziri Haysham Məhəmməd İbrahim avqustun ilk həftəsində Xartumdakı 130 xəstəxanadan yalnız 30-nun mürəkkəb şəraitdə fəaliyyətini davam etdirə bildiyini açıqlayıb. İbrahim Londonda yerləşən Ərəb Dünyası Xəbər Agentliyinə (AWP) bildirib ki, müharibədən ən çox zərər çəkən əyalətlər Xartum və Darfurdur. O cümlədən, paytaxt Xartumun səhiyyə sektoru müharibədən birbaşa və böyük dərəcədə təsirlənir. Beynəlxalq Qırmızı Xaç Komitəsi humanitar təşkilatların və tibb işçilərinin ölkədəki münaqişənin yaratdığı böhranın nəticələrinin qarşısını almaq üçün göstərdiyi səylərə baxmayaraq, Sudanda səhiyyə sisteminin tam iflasa uğramaq ərəfəsində olduğu barədə xəbərdarlıq edib.