“Taliban” ölkə əhalisinin təhlükəsizliyini qorumaq üçün kamera sistemlərindən istifadə edir.
Hafta.az-ın yazdığına görə, “Taliban”a bağlı polis qüvvələrinin təxminən 90 min qapalı kameradan ibarət böyük bir monitorinq şəbəkəsi qurduğu bildirilir. BBC bu nəhəng şəbəkənin necə işlədiyini görən ilk xarici media qurumu olub.
Kamera şəbəkəsində sifətin tanınması proqramından da istifadə olunur. “Taliban” Polis Departamentinin sözçüsü Xalid Zadran müşahidə sistemi haqqında bunları deyir: “Biz buradan bütün Kabili izləyirik. Aydın günlərdə biz insanları kilometrlərlə uzaqdan tanıya bilərik”.
ABŞ-ın 2021-ci ilin avqustunda ölkədən çıxması ilə “Taliban” əvvəlcə Kabilə, sonra isə bütün Əfqanıstana nəzarəti öz üzərinə götürüb.
Xəbərdə qeyd olunur ki, bu tarixə qədər paytaxtda cəmi 850 təhlükəsizlik kamerası olub. Bildirilir ki, yeni quraşdırılmış kütləvi monitorinq sistemi “Taliban”ın asayişi qorumaqda nə qədər təkmilləşdiyini göstərir.
Zadran deyir ki, bu sistem paytaxtda quldur dəstələrini izləmək və təhlükəsizliyi təmin etmək üçün yaradılıb: “Müəyyən məhəllələrdə müxtəlif qruplar gördükdə, narkotikdən istifadə və ya cinayət əməllərindən şübhələnəndə dərhal yerli polisə müraciət edirik”.
“Taliban” da bu kamera sistemi ilə öz şəxsi heyətinə də nəzarət edir. Məsələn, əsgərlər müəyyən keçid məntəqələrində nəqliyyat vasitələrini yoxlayarkən görüntülər təhlükəsizlik kamerası şəbəkəsinə ötürülüb.
Digər tərəfdən, hüquq müdafiə təşkilatları iddia edir ki, “Taliban”ın mülki şəxslərə nəzarəti narahatlıq doğurur. Amnesty İnternational kamera sistemləri ilə bağlı aşağıdakı qiymətləndirmələri bölüşür: “Milli təhlükəsizlik adı altında quraşdırılan kamera sistemi “Taliban” üçün əfqan xalqının, xüsusən də ictimai yerlərdə qadınların fundamental hüquqlarını pozan qəddar siyasətini davam etdirmək üçün şablon təqdim edir”.