Qırğız Respublikası Prezident Admnistrasiyasından verilən yazılı açıqlamaya görə, prezident Sadir Japarov Təhsil və Elm Nazirliyini ləğv edərək, iki yeni nazirliyin - Təhsil Nazirliyi və Elm, Ali Təhsil və İnnovasiyalar Nazirliyinin yaradılması haqqında fərman imzalayıb.
Hafta.az-ın yazdığına görə, fərmanda Təhsil Nazirliyinin vəzifələri; məktəbəqədər, ibtidai, orta, ümumi və əsas peşə təhsili sahələri, Elm, Ali Təhsil və İnnovasiyalar Nazirliyinin vəzifələri isə elmi, texniki və innovativ fəaliyyət, ali təhsil və əqli mülkiyyət sahələri kimi müəyyən edilib.
Prezident Japarovun imzaladığı digər sərəncamla bu nazirliklərə təyinatlar olub. Müvafiq olaraq, 2023-cü ildən Təhsil və Elm naziri vəzifəsində çalışan Doğdurkul Kendirbayeva təhsil naziri, Bəxtiyar Orozov isə elm, ali təhsil və innovasiyalar naziri təyin edilib.
Bundan əlavə, əvvəllər prezidentə tabe olan Milli Attestasiya Komissiyası Elm, Ali Təhsil və İnnovasiyalar Nazirliyi yanında Ali Attestasiya Komissiyasına çevrilib.
“Bu dəyişikliklər təhsil, elm və innovasiya sahələrində qarşılıqlı əlaqələrin koordinasiyasını təkmilləşdirmək, gənc alimləri dəstəkləmək və idarəetmənin səmərəliliyini artırmaq məqsədilə həyata keçirilib”, - Prezident Administrasiyasının mətbuat xidmətinin məlumatında deyilir.