Təhsilin müddətini problemə çevirməməliyik - Nadir İsrafilov   

14:23 14.09.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilovun hafta.az-a müsahibəsi

-Nadir müəllim, Azərbaycanda həm orta, həm də ali məktəblərdə tədrisin əyani formada keçirilməsi ilə bağlı qərar qəbul olunub. Sizcə, indiki şəraitdə ənənəvi tədrisə hazırıqmı?

- Tədrisə hazır olsaq da, olmasaq da biz bu prosesə başlamalıyıq. Bu böyük çoxluğun arzusu idi. Çünki hər kəs deyirdi ki, distant təhsil ənənəvi tədrisi əvəz edə bilmir. Distant təhsil ali məktəblər üçün məqbul sayıla bilərdi, amma xüsusilə ibtidai təhsildə bu problemlər yaradırdı. Yəni, bu xəbər çoxdan gözlənilirdi ki, əyani təhsilə keçid bərpa olunsun. O ki qaldı təhsilin başlama müddətinin 1-2 həftə gecikdirilməsinə bu da mərhələli keçidlə bağlı olan məsələdir. Bilirsiniz ki, birdən-birə məktəbləri açmaq da doğru olmazdı. Amma o demək deyil ki, biz məktəbləri açmaqla hər şey qaydasında gedəcək. Təhsil naziri də mətbuat konfransında bu məsələyə aydınlıq gətirərək bildirdi ki, ənənəvi təhsil davamlı olması epidemioloji vəziyyətdən asılı olacaq. Məktəbləri açırıqsa, ortada müəyyən qaydalar olmalıdır, lakin nədənsə, həmin qaydaların təsdiqi gecikir. Yəqin ki, hökümətin təsdiqləyəcəyi qaydalarda bütün məsələlərə aydınlıq gətiriləcək.Ümumiyyətlə, biz yeni çağırışlara istəsək də, istəməsək də hazırlıqlı olmalıyıq. Sabah distant təhsilə də keçə bilərik, virtual məktəb layihəsinə də qayıda bilərik. Biz ənənəvi təhsilin dayanıqlı olmasını istəyiriksə, bunun əsası vaksinasiyadan keçir. Ümumdünya Səhiyyə Təşkilatının bəyanatında birmənalı şəkildə qeyd olunurdu ki, əgər əhalinin 60-65 faizi vaksinasiya olunursa, bu risk faktorunun azalması deməkdir. Bizdə bu göstəricinin 80 faizdən artıq olduğu bildirilir. Bu zaman sual yaranır ki, biz niyə 100 faizlik vaksinasiya əldə etməyə çalışırıq. İndi cəmiyyəti narahat edən bir sıra xəbərlər yayılır. Vaksin olunmayanların əməkhaqqı kəsiləcək, müəllimlər məktəbə buraxılmayacaqlar  və.s. Bu kimi manşetlər insanları narahat edir. Axı, bizdə vaksinasiya könüllüdür, hökümət bu prosesi məcburiləşdirməyib. Razıyam ki, vaksinasiya ilə bağlı maarifləndirmə işi aparaq, amma onu hökm xarakterli çağırışlarla etməyək. Bu təhsilimizə başucalığı gətirən məsələ deyil. Ümid edək ki, situasiya sabitləşəcək, əyani təhsil davam edəcək. Hamımız təhsilin keyfiyyətli olmasında maraqlıyıq və bu sahə dövlət üçün də prioritet məsələdir.

-Bu gün əksər ölkələrdə ənənəvi təhsil bərpa olunub. Azərbaycan həm müəllimlər və şagirdlərin vaksinasiyası, həm də ənənəvi təhsilin dayanıqlı olması məsələsində hansı ölkələrin təcrübəsindən yararlana bilər?

- Biz dünya təcrübəsini öyrənə bilərik, amma onu olduğu kimi Azərbaycanda tətbiq edə bilmərik. Bu elə bir prosesdir ki, hər ölkədə vəziyyət eyni deyil. İstənilən halda hökm xarakterli çağırışlardan çəkinməliyik. Güman edirəm ki, Nazirlər Kabinetinin təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı təsdiqləyəcəyi qaydalarda hökm xarakterli qərarlar olmayacaq. Burada bir məsələ də var ki, bütün sahələr qalıb kənarda, biz təhsilin üzərinə düşmüşük. Biz bir şeyi dərk etməliyik ki, hazırda restoranlar, iri ticarət mərkəzləri, şadlıq sarayları kütləvi şəkildə fəailiyyət göstərir və ortada potensial risk mövcuddur. Amma biz məktəblərin açılmasına tərəddüd edirik. Hər halda məktəbdə qaydalara daha ciddi əməl olunur, nəinki sadaladığım digər məkanlarda. Biz bu kimi məsələləri nəzərə almırıq, düşünürük ki, məktəb açılsa, yoluxma artacaq. Məgər yay müddətində məktəb var idi, amma yoluxma pik həddə idi. Təbii ki,bununla bağlı da ciddi təhlillər aparılmalıdır.

-Pandemiya şəraitində ənənəvi təhsilə qayıdırıqsa, bu müddətdən daha keyfiyyətli yararlanmaq üçün tədris prosesində hansı məsələlərə xüsusi diqqət yetirilməsi lazımdır?

-Təhsil naziri mətbuat konfransında bu məsələyə müəyyən mənada aydınlıq gətirdi. Və bildirdi ki, ənənəvi təhsilə 1-2 həftə gec başlasaq ki, bu günlər tətil günləri hesabına kompensasiya ediləcək. Əslində təhsilin keyfiyyətini onun müddəti ilə ölçmək düzgün deyil. Biz sentyabrın 1-ni 15-i ilə əvəz etdik. Tədris ilinin son gününü də iyunun 14-nə çəkdik. Nə dəyişdi? Bir bunun təhlilini aparan varmı ki, nə qazandıq, nə itirdik? Məsələn, bu dəqiqə elə kurslar var ki, məktəbin şagirdə bir fənn üzrə 11 ildə verdiyini 1-2 aya verir. Ona görə də təhsilin keyfiyyətini müddətlə ölçmək doğru deyil. Təhsilin müddəti keyfiyyətdə heç bir rol oynamır. Bu baxımdan biz təhsilin müddətini problemə çevirməməliyik. Sadəcə, bu müddətdə dərs proqramına peşəkarcasına yanaşan müəllim olmalıdır. Bizim dərsliklər, proqramlar üçüncü, dördüncü dərəcəli materiallarla doludur. Hansı ki, müstəqil həyatta həmin məlumatların heç bir əhəmiyyəti yoxdur. Biz ilk növbədə dərsliklərdə, tədris proqramlarında islahat aparmalıyıq. Bu proqramlar sadələşdirilməli, artıq materiallar dərsliklərdən çıxarılmalıdır. Bir vaxtlar dərslik məsələsi etalon idi. Kimsə kimsəylə elmi mübahisə edəndə deyirdi ki, get aç dərsliyə bax. İndi dərsliyə etibar yoxdur. Düzdür, son illər bu sahədə müəyyən islahatlar aparılır, ehtiyat dərsliklər hazırlanır və s. Amma bizdə hələ də konkret fənn üzrə, konkret məzmunlu proqramlara ehtiyac var.

Oxunma sayı 87