“Tik-tok”da narkotik təbliği – Cəzalar sərtləşdirilməlidir

14:33 04.08.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Son vaxtlar sosial şəbəkələr üzərindən, xüsusən də “Tik-tok” vasitəsilə narkotik qəbulunu təbliğ edənlərin videolarına  rast gəlinir. Hüquq-mühafizə orqanları isə belə şəxslərə qarşı geniş tədbirlər həyata keçirir. Bəs görəsən, gənclər narkotik təbliğatına niyə bu qədər meyillidir? Bəziləri heç özləri istifadəçi deyil. Bir də ki, belə məsələlərin qarşısını nə cür almaq olar?

Hafta.az məsələnin müzakirəsini fərqli aspektlərdən yanaşaraq apardı.

İlk olaraq isə mövzunun psixoloji tərəflərinə aydınlıq gətirən psixoloq Aynur İsmayıl bildirdi ki, gənclərin bu işə maraq göstərməsi, yeniyetməlik dövründə özünü göstərmə, diqqət cəlb etmə, "Mən hər şeyi bacararam" hissləri ilə başlayır.

“Əksər hallarda bu, uşaqlıqdan gələn travmalar ilə də əlaqədar olur. Narkotikdən istifadə etmək ani beyin dumanlanmasıdır. Bu vəziyyətdə insanlar özlərini daha güclü hiss edirlər. Olduqları pis, qaranlıq mühitdən ani uzaqlaşma fikri gəlir ki, bu da narkomaniyanın gənclər arasında yayılması ilə nəticələnir. Onlar əsasən müəyyən depressiv vaxtlarda çıxış yolunu belə maddələrdə görürlər”.

Psixoloq yeniyetmələri və gəncləri bu bəladan uzaq tutmaq üçün ən böyük yükün valideynlərin üzərinə düşdüyünü söylədi:

“Yeniyetmə və gənclərin valideynləri çox vaxt uşaqları ilə danışmaqdan çəkinirlər, belə məsələlərə tənqidi yanaşırlar. Gənclərin həyatını öz gənclikləri ilə müqayisə edirlər. Bu da bir növ övladları valideyndən uzaqlaşdırır. Yaxşı olardı ki, ilk növbədə ailədə övlad ilə valideynlər arasında dostluq münasibətləri formalaşsın. Belə olan halda, gənclər hər bir mövzuda valideynlərinə güvənər. Narkomaniya ilə mübarizə zamanı ən böyük iş valideynlərin üzərinə düşür”.

“Sosioloq Rəfiqə Əzimovanın fikrincə, bu gün açıq şəkildə onlayn olaraq narkotik maddə satılması onu göstərir ki, məsələ artıq təbliğatı belə keçib. Kimlərsə ölkəmizdə gənclər arasında narkomaniya bəlasını yaymağı qarşısına məqsəd qoyublar:

“Bəlkə də hansısa xarici qüvvə bu işin arxasında dayanıb. Şükür ki, indi dövlət səviyyəsində narkomaniyaya qarşı yaxşı tədbirlər həyata keçirilir. Təbliğatçıların həbs edilməsini müsbət hal kimi qiymətləndirmək lazımdır. İstifadəçilərin və təbliğatçıların şəkilləri ictimaiyyətə göstərilir. Bu ictimai qınaq baxımdan müsbət haldır. Hesab edirəm, bundan sonra daha ciddi addımlar atılacaq. Şəhərlər, rayon və kəndlərdə ailələr arasında maarifləndirmə aparılmalıdır. Yerlərdə bu işi həyata keçirəcək mərkəzlər açılmalıdır. Düzgün maarifləndirmə işi ilə narkomaniyanın qismən də olsun qarşısını ala bilərik. Öncə ailə, ardınca isə məktəblərdə uşaqlar nəzarətdə saxlanılmalı və doğru yönləndirilməlidir. İndi narkotik istifadəçisi olan gənclərin əksəriyyəti riskli ailələrin övladlarıdır. Riskli ailələr odur ki, ana və ata övlada fikir vermir, onlara biganə yanaşırlar”.

İndi isə keçid alaq problemin hüquqi tərəflərinə...

Vəkil Turan Abdullazadənin sözlərinə görə, qanunvericilikdə iki cür təbliğat – “dini təbliğat” və “dövlət dilinə qarşı təbliğat” məsuliyyətə cəlb etməyə səbəb olur. 

Narkotikanı təbliğ etməklə bağlı isə qanunvericilikdə konkret olaraq hər hansı bir məsuliyyət nəzərdə tutulmur. Bu o demək deyildir ki,  sosial şəbəkələrdə kütləvi şəkildə narkotikanı təbliğ edən şəxslər barəsində qanuni ölçü götürülmür: “Qanunvericiliyimizdə bəzi normalar var ki, həmin normalar narkotik vasitələrin və psixotrop maddələrin təbliğatını aparanlara, qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri istehlak edən, satış məqsədilə əldə edən, saxlayan, daşıyan və ya göndərən şəxslərə qarşı mübarizədə effektivdir. Bundan başqa, ölkəmizdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi fəaliyyət göstərir.  Bu idarə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində idarəçiliyi, əməliyyat-axtarış fəaliyyətini və təhqiqatı həyata keçirən, bu istiqamətdə kriminogen durumun təhlilinə əsasən müvafiq regional qurumların, ərazi və nəqliyyatda polis orqanlarındakı aidiyyəti strukturların fəaliyyətini təşkil edən və əlaqələndirən struktur qurumdur. Həmin idarə sosial şəbəkələrdə narkotik vasitələri və psixotrop maddələri təbliğ edən hər hansı bir şəxsi və ya şəxsləri  aşkar edərsə, bu barədə dərhal tədbirlər görür. Təcrübə onu göstərir ki, adətən narkotik vasitələri sosial şəbəkələrdə təbliğ edən şəxslərin özü də narkotik vasitə istifadəçisi olur və ya onun satışını bu və ya digər formada həyata keçirir. Bu səbəbdən dolayı narkotik vasitələri təbliğ edən şəxslərin əməllərində cinayət tərkibi müəyyən olunarsa, hüquq mühafizə orqanları tərəfindən onlar mütləq qaydada cinayət məsuliyyətinə cəlb olunurlar”.

Cəzalara gəldikdə isə vəkil bildirir ki, bu adətən 300-2000 manat arası cərimə, bəzi hallarda isə həbslə nəticələnir:

“İnzibati Xətalar Məcəlləsinin 428-ci maddəsinə reklamı qadağan olunmuş məhsulların, texnikanın, xidmətlərin reklamına, habelə reklam yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsinə görə - vəzifəli şəxslər 3 yüz manatdan 5 yüz manatadək məbləğdə, hüquqi şəxslər 1 min manatdan 2 min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Resublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən  qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə, 3 yüz manatdan 4 yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci  maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma —1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  Həmin Məcəllənin 234.2. maddəsinə əsasən satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma—3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Görünən odur ki, hazırda qanunla narkotikanın təbliğ edənləri müəyyən cəzalar gözləyir. Lakin bu yayılmanın qarşısını almağa kifayət etmir. Gərək həm də düzgün maarifləndirmə aparılsın. Maarifləndirmə demişkən elə bu yaxınlarda tanınmış blogger Hüseyn Əzizoğlu özünün sosial şəbəkə hesabından “Ölüm qapıda” adlı qısametrajlı filmini təqdim etdi. Film son zamanlar ölkəmizdə narkotik bəlasına düçar olan gəncləri doğru yola gətirməyə çağırışları özündə cəmləyir.

Blogger Hüseyn Əzizoğlu bu missiyada həm başqa sosial şəbəkə fenomenlərini həm də bütün xalqı görmək istədiyini söylədi:

“Mən təkcə bloggerlərə yox, ümumi xalqımıza çağırış etmək istəyirəm. Çünki biz bir amalda cəmşəndə sonda qalib tərəf olmağı bacarırıq. Bunu 44 günlük vətən müharibəsi bir daha sübut etdi. Yaxşı olardı ki, narkomaniya ilə mübarizədə hamılıqla birləşək. Son vaxtlar "patı", "şüşə" adları ilə qarşılaşırıq, bu çox dəhşətli bəladır”.

H.Əzizoğlu narkomaniyanın təbliğində “Tik-tok” sosial şəbəkəsindəki acınacaqlı vəziyyəti xüsusi vurğuladı. Çıxış yolunu isə düzgün maarifləndirmədə gördüyünü bildirdi:

“Polis demək olar hər gün onlarla "Tik-tokeri" tutur, həbs edir. Elə mən özüm Tik-toka girəndə belə videolar qarşıma çıxır. Mahnılar gedir, "atam narkoman", "çək nəşəni tüstüsü dağlara yayılsın" nə bilim daha nələr-nələr. Belə mahnılara vide çəkib gənclərin və yeniyetmələrin şüur altı mesaj ötürülür. Üstəlik belə sosial şəbəkələrdən daha çox elə həmin yaş qrupları istifadə edirlər. İstərdim ki, bütün sağlam düşüncəli gənclər maarifləndirici videolar çəkib narkomaniya ilə mübarizəyə dəstək olsunlar. İstifadəçilərə göstərmək lazımdır ki, narkotikdən heç kəs xeyir görməyib. Narkotik əgər yaxşı bir şeydirsə ondan xeyir tapan bir nəfər göstərin elə özüm də istifadə edərəm. İnanın ki xeyir tapan olmayıb. Narkotiki satanların da, istifadə edənlərin də axırı yoxdur”.

 

Oxunma sayı 2704