ABŞ Prezidenti Donald Tramp əvvəllər də bildirdiyi kimi, fevralın 4-də İsrailin Baş naziri Netanyahu ilə keçirdiyi mətbuat konfransında Vaşinqtonun Qəzzada “idarəni öz üzərinə götürəcəyini” və burada yaşayan insanların başqa yerlərdə məskunlaşmalı olduğunu təkrarladı.
Ölkəsinin Qəzzanı yenidən inşa edəcəyini bildirən Tramp, “Fələstinlilərin bölgədəki təhlükəsiz və gözəl məhəllələrdə yeni və müasir evlərə yerləşdirilə biləcəyini” ifadə edərək, qəzzalıların hansı bölgə ölkələrinə göndəriləcəyini açıqlamadı. Əlbəttə, ikibaşlı danışdı: əvvəl fələstinlilərin yenidən qurulacaq “gözəl və inkişaf etmiş” Fələstində yaşayacağını deyən Tramp ardıyla da fələstinliləri Misirə və İordaniyaya sürmək planlarını təkrarlayır. Qəzzada yaşayan 2,3 muilyonluq fələstinlinin neçə faizini öz vətənlərində saxlamaq istəyir ABŞ, xalq niyə öz vətənindən, öz torpağından xaricə köçürülməlidir?
Fələstinlilərin Qəzzadan çıxarılması planı, əslində, yeni deyil. Son illər İsrail rəsmiləri tərəfindən dəfələrlə dilə gətirilən bu planın həyata keçirilməsi üçün şəraitin yaradılacağı gözlənilirdi. Amma əlbəttə, Yaxın Şərq ölkələri birmənalı şəkildə Fələstin xalqının sürgün olunmasının əleyhinədir. Əslində, bu mövqeyi ancaq Türkiyə, Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Körfəz ölkələri və digərlər müsəlman cəmiyyətlər deyil, Almaniya, İspaniya və digər dünya ölkələri də ortaya qoymaqdadır.
Bütün bunlara baxmayaraq, ABŞ öz qərarında israrlıdır və bu planı icra edəcək heç bir gücün olmadığını açıq deyirlər. İndi bir çoxları deyir ki, Qəzzanı boşaldaraq Monako kimi yaxşıgəlirli turizm məkanına çevirmək planını ilk dəfə Trampın kürəkəni Jared Kuşner tərəfindən səsləndirilib. Amma bu, Kuşner söhbəti də deyil. Fələstinlilərin Qəzzadan sürgün olunması planı ABŞ-nin Dövlət katibi Antoni Blinkenlə İsrail Prezidenti İsaak Hersoq arasında bu ilin may ayında Təl-Əvivdə keçirilən görüşdə müzakirə edilmişdi. Yəni heç kim düşünməsin ki, bu qərar Trampındır - ABŞ dövlətinin siyasətinin tələbidir və Harris də seçilsəydi, bunu bir az fərqli şəkildə də olsa edəcəkdi. Zatən, İsrail Qəzzanı xəritədən siləndə Tramp yox, Bayden vardı hakimiyyətdə, ancaq bunun qarşısını almağa nəinki cəhd edilmədi, əksinə, İsrail Qəzzaya qarşı müharibəyə başlayan kimi Pentaqon təyyarədaşıyan gəmisini İsrailin köməyinə göndərdi. Qəzzada başlanan dırnaqarası təmizləmə əməliyyatı məhz Vaşinqtonda planlaşdırılmışdı. Niyə bu vaxtadək heç bir ölkə, heç bir siyasətçi - heç kim bunu deməyə cəsarət etmir? HƏMAS-ın lideri İsmayıl Haniyə niyə Tehranın mərkəzində - yatdığı otağında öldürüldü? O boyda İranın paytaxtında bunu necə etdilər, ümumiyyətlə, Haniyənin öldürülməsi Qəzzada nəyi dəyişəcəkdi? Niyə Haniyənin sağ olduğu vaxtda, lap elə günümüzdə kimsə bu suallara cavab tapmaq istəmir? Niyə heç vaxt sual verilmədi ki, HƏMAS silahlıları hansı məqsədlə məhz indi İsrail sərhədlərini dağıdaraq hücuma keçdi və siyasətlə yaxından-uzaqdan əlaqəsi olmayan israilliləri qətlə yetirdi və ya əsir apardı? Məgər Haniyə bilmirdi ki, bundan sonra o özü, ailəsi, bütün nəsli və nəhayət, xalqı canları ilə əvəz ödəyəcək? Haniyə bilmirdimi ki, bu hücum terror sayılacaq, bütün dünya qeyd-şərtsiz onlara qarşı birləşəcək? Haniyə bilmirdi ki, ərəb-İslam dünyası onu qorumayacaq və ümumiyyətlə, qorumaq qüvvəsində də deyil? Az qala, 80 ildir Qəzza da daxil, Fələstin İsrailin əsarətindədir, İslam dünyası onları qoruya bilsəydi, bu işğal elə 80 il öncə başa çatardı...
Bu plan ABŞ ilə İsrailin birgə ssenarisi əsasında tərtib olunub. Haniyə kimi HƏMAS-çılar da bilərəkdən və ya bilməyərəkdən bu planın icraçılarıdır. Planda isə onminlərlə fələstinlinin qətli ilə yanaşı, şəhərlərin dağıdılması, əhalinin sürgün olması nəzərdə tutulub. Heç vaxt bu kimi planların iştirakçıları sağ qalmayıb. “əl-Qaidə”, İŞİD, lap elə HƏMAS – hamısının liderləri aradan götürülüb. Çünki sirri bilənlər yaşamamalıdır, elə Haniyə kimi...
Zamanında HƏMAS-ın İsrail ərazisinə hücumu məhz bu planın icrasının açarı olmalı idi və oldu.
İndi bəzi ölkələr etiraz edir ki, fələstinlilər sürgün oluna bilməz və sair. Niyə Misir, İordaniya, bu məsələdə adıçəkilən başqa ölkənin rəhbərliyi açıq demir ki, cənab Tramp, əgər fələstinliləri Qəzzadan köçürmək istəyirsinizsə elə ABŞ ərazisində yerləşdirin. Niyə deyə bilmirlər, çünki cürətləri çatmır! Həm də necə desinlər, cilovlarını veriblər Vaşinqonun əlinə, indi tərpənə bilmirlər. Məsələn, altı ay əvvəl Qahirəyə gedən keçmiş Dövlət katibi Entoni Blinken Misir Prezidenti Sisi ilə görüşdə qəzzalıları Sinay yarımadasında yerləşdirmə planını növbəti dəfə açıqladı və ağızsulandıran vədlər verdi. Bu vədlər arasında 50 milyard dollarlıq maliyyə yardımı paketi də var idi…
Qahirədən çıxıb Parisə gedən Blinken qəzzalıların Sinaya köçürülməsi planı ilə bağlı Sisi ilə danışdıqlarını Fransa Prezidenti Emmanuel Makrona çatdırıb və ondan Avropa İttifaqının planın maliyyə və texniki detallarını dəstəkləməsini təmin etməsini istəyib. Niyə bunu xatırlatdım, qəribədir, bu gün Trampın fələstinliləri Qəzzadan qovmaq fikrinə qarşı çıxan Makron həmin vaxtlar bu planı gizli şəkildə dəstəkləyib. Eləcə də Almaniya.
Bəs, Qəzza əhalisini qovmaq planının məzmunu nədir?
İsrail Milli Təhlükəsizlik Şurasının sədri Tzaçi Haneqbinin ikisi təqaüdçü olan üç generalın da olduğu komandasının hazırladığı sürgün planı - Camp-City konsepsiyası prezident Bayden administrasiyasından təsdiq almışdı. Planın hər mərhələsində Fransa, İngiltərə və Almaniya, Avropa İttifaqı Komissiyası məlumatlandırılıb.
Plana əsasən, Sinay səhrasında üç ayrı “Düşərgə şəhərləri” yaradılacaq. Sözügedən düşərgələr Sinay yarımadasındakı “Bir Hasanah”, “Bir ath Thamadah”, “Bir Hammah” və “Mamarr al Xutmiah” bölgələrinin əhatə etdiyi ərazidə qurulacaq. Düşərgə şəhərlərində 7 xəstəxana, səhiyyə ocaqları, məktəblər, peşə məktəbləri, kolleclər və idman kompleksləri tikiləcək. Yaşayış üçün şaquli arxitekturaya diqqət yetiriləcək.
Bölgədə səhra əkinçilik texnikaları tətbiq olunacaq və əkinçiliklə məşğul olmaq istəyənlərə dəstək veriləcək.
Düşərgə şəhərlərinin ehtiyaclarını ödəmək üçün “An Naxi” bölgəsində hava limanı yaradılacaq. Səhiyyə və təhsil işçiləri əsasən beynəlxalq yardım təşkilatlarından və BMT-dən təmin ediləcək. Qida, humanitar və əczaçılıq yardımı BMT və beynəlxalq yardım təşkilatları tərəfindən təmin olunacaq.
Düşərgə şəhərlərinin tikintisi üçün maliyyə layihəsi əsasən ABŞ, Avropa İttifaqı, Fransa, Almaniya, Böyük Britaniya, Aİ və bəzi ərəb ölkələri (adlar göstərilmir) tərəfindən paylaşılacaq. Dünya Bankı da fəaliyyətə başlayacaq.
Fələstinlilərin təşkil etdiyi yüngülsilahlı qüvvələr düşərgə-şəhərlərdə təhlükəsizliyi təmin edəcək və ancaq onlar silah gəzdirmək səlahiyyətinə malik olacaqlar.
Düşərgə şəhərlərini tərk etmək və digər bölgələrə səyahət etmək Misir hakimiyyət orqanlarının icazəsinə tabe olacaq.
Amma planda çoxlu cavabsız sualalr var: düşərgə şəhərlərində yaşayan fələstinlilər harada işləyəcək və necə dolanacaqlar? Onlar hansı ölkənin vətəndaşı olacaqlar? Fələstinlilər düşərgə şəhərlərinə zorla gətiriləcəkmi, getmək istəməyənlərin aqibəti necə olacaq? Misir administrasiyası həqiqətən bu planı bəyənirmi? Səudiyyə Ərəbistanı və Qətər kimi ərəb ölkələri plandan nə dərəcədə xəbərdardır? Avropa İttifaqında planla bağlı ümumi fikir varmı? BMT niyə bu planda iştirakda kənardır, baş katib Quterreş Qəzza müharibəsi zamanı İsrail və ABŞ-a sərt reaksiya göstərdiyi və bu çılğın plana qarşı çıxdığı üçün bu iki ölkənin hədəfinə çevrildiyi üçünmü? Beynəlxalq ictimaiyyətin bu plana necə reaksiya verəcəyi hesablanıbmı?
Əslində, çox absurd və pafoslu ssenariyə bənzəyən bu planın həyata keçiriləcəyinə inanmaq olmur. Hətta planın içində olan bir çoxları belə buna inanmır. Bunu Co Bayden hökuməti icra etməliydi, amma edə bilmədi və bütün işlər Tramp admnistrasiyasına qaldı. Bəs Tramp nə etdi, bir tacir ağlı ilə yenidən işləyərək bazara çıxardı. Trampın Baydenin fərqi ondan ibarətdir ki, o, “Mən Qəzzanı İsraildən alacağam”, “Qəzzanı satın almaq və ona sahib olmaqda qərarlıyam”, “Qəzzalıların geri qayıtmasına icazə vermək böyük səhv olardı” sözlərini gizlətmədən, uca səslə deyə bilir.
Bəli, bu, Qərbin İslam dünyasına qarşı Səlib yürüşüdür. Min il əvvəl belə yürüşləri Səlahəddin Əyyubinin ordusu dayandırdı, günümüzdə isə nə Səlahəddin var, nə də ordusu. İnsaf qalır sadəcə Trampa...
Vüsal Tağıbəyli