Trampın ticarət müharibəsi Çin-Braziliya münasibətlərini gücləndirir

09:47 26.05.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın başlatdığı ticarət müharibəsi Çin-Braziliya münasibətlərini daha da gücləndirdi.

Hafta.az-ın yazdığına görə, “The Guardian” ın təhlilində qeyd olunur ki, ABŞ prezidenti Donald Trampın tariflərlə başlatdığı ticarət müharibəsi Latın Amerikasında təsirini artırmaq istəyən Çin üçün fürsət yaradır.

Braziliya prezidenti Luiz İnasio Lula da Silva mayın 2-də paytaxt Braziliyada keçirilən 15-ci BRİCS Milli Təhlükəsizlik Müşavirləri və Milli Təhlükəsizlik Nümayəndələrinin 15-ci toplantısında Çinin xarici işlər naziri Vanq Yi ilə görüşüb. O, Braziliya ilə Çin arasında qarşılıqlı etimadın qurulduğunu və əməkdaşlığın dərinləşdiyini bildirib.

Bundan sonra Lula Çin-Latın Amerikası və Karib Hövzəsi Ölkələri Birliyinin (CELAC) Forumunun 4-cü Nazirlər Konfransı üçün Pekinə gedib. O, Çinin qlobal nizamdakı əhəmiyyətinə işarə edərək və Trampın vergilərini tənqid edərək deyib: “Məqsədimiz Qlobal Cənubun layiqincə təmsil olunduğu çoxqütblü dünyanın oxu olmaqdır”.

Çin prezidenti Si Cinpin də ölkəsinin Latın Amerikası və Karib hövzəsinin “ortaq gələcəyi paylaşdığını” vurğulayıb.

Təhlildə qeyd olunur ki, Çinlə Braziliya arasında aparılan danışıqlarda ümumi dəyəri 4,5 milyard dollar olan 20 müqavilə imzalanıb. Bu sazişlər əsasən kənd təsərrüfatı, mədənçıxarma və enerji kimi sektorlarda əməkdaşlığı nəzərdə tutur.

ABŞ-da yerləşən “Atlantic Council” analitik mərkəzinin əməkdaşı Viktoriya Çonn-Çinq Çinlə Braziliya arasında yaxınlaşmanın son bir neçə ildə sürətləndiyinə diqqət çəkir.

Vaşinqtonla Pekin arasında yeni ticarət müharibəsi Trampın aprelin 2-də açıqladığı tariflərlə başlayıb. ABŞ-la Çin arasında cavab tarifləri nəticəsində Vaşinqton Pekinə tətbiq etdiyi vergi dərəcəsini 145 faizə qaldırıb. Çin də bu yaxınlarda tarif dərəcəsini 125 faizə yüksəldib.

Daha sonra tərəflər arasında aparılan danışıqlarda ABŞ Çin mallarına gömrük rüsumlarını 30 faizə, Çin isə 10 faizə endirməyi öhdəsinə götürüb. Mayın 12-də qəbul edilən qərarın 90 gün ərzində icra olunacağı bildirilib.

2023-cü ildə Çinlə Braziliya arasında 157,5 milyard dollarlıq ticarət həyata keçirilib. Ötən il Çin soya paxlasının 70 faizindən çoxunu Braziliyadan idxal edib. ABŞ fermerlərindən idxalda azalma olub.

Son müqavilələrdə Çinin ən böyük qəhvə şəbəkəsi Luckin Coffee də beş il ərzində Braziliyadan təxminən 1,4 milyard dollar dəyərində 240 min ton qəhvə lobya almağı öhdəsinə götürüb.

Təhlildə həmçinin bildirilir ki, Pekin administrasiyası Latın Amerikası və Karib hövzəsində təkcə kommersiya deyil, həm də ideoloji təsirini artırmaq məqsədi daşıyır. Lula administrasiyasının Xi-nin “çoxqütblü dünya nizamı” anlayışına yaxın olduğu vurğulanır.

Digər tərəfdən, Braziliya bir çox Latın Amerikası ölkələrindən fərqli olaraq Çinin “Bir kəmər, bir yol” layihəsində iştirak etmir. Lula deyir ki, o, ölkəsinin “hegemon münaqişələr teatrına çevrilməsini” istəmir.