Turistləri çəkən məkan - muzeylər şəhəri Ankara  

20:32 17.02.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəvəti, nazirlik yanında Turizm Tanıtım İnkişaf Agentliyinin təşkilatçılığı ilə bu ölkəyə səfərimiz çərçivəsində paytaxt Ankaradayıq. Son günlər hava qarlı-şaxtalı keçən şəhərdə, adi iş günləri olsa da, koronavirus təhlükəsinə qarşı bütün tədbirlər alınmaqdadır. Vacib işi olmayan kimsəni küçələrdə dolaşdığını görmək mümkün deyil. O üzdən də indi paytaxt küçələri əvvəlki ilə müqayisədə bir az daha sakitdir.

Zirvələrin zirvəsi

Otelə yerləşəndən sonra şəhərdə gəzintimizi təbii olaraq Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün əzəmətli mövzoleyini - "Anıtkabir"i ziyarət etməklə başladıq. Böyük bir bağın içiylə - bəyaz qardan örpək geyinmiş, çiyin-çiyinə söykənən Virciniya ardıcları və şam ağaclarının arasıyla uzanan yol bizi 24 aslanın keşik çəkdiyi, movzoley yolunun kandarındakı pilləkənlərə apardı. Bura yaxınlaşanda, istər-istəməz qürurum birə-beş artdı. Çünki burada dünyaya hökm etmiş böyük bir türk dövlətini didib-parçalamaq istəyən düşmən ölkələri blokuna qarşı mübarizəyə qalxmış və şanlı qələbəsini qazanmış qəhrəman sərkərdənin ruhu uyuyurdu.

Pilləkənlərin ətəyində bizi bir neçə yüksək rütbəli zabit, o cümlədən “Anıtkabir” movzoley kompleksinin komandiri, polkovnik Hakan Osman Sərt qarşıladı. Olduqca səmimi və mehriban görünən polkovnik Sərt, bizə xoşgəlmisən deyib, hal-əhval tutdu. Bundan sonra kompleks haqda bizə müfəssəl məlumat verən bələdçinin və digər rəsmilərin müşayiəti ilə Anıtkabirə doğru addımladıq.

Hər iki tərəfində Virciniya ardıcları sıralanan “Aslanlı yol” başdan-başa düşündürücü və mənalı elementlərlə zənginləşdirilib. Burada yolun başlanğıcında sağda 3 kişi, solda isə 3 qadının nəhəng qranit büstü ucaldılıb. Maraqlıdır ki, büstdəkilərin hər biri duruşları ilə bir mənanın simvolu rolunu oynayır. Bundan sonra, yuxarıda qeyd etdiyimiz kimi, 12-si sağda, 12-si solda olmaqla və dünyadakı türk boylarının sayını göstərən 24 aslan heykəli yol boyu gələnləri izləyir. Yolun döşəməsinə gəlincə, hamısı eyni ölçüdə olan üzlük daşlar, aralarında 5 santimetr məsafədə boşluq buraxılmaqla yerə düzülüb. Bunun da öz məqsədi var. Düşünülüb ki, vəzifəsindən asılı olmayaraq bura gələnlərin yıxılmamaq üçün gözləri ayaqlarında qalmalıdır. Bu da öz növbəsində o deməkdir ki, gələn hər kəs böyük Atatürkün qarşısında baş əyəcək...

“Aslanlı yol” Anıtkabir meydanında başa çatır. Meydanın sol hissəsində möhtəşəm Anıtkabir movzoleyinin binası yerləşir. Ortalama 30 min insan tutumu olan meydanı qalan üç tərəfdə isə müxtəlif funksiyaları yerinə yetirən binalar əhatə edir.

Anıtkabir – millətin and yeri

Polkovnik H.O.Sərtlə qısaca söhbətimiz oldu. Bizi ölkəsində görməkdən qürur duyduğunu dilə gətirdi, hər zaman xalqlarımızın və dövlətlərimizin bir-birinə arxa duracağına əminliyini bildirdi. Azərbaycanı yaxından tanıdığını, hətta orada yarım il xidmətdə olduğunu qeyd edən polkovnik, Azərbaycanın işğalçı Ermənistan üzərində qazandığı parlaq qələbə münasibətilə bizi təbrik edib, xoş arzularını bildirdi. Dedi ki, vaxtilə Türkiyənin torpaqları da beləcə işğal olunanda, bu gün məzarını ziyarətə gəldiyimiz böyük Atatürk, qəhrəman türk oğullarının önünə düşüb düşmən bloku ilə savaşıb və türk torpaqlarını müdafiə edib. 

“Sizlərin böyük zəfərdən sonra burada olmağınız bizi ürəkdən sevindirir. Sizin qələbəniz elə bizim də qələbəmizdir. Mən özüm də Azərbaycanda xidmətdə olmuşam. Azərbaycan bizim üçün əziz məkandır”, - polkovnik Sərt dedi.

Ulu Atatürkün dəfn edildiyi Anıtkabir haqda qısaca məlumat verən polkovnik bildirdi ki, əslində Mustafa Kamal 1938-ci ildə vəfat edəndə nəşi ilk olaraq Ankara Etnoqrafiya Muzeyində qalıb. Çünki Anıtkabir birdən-birə hazır olmayıb. Movzoley kompleksinin məhz burada – Rasattəpədə tikilməsi haqda qərar verilib və ardıyla da bu işi icra edəcək şirkətlərin seçilməsi üçün 1941-ci il mart ayının 1-də beynəlxalq miqyasda açıq tender elan olunub və yarışın qalibləri Emin Onat və Orxan Ardanın layihələri seçilib. Tikintiyə 1944-cü ildə başlanılıb və 1953-cü ildə tamamlanıb. Bundan dərhal sonra isə Mustafa Kamal Atatürkün nəşi Etnoqrafiya Muzeyindən gətirilərək burada dəfn edilib.

Daha sonra birlikdə Atatürkün məzarını ziyarət etdik. Ziyarətdən sonra isə movzoleyin alt qatında yerləşən muzeyin zəngin eksponatları ilə də tanış olmaq fürsəti qazandıq. Düzdür, pandemiya şəraiti ilə əlaqədar olaraq hazırda muzeyin qapısı insanların üzünə bağlıdır. Qanunun ali olduğu ölkədə isə, kimsə dövlətin aldığı qərarları dəyişə bilməz. Bu səbəbdən də Anıtkabir kompleksindən bizi müşayiət edən bələdçi muzey və orada sərgilən eksponatlar barədə məlumatlar verdi. Bildirdi ki, burada Qurtuluş savaşı zamanı baş verən hadisələri canlandıran səhnələr işlənib. Qanlı döyüş səhnələrini, ANTANTA blokuna məxsus gəmilərin Çanaqqala sularında necə məhv edildiyini göstərən muzey bölmələri hər bir insanda birbaşa təsəvvür yaradır. Burada eyni zamanda, qərəman türk əsgərinin düşmən blokunda türklərə qarşı savaşan işğalçı yaralı əsgərlərə necə tibbi yardım göstərdiyi, ağır yaralı anzak döyüşçünü belinə alıb güllənin altından çıxardığını əks etdirən səhnələr diqqəti çəkir.

Muzeydə ayrıca bir bölmədə isə Atatürkün silahları, şəxsi əşyaları, geyim-kecimləri və sair sərgilənməkdədir. 

Son sözü Azərbaycan...

Ankarada olduğumuz vaxt Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilmiş məzarını ziyarət etdik.

“Bir kərə yüksələn bayraq bir daha enməz” deyən Məhəmməd Əmin Rəsulzadə əvvəl Moskvaya, oradan da Avropaya – Polşaya mühacirət etsə də, sağlığında hər an ürəyi vətəni Azərbaycanla döyünüb. Ona görə də, Azərbaycana gəlmək imkanı olmasa belə, Avropadan qardaş Türkiyəyə daşınıb və həyatının sonunadək Ankarada yaşayıb. Burada Azərbaycan Mədəniyyət Mərkəzi yaradaraq mühacir azərbaycanlıları başına toplayıb, son nəfəsinədək doğma Azərbaycanın azadlığı uğrunda mübarizəsini davam etdirib.

M.Ə.Rəsulzadə ölümündən əvvəl Ankara Universiteti Tibb fakültəsinin klinikasında şəkər xəstəliyindən müalicə olunurmuş. Amma xəstəlik ona aman verməyib – 1955-ci il mart ayının 6-sı axşamı dünyasını dəyişib. Şahidlərin sözlərinə görə, Rəsulzadə son nəfəsində üç dəfə Azərbaycan deyərək gözlərini əbədi olaraq yumub.

Biz də öz növbəmizdə axşamdan yağan güclü qarın altında qalan məzarın üstünü təmizlədik, ruhuna dualar oxuyub, məzarlıqdan ayrıldıq.

Paleolitdən günümüzə

Növbəti səfərimiz Ankaranın ən yüksək bölgəsinə - qədim Ankara qalasınadır. Düzdür, axşamdan yağan qalın qar, onsuz da yüksək meylli bölgədə tikilmiş qalada hərəkətimizə təhlükə törədəcəyindən ora deyil, qalanın ətəyində fəaliyyət göstərən Anadolu Mədəniyyətləri Muzeyinə yollandıq.

Ankaranın Ulus rayonunun Atbazarı səmtində, Ankara qalasının cənub-şərq divarlarının altında yerləşən muzey iki tarixi tikilidən – Mahmud Paşa Bedesteni və Kurşunlu Handan ibarətdir. Belə güman olunur ki, binalardan birini Fateh dönəminin Baş vəziri olmuş Mahmud Paşa Bedesteni 1464-1467-ci illərdə, digərini isə yenə həmin dövrün Baş vəzirlərindən Məhmət Paşa tikdirib. 1881-ci ildə baş verən güclü yanğından sonra tərk edilmiş hər iki bina, Anadolu ərazilərində tapılan tarixi eksponatları sərgiləmək üçün münasib qiymətə alınır. Uzun illər təmir-bərpa işləri gedən bina 1940-cı ildə başa çatır, 1943-cü ildə isə bina muzey kimi qapılarını insanların üzünə açır.

Bu gün muzeyin nəhəng və zəngin tarixi tapıntılarla dopdolu salonlarını gəzdikcə adam özünü antik dünyada hiss edir. Burada Paleolit dövründən tutmuş günümüzədək insan əməyinin bəhrəsi olan əsərlər və digər qalıqlar sərgilənməkdədir. Əlbəttə ki, hamısı da həqiqi tapıntılar, yəni orjinal. Ən qədim insanların işlətdikləri daş alətlər, sümükdən və çaxmaqdaşından yonulmuş ox ucluqları, müxtəlif füqurlar, kəndləşmədən şəhərləşməyə keçid dövrünə məxsus primitiv tapıntılar Anadolunun nə qədər zəngin sosial-iqtisadi infrastruktura malik olduğunu göstərir.

Onsuz da zəngin eksponatları özündə cəmləyən muzeyə, vaxtilə xarici ölkələrə aparılmış bir sıra tarixi-mədəniyyət tapıntıları geri qaytarılmaqdadır.

 

Bakı-İstanbul-Ankara

Oxunma sayı 2422