Ukraynanın baş naziri Denis Şmıqalın 2025-ci il yanvarın 1-dən Rusiya qazının Ukrayna üzərindən Avropaya keçidini tamamilə dayandıracaqlarını açıqlamasından sonra Avropa İttifaqının qaz təchizatı ilə bağlı müzakirələr artıb.
Hafta.az-ın yazdığına görə, enerji ekspertlərinin fikrincə, “Türk axını” təbii qaz kəməri Rusiyanın Ukrayna üzərindən Avropaya nəql etdiyi təbii qazı tam ödəyə bilməyəcək.
“Rossiya” telekanalına müsahibəsində Milli Enerji Təhlükəsizliyi Fondunun direktoru Konstantin Simonov vurğulayıb ki, xətt öz gücünə yaxın işləyir. O, “Nəzəri cəhətdən bu cür problemlərə həll tapa bilərik, lakin “Türk axını” artıq demək olar ki, tam gücü ilə işləyir. Dəniz borusunun gücü məhduddur və indiki yükü artırmaq mümkün deyil” deyib.
Simonov bildirib ki, Rusiyadan Ukrayna üzərindən qaz nəqlinin dayandırılması Avropa istehlakçılarına mənfi təsir göstərəcək və təbii qazın qiymətlərinin artmasına səbəb ola bilər.
Ukraynanın baş naziri Denis Şmıqal Rusiya qazının Ukrayna ərazisindən tranzitinin yanvarın 1-i səhər saat 7-də başa çatacağını açıqlayıb. Şmıqal bu qərarın hazırkı tranzit müqaviləsinin müddəti bitdiyi üçün verildiyini açıqlayıb.
Bu hadisələr Avropa enerji bazarına böyük təzyiq göstərsə də, “Türk axını”nın məhdud imkanları alternativ həll yolları axtarışını məhdudlaşdırır.