Türkiyə Ermənistanın iqtisadi resurslarını da rusların əlindən almalıdır – Mehman Səlimov

21:35 23.09.2023 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Hesab edirəm ki, Qarabağın dağlıq hissəsindəki Azərbaycan məntəqələrinin dövlətimizin yurisdikisyasına keçməsi və o torpaqlarımızda qalacaq ermənilərin cəmiyyətimizə reinteqrasiyası proseslərinə dəstək durmaqla yanaşı, qardaş Türkiyənin qarşısında duran növbəti vəzifələrdən biri də qısa müddətdə, amma sezilməz addımlarla Ermənistanın iqtisadiyyatına sərmayə qoyaraq bu ölkəni Rusiyanın, İranın və digər güclərin təsiri altından çıxarmağa nail olmaqdır. Yəni Ermənistanın iqtisadiyyatını almaq lazımdır”

Bu fikirləri hafta.az-a açıqlamasında müdafiə nazirinin sabiq müavini, müdafiə nazirinin sabiq müavini, sovet dövründə xeyli müddət Ermənistandakı qoşunların tərkibində yüksək hərbi vəzifələrdə çalışdığından həm həmin respublikanın yaşayış tərzinə, həm də hayların  etnopsixoloji xarakterinə yaxşı bələd olan polkovnik Mehman Səlimov Qarabağdakı son antiterror əməliyyatından sonra regionda yaranmış situasiyanı təhlil edərkən dilə gətirib.

“Bu gün İrəvanın, mövcud Paşinyan hökumətinin Moskva ilə siyasi sahədə xeyli ziddiyyətləri olsa da, Ermənistan Rusiyadan iqtisadi-sosial baxımdan hələ də çox asılıdır. Amma bəlkə də bu gün Ukrayna savaşı fonunda bu Cənubi Qafqaz ölkəsinə para yatırmaq Rusiyanın marağında deyil. Odur ki, bu məqamdan, bu fürsətdən yararlanmaq gərəkdir. Sadəcə, bir az daha çox pul verib Ermənistanın iqtisadi resurslarını rusların əlindən almaq lazımdır”, -deyə polkovnik əlavə edib.

“Mən Ermənistanı, demək olar ki, qarış-qarış gəzmişəm; əksəriyyət ərazisi bomboz, bomboş dağlar, yaylalardır, yalnız şimal, Qarakilsə, Dilican tərəfdə meşələr, çəmənlər çoxdur. Yəni bir neçə əlvan metal yatağı istisna, bu ölkənin, torpağı o qədər də zəngin və məhsuldar deyil. Rusiya, Qərb əlini çəksə, ermənilər bu gün acından öləcəklər.  Düzdü, tarixi, keçmişi, istər Azərbaycana, istərsə də Türkiyəyə qarşı ermənilərin başqa güclərin əlində alət olmaqla etdiklərini yaddan çıxarmaq olmaz. Ancaq onu da unutmaq olmaz ki, dünyanı iqtisadiyyat, pul idarə edir. Bir neçə ildir, Türkiyə demək olar ki, bu prosesə start verib, Ermənistanla sərhəddə hər iki tərəf gömrük məntəqələrinin qurulmasına başlayıb. Artıq tezliklə üçüncü ölkə vətəndaşları qarşılıqlı olaraq Türkiyə və Ermənistan ərazilərindən keçməklə gedib-gələ biləcəklər. Paşinyanın da Ərdoğanın andiçmə mərasiminə qatılması bu prosesləri sürətləndirdi. Və hesab edirəm ki,  yeri gələndə Azərbaycanın da dəstəyi ilə Türkiyənin Ermənistan iqtisadiyyatına inteqrasiya prosesinin sürətlənməsi Rusiyanın da Qarabağ və Ermənistandan, həmçinin bütöv Güney Qafqazdan uzaqlaşmasını tezləşdirə bilər”,- deyə sabiq nazir müavini vurğulayıb.

Oxunma sayı 140
Siyasət rubrikasından digər xəbərlər