“Türkiyə və Azərbaycan bir-birinin təhlükəsizliyinə tam təminat verir” – Cavid Vəliyev

20:00 15.06.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bundan sonra 15 iyun tarixi xalqımızın yaddaşında ikiqat bayram təqvimi kimi qalacaq. Çünki qardaş Türkiyə və Azərbaycan prezidentləri Şuşada bir araya gəldilər, xalqlarımızın və ölkələrimizin gələcəyini daha sıx tellərlə ir-birinə bağlayacaq sazişlər imzalandı. Bundan sonra ölkələrimizdən hansına xaricdən təhlükə yaranarsa, o zaman birlikdə müdafiə olunacaqlar – ordularımız birlikdə hərəkət edəcək. Bundan gözəl nə ola bilər? Üstəlik, Türkiyə Şuşada konsulluq da açdı və sair. Ümumiyyətlə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya səfəri, prezident İlham Əliyev tərəfindən məhz orada rəsmi qarşılanması nədən xəbər verir? Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Cavid Vəliyevlə müsahibəmizdə elə bu suallara cavab tapmaq istədik:

- Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşaya rəsmi səfəri və onun məhz bu şəhərdə Azərbaycan prezidenti tərəfindən rəsmi qəbul edilməsi Şuşaya verilən böyük önəmin nəticəsidir. Bu, Şuşanın bütün bölgənin inkişafında vacib mərkəz olacağını göstərir. Mərkəz olması isə o deməkdir ki, şəhərin infrastrukturu, bütün sahələrdə inkişafı bu müstəvidə qurulacaq. Bir də, Şuşada baş tutan bu ziyarət regiona və bütün dünya dövlətlərinə ciddi mesaj da sayıla bilər. Yəni Türkiyə dövləti və onun prezidenti 44 günlük Vətən müharibəsi dövründə Azərbaycana açıq-aşkar dəstək verdi və bundan sonra da dəstək davam edəcək.

- Birgə Şuşa bəyannaməsi imzalandı. Sözün əsl mənasında müttəfiqlik bəyannaməsi olan sənəddə, xüsusilə, hərbi müttəfiqlik rəsmiləşdirilib. Bu bəndə əsasən ölkələrdən birinə təhlükə olarsa digəri onun uğrunda açıq döyüşə girməyi nəzərdə tuturmu?

- Bəli. Müttəfiqlik haqda Şuşa bəyannaməsində, tərəflərdən biri silahlı hücuma məruz qalarsa, BMT Xartiyasına uyğun şəkildə tərəflər təcili məsləhətləşmələr aparacaq və ordular yaranmış təhlükəni aradan qaldırmaq üçün kordinasiyalı hərəkət edəcək. Bu müstəvidə, Türkiyə və Azərbaycan bir-birinin ərazi bütövlüyünə, təhlükəsizliyinə tam təminat verir. Bu təminat eyni zamanda, Azərbaycanın bir hissəsi olan Qarabağa da aiddir.

- Zəngəzur dəhlizi məsələsi də sənəddə əksini tapır. Ermənilər dəhliz məsələsində nala-mıxa vururlar, amma Şuşa bəyannaməsi onu sənədləşdirir. Necə görürsünüz dəhliz məsələsinin sonunu?

- Bəyannamədə Cənubi Zəngəzur haqda maddə var. İndiki şəraitdə ermənilər bununla bağlı fərqli fikirlər səsləndirə bilərlər. Çünki ölkə seçkilər ərəfəsindədir. Əslində bu bənd 10 noyabr sazişində də nəzərdə tutulub. Üçtərəfli komissiya 11 yanvar müqaviləsinə görə fəaliyyət göstərir. Son vaxtlar mətbuatda gedən məlumatlardan da göründüyü kimi, Ermənistan Mehri rayonu ərazisində bəlli bölgələri Rusiyanın ixtiyarına verib. Çünki oraların təhlükəsizliyini məhz rus hərbçiər qoruyur. Bu gün imzalanmış bəyannamədə Cənubi Zəngəzurdan bəhs edilməsi heç də təsadüfi deyil. Ermənistanda səslənən fikirlər sadəcə daxili auditoriyaya hesablanıb və düşünürəm ki, bu proses seçkilərdən sonra da davam edəcək

- Prezident Ərdoğanın Şuşaya səfəri, orada imzalanan tarixi sənədlər sizcə Ermənistanda, eləcə də Qafqazın uzun illər tək nəzarətçisi olmuş Rusiyada necə reaksiya oyada bilər?

- Əlbəttə ki, ermənilər bundan çox narahatdırlar. Amma bütün bunlara görə məhz Ermənistanın özü günahkardır. O ki qaldı Rusiyada Şuşada bağlanan müqaviləyə göstərilən münasibətə, birmənalı heç nə deyə bilmərəm, orda fərqli mövqeli qruplar mövcuddur. Hər halda artıq Rusiyada hər kəs yaxşı anlayır ki, Azərbaycanla Türkiyə qardaş dövlətlərdir, bunun başqa alternativi yoxdur. Təbii ki, bu da prezident İlham Əliyev və Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan sənədlə rəsmiləşdi. Onlar əvvəllər nə qədər etiraz etmiş olsalar da, artıq başa düşüblər ki, Azərbaycanla Türkiyə strateji müttəfiqdirlər və onların birliyinə heç nə mane ola bilməz.

Oxunma sayı 3463