Türkmənistan əcnəbilər üçün elektron viza tətbiq edir

11:06 18.04.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkmənistanda “Miqrasiya haqqında” qanuna əlavə və dəyişikliklər qəbul edilib.

Hafta.az-ın yazdığına görə, müvafiq fərmanı prezident Serdar Berdiməhəmmədov imzalayıb və dünəndən qüvvəyə minib.

Yeni dəyişikliklərə əsasən, elektron viza (e-Visa) Türkmənistan Dövlət Miqrasiya Xidmətinin informasiya sistemində elektron qaydada verilən sənəd kimi müəyyən edilir. Bu sənəd əcnəbilərə ölkəyə daxil olmaq, onun ərazisində qalmaq, çıxmaq və Türkmənistandan tranzit keçmək imkanı verəcək.

Əhəmiyyətli yenilik elektron vizanın alınması zamanı ölkəyə gəlmək üçün dəvətnamələrin verilməsi zərurətinin aradan qaldırılması olub. Bunun əvəzinə sistem avtomatik olaraq Türkmənistanın diplomatik nümayəndəliklərinə, konsulluq idarələrinə və miqrasiya xidmətlərinə bildirişlər göndərəcək.

Elektron vizaların kateqoriyaları və növləri, onların qeydiyyatı, verilməsi və qüvvədə olma müddətinin uzadılması qaydası birbaşa Türkmənistan Prezidenti tərəfindən müəyyən ediləcək. Elektron müraciətlərin formaları, tələb olunan sənədlərin siyahısı və elektron vizaların nümunələri ölkənin Dövlət Miqrasiya Xidməti tərəfindən təsdiqlənir.

Bu yenilik viza prosedurlarını sadələşdirmək, Türkmənistanı xarici turistlər və iş adamları üçün daha əlçatan etmək üçün nəzərdə tutulub.