Türkmənistanda ilk dəfə daşdan kağız istehsalına başlanılıb.
Hafta.az-ın yazdığına görə, yeni açılan “Derya Yolu” şirkəti ildə 5500 ton ekoloji təmiz daşdan kağız istehsal edir. Kağız zəhərli maddələr olmadan kalsit və polimerlərdən hazırlanır. Ənənəvi ağac əsaslı kağızdan fərqli olaraq, bu məhsulu istehsal etmək üçün ağacların kəsilməsini və ya suyu tələb etmir, tullantılar ətraf mühitə zərər vermir.
Material suya, yırtılmaya, həşəratlara davamlıdır və qida ilə birbaşa təmasda ola bilər. Daş kağızdan dəftərlər, albomlar, zərflər, təbrik kartları, çap məhsulları, birdəfəlik qablar, qablaşdırma çantaları hazırlanır. Məhsulun ekoloji təhlükəsizliyi də nəzərə alınıb: tərkibindəki qeyri-üzvi toz sayəsində günəşin və yağışın təsiri altında 10-12 ay ərzində parçalanır.
Şirkətin fəaliyyəti Türkmənistan hökuməti tərəfindən qəbul edilmiş idxalı əvəzləmə proqramı çərçivəsində həyata keçirilir.