Türkmənistanda Müstəqillik Günü şərəfinə hərbi parad keçiriləcək

10:20 03.07.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov müdafiə nazirinə ölkənin müstəqilliyinin 34-cü ildönümü şərəfinə hərbi parad keçirməyi tapşırıb.

Hafta.az-ın yazdığına görə, dövlət başçısı Dövlət Təhlükəsizlik Şurasının növbəti iclasını keçirib, burada hərbi və hüquq-mühafizə orqanlarının 2025-ci ilin birinci yarısı üzrə işinin yekunlarına baxılıb. Ölkənin təhlükəsizliyinin təmin edilməsi, hüquq-mühafizə orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi və fəaliyyətinin təkmilləşdirilməsi məsələləri müzakirə olunub.

Dövlət Təhlükəsizlik Şurasının katibi, müdafiə naziri Begenç Gündoğdıyev Türkmənistan Silahlı Qüvvələrinin İnkişafı Proqramının icrası və müdafiə qabiliyyətinin gücləndirilməsi üzrə tədbirlər haqqında məlumat verib. O, həmçinin yaz çağırış kampaniyasının yekunları və hərbi qulluqçuların xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib.

Prezident Sərdar Berdiməhəmmədov hesabatı dinlədikdən sonra Türkmənistanın Müdafiə Hərbi Doktrinasına uyğun olaraq Silahlı Qüvvələrin modernləşdirilməsinin vacibliyini qeyd edib. Müstəqilliyin 34-cü ildönümünün qeyd olunmasına hazırlıq işlərinə xüsusi diqqət yetirilib.

Dövlət başçısı təntənəli hərbi paradın yüksək səviyyədə keçirilməsi ilə bağlı tədbirlərin görülməsini Dövlət Təhlükəsizlik Şurasının katibinə və müdafiə nazirinə həvalə edib.